azia.az
azia.az

“Bəzi güclər Azərbaycan-Ermənistan münaqişəsinin yenidən başlamasını istəyirlər” - deputat

18-10-2021, 09:15

“Bəzi güclər Azərbaycan-Ermənistan münaqişəsinin yenidən başlamasını istəyirlər” - deputat
“Prezident İlham Əliyev MDB Dövlət Başçılarının Şurasında dünyaya elan etdi ki, Ermənisan-Azərbaycan münaqişəsi tarixdə qalıb, Vətən müharibəsində qalib gəlmiş Azərbaycan məsələnin həllinə hərbi-siyasi yolla nail olub, öz ərazi bütövlüyünü bərpa edib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edib. Hesab edirəm ki, bu, açıq və net mesajdır”.

Bunu Reyting.az-a Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin MDB dövlət başçılarının sammitində etdiyi çıxışdan danışarkən bildirib.

Onun sözlərinə görə, öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa edən Azərbaycan hazırda böyük qayıdış layihəsi üzərində işləyir: “100 minlərlə məcburi köçkün vətəndaşlarımız doğma Qarabağa qayıdacaq. Əlbəttə, bunun üçün böyük işlər görülməlidir. Ərazilər minalardan təmizlənməli, infrastruktur, şəhər və kəndlər bərpa olunmalıdır. Dünya bilməlidir ki, münaqişə həm də ona görə bitib ki, Ermənistan Silahlı Qüvvələri məhv edilib. Ermənistanın yeganə çıxış yolu əsassız ərazi iddialarına son qoymaq, Azərbaycanla sülh sazişi üzərində sürətlə işləməkdir. Əlbəttə, Ermənistan təkcə Azərbaycana qarşı deyil, bütün qonşu ölkələrə əsassız ərazi iddialarına son qoymalı, ərazi bütövlüyünü tanımalıdır. Bunu Ermənistandan beynəlxalq hüquq normaları tələb edir”.

A. Mollazadə istisna etmir ki, bəzi güclər Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən başlamasını istəyir: “Çünki onlar zamanında bu münaqişədən çox bəhrələniblər. Bəziləri narkotrafik təşkil ediblər, Azərbaycanın işğal edilən ərazilərini daşlarına qədər çıxarıblar. Amma heç kimin gücü yoxdur ki, Azərbaycan və onun müttəfiqləri qarşısında yenidən müharibəni canlandırsın. Azərbaycanda ən müasir ordu, modern silahlar var. Odur ki, sülh yeganə yoldur. Biz bunu təklif edirik: sürətlə sülh sazişi üzərində işləyərək regionda sülh, sabitlik, əmin-amanlıq yaratmaq. Azərbaycanın mövqeyi budur, biz sülhə hazırıq, hamını da sülhə dəvət edirik. Heç kəsə də imkan verməyəcəyik ki, burada hansısa oyunlar apararaq yenidən qarşıdurmalar yaratsınlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi