Venesiya Komissiyası media qanununa qarşı - hesabata Bakıdan reaksiyalar
“Azərbaycanın yeni media qanunu həddən artıq məhdudlaşdırılmış müstəqil jurnalistika və media mühiti fonunda ”buxovlayıcı təsir" göstərəcək". Avropa Şurasının konstitusiya qanunu üzrə ekspertlərindən ibarət Venesiya Komissiyasının iyunun 20-də dərc etdiyi rəydə belə deyilir. Rəy komissiyanın ötən həftəki plenar iclasında Avropa Şurasının İnsan Haqları və Hüququn Aliliyi üzrə Baş Direktorluğu ilə birlikdə qəbul edilib.
Venesiya Komissiyası bildirir ki, “Qanun Azərbaycanın media sektorunda demək olar hər şeyi, o cümlədən onlayn medianı tənzimləməyə çalışır”, “medianın özünün ictimai keşikçi rolunu icra etməsinə gərəkən şərait yaratmaq əvəzinə medianın fəaliyyətini məhdudlaşdırmağa fokuslanır”. Rəydə deyilir ki, qanunun bir çox maddələri Avropanın ifadə və media azadlığı standartlarına uyğun deyil, ona görə də qanun indiki formada yerinə yetirilə bilməz.
Qanun bu il fevralın 8-də prezident tərəfindən imzalanaraq qüvvəyə minib, ancaq bir sıra maddələri avqustun 8-dən tam həyata keçiriləcək, audio-vizual mediaya lisenziyalar veriləcək, Media Reyestri tam işə düşəcək. Venesiya Komissiyası Azərbaycan hakimiyyətini təcili olaraq media orqanları təsis etmək üçün aşırı məhdudiyyətləri, o cümlədən xarici mülkiyyət və xaricdən maliyyələşmə ilə bağlı tələbləri ləğv etməyə çağırır.
Qeyd olunur ki, hökumət ya Media Reyestrini, ya da jurnalistlər və media qurumlarının bu reyestrə salınması üçün aşırı məhdudlaşdırıcı şərtləri, jurnalistlər üçün akkreditasiya sistemini ləğv etsin.
Venesiya Komissiyası hesab edir ki, platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməli, çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır.
Venesiya Komissiyası Mətbuat Şurasının mövcud modelinə Avropa standartlarına uyğun dəyişikliyi, onun müstəqil tənzimləyici orqan kimi fəaliyyətini təmin etməyi vacib sayır.
Məsələ ilə bağlı Media Agentliyi dərhal reaksiya verib. Qurumdan bildirilib ki, rəydə iddia edildiyi kimi, qanunun media subyektinə dair tələblərinin (Maddə 26) başa düşülməsində hər hansı çətinlik mövcud deyildir. 26-cı maddə hər hansı mədəniyyət abidəsinə zərər vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsləri deyil, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxsləri əhatə edir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kateqoriya cinayətlər (cinsi zorakılıq, irqi ayrı-seçkilik, seksual xarakterli zorakılıq hərəkətləri və s.) konkret olaraq təsbit edilib.
Qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsi qətiyyən istisna edilmir. Belə olan halda, sadəcə, nizamnamə kapitalında pay nisbəti müəyyənləşdirilir, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi icazə deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə eyniləşdirmək əsassızdır.
Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş tələblərin şərhi zamanı çox önəmli bir nüansın diqqətdən qaçırıldığı, reyestrin onlar üçün könüllü olduğu, reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqinin müzakirə mövzusu olmadığı bildirilib.
Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin dairəsi izah edildikdən sonra Venesiya Komissiyası bu məsələ ilə bağlı MEDİA Agentliyinin yanaşmasını qəbul edib. Venesiya Komissiyasının öz rəyində qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməməsi, MEDİA Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləməsi təqdirəlayiqdir və beynəlxalq təşkilatla səmərəli dialoqun göstəricisidir".
Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC
Elçin Mirzəbəyli: “Venesiya Komissiyası başından böyük qələt edir”
Əməkdar jurnalist Elçin Mirzəbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, Avropa Şurası nəzdində Venesiya Komissiyasının (VK) “Media haqqında” Qanun barədə yekun rəyi nəinki Azərbaycan qanunvericiliyinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi-normativ aktlara zidd iddialar toplusundan başqa bir şey deyil: “Venesiya Komissiyasının Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn, həmçinin əksər Avropa ölkələrində tətbiq olunan məhdudlaşdırıcı halların, hüquqi çərçivə və standartların, lisenziyalaşdırılma ilə bağlı prosedur qaydalarının ”Media haqqında" Qanundan çıxarılması barədə mülahizə yürütməsi ən yaxşı halda siyasi və hüquqi riyakarlıq nümunəsidir.
Belə ki, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”.
Göründüyü kimi, sözügedən konvensiyada söz, fikir və ifadə azadlığının lisenziyalaşdırma tələbi üçün mane olmadığı bildirilsə də Venesiya Komissiyası Azərbaycana münasibətdə bunun əksini düşünür və hesab edir ki, bizim ölkəmizdə “platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməlidir”. Niyə? Nə üçün? Səbəbi bilinmir. Çünki əlahəzrət simasız Avropa Şurasının nəzdində Venesiya Komissiyası belə istəyir və təbii ki, başından böyük qələt edir!
Venesiya Komissiyası eyni zamanda hesab edir ki, “Media haqqında” Qanunda yer alan məzmunla bağlı məhdudiyyətlər Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırılmalıdır. Halbuki sözügedən qanunda məzmunla bağlı hüquqi çərçivələr elə Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə uyğun və bəlkə də daha yumşaq şəkildə tərtib olunub.
“Media haqqında” Qanunu dəfələrlə oxuduğuma baxmayaraq, Venesiya Komissiyasının təqdim etdiyi əsaslandırılmamış və arqumentləşdirilməmiş müddəalara yenidən nəzər saldım və bir daha əmin oldum ki, sözügedən qanunda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudlaşdırıcı hallardan kənar heç nə yoxdur.
Bu baxımdan, maraqlıdır, görəsən, Venesiya Komissiyasının “Media haqqında” Qanunla bağlı yekun rəy hazırlayan ekspertləri istinad etdikləri konvensiyanı oxuyublar, yaxud elə gözlərini yumub qərəzin kök saldığı qafalarından keçən nə varsa kompyüterin yaddaşına köçürüblər? Adını da qoyublar “Yekun rəy”.
Venesiya Komssiyasının əsas dərdi, “Media haqqında” Qanunun 26-cı maddəsidir. Yəni “Media subyektinə dair tələblər” və əsasən də bu tələblərin xarici ölkə vətəndaşları ilə bağlı hissəsi.
Venesiya Komissiyası hesab edir ki, “Media haqqında” Qanunda yer alan xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair məhdudiyyətlər ləğv edilməlidir.
Maraqlıdır, o zaman Venesiya Komissiyası hansı səbəblərdən Rusiyaya məxsus informasiya resurslarının fəaliyyətinə və yayımına qadağaların tətbiq edilməsi ilə bağlı Avropa Komissiyasının, eləcə də Avropa İttifaqına üzv olan ölkələrin hökumətlərinə etirazlarını bildirmir? Avropa Komissiyası, Aİ üzvü olan ölkələr, ABŞ, Kanada və digərləri hansı səbəblərdən öz informasiya təhlükəsizliklərinin qayğısına qalırlarsa, Azərbaycan da həmin səbəblərdən qalır. Bir çox Avropa ölkələrində media resurslarının xaricdən maliyyələşməsinə məhdudiyyətləri tətbiq edildiyi halda, Azərbaycandan informasiya mühitini xarici agentlərin ayaqları altına döşəməyi tələb etmək, bağışlayın, amma siyasi əxlaqsızlıq nümunəsidir".
Bakupost.az - "Yeni qanun ölkədə peşəkar medianın inkişafını stimullaşdıracaq" - Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli: “Kimlərsə kənardan bu məsələni dramatikləşdirməyə çalışır”
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli mövzuya bu cür rəy bildirdi: “Venesiya Komissiyasının rəyində anlaşılmaz hissələr çoxdur. Bunlar nədən ibarətdir? Tutaq ki, Media Reyestrinə irad bildirilir. Media Reyestri dediyimiz məsələ media qanunvericiliyində çox açıq, şəffaf və demokratik şəkildə əks olunub. Onsuz da bütün KİV-lərin uçotu, qeydiyyatı aparılırdı. Yəni reyestr dedikdə söhbət hansısa çətin baryerlərdən, prosedurlardan getmir, indiyə qədər Azərbaycanda çap və onlayn medianın uçotu aparılıb. Televiziyalar və radiolar da həmişə lisenziyalı olub və dünyanın hər yerində də belədir. Sadəcə, əvvəllər Azərbaycanda uçot ayrı-ayrı qurumlar tərəfindən keçirilirdisə, məsələn, çap medianın uçotu Ədliyyə Nazirliyi, onlayn medianın uçotu Vergilər Nazirliyi, elektron medianın isə uçotu MTRŞ tərəfindən aparılırdısa, indi sadəcə bu obyektlər birləşdirilib. Yəni Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, başqa qurumlar deyil, konkret olaraq, Media Agentliyinin nəzdində yaradılmış media reyestri bu uçotu aparacaq.
Qanunvericilikdə də çox açıq şəkildə göstərilib ki, çap və onlayn mediası üçün xüsusi prosedurlar yoxdur. Sadəcə, indiyə qədər fəaliyyət haqqında necə idisə, indi də fəaliyyətə başlamaq haqqında bildiriş veriləcək və bu bildirişlər orada uçota götürüləcək. Yəni bu günə qədər olmuş prosedurlar, qaydalar saxlanılmaq şərti ilə reyestr aparan mənbələr birləşdirilərək, bir mənbə olub. Bu da çox yaxşıdır, ona görə ki, ölkədəki KİV qurumlarının sayı, statistikası haqda ümumi məlumat əldə etməyə imkan verəcək.
Bunlar adi qaydalardır və dünyanın hər yerində var. Belə ki, hər yerdə hər hansı bir formada bir quruma həvalə olunur ki, orada KİV subyektlərinin kəmiyyəti, tirajı və sairə barəsində bir informasiya mənbəyi formalaşdırılsın. Bizdəki media reyestri xidməti mahiyyət etibarı ilə statistik məlumatlar bazası rolunu oynayacaq. Yəni burada etiraz etməli, irad bildirməli nə var? Demirəm ki, burada xüsusi qərəz, problem var. Bu, sadəcə, anlaşılmaz görünür, çünki bu, dünyanın hər yerində praktikadan keçirilib və Azərbaycanda da tətbiq olunub.
Qeyd edirlər ki, “layihənin müzakirəsi məhdud bir çevrədə aparılıb”. Hansı məhdud çevrədən söhbət gedir? Mənə belə gəlir ki, Azərbaycan media ictimaiyyətini təmsil edən bütün sferaları ilə bu layihənin müzakirəsi aparılıb. Əvvəlcə qruplar şəklində, məsələn, onlayn və çap media təmsilçiləri, jurnalist təşkilatları ilə, sonda isə parlamentdə müzakirə aparılarkən bütün media sferası ora dəvət olunub.
Azərbaycanın ayrı-ayrı media təmsilçiləri, subyektləri, o cümlədən Media Agentliyi, Mətbuat Şurasi ilə Venesiya Komissiyası və yaxud Avropa Şurası və digər strukturlar ilə təmasları davam etdirilməli, bu məsələlərə aydınlıq gətirilməlidir ki, bu cür iradlar bildiriləndə nələr əsas gətirilir və sairə. Yaxşı haldır ki, son bir neçə il ərzində Avropa strukturları, o cümlədən ATƏT, Avropa Şurası və onun ayrı-ayrı strukturları ilə Azərbaycan media təmsilçilərinin təmasları intensivləşib, güclənib. Bildiyiniz kimi, bu yaxınlarda ATƏT-in media komissarı Bakıda oldu, təmaslar yaratdı. Hesab edirəm ki, bu təmaslar daha da inkişaf etdiriləcək və ortada olan anlaşılmazlıqlar aradan qaldırılacaq. Hiss olunur ki, kimlərsə kənardan bu məsələni dramatikləşdirməyə çalışır".
Xalidə GƏRAY,