Mahir Abbaszadə: “İnsanların Ağalı kəndinə köçürülməsi “Böyük qayıdış”ın göstəricisidir”
“İnsanların Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsi “Böyük qayıdış”ın göstəricisidir. Həyata keçirilən uğurlu siyasət nəticəsində Vətən müharibəsində 30 il işğal altında olan torpaqlarımızı geri qaytara bildik. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın hərbi gücünün nümayişi kimi qiymətləndirilməlidir. Dövlətin qarşısında duran əsas vəzifələrdən biri həmin ərazilərdə bərpa-quruculuq prosesinin həyata keçirilməsi, dağılmış iqtisadiyyatın bərpası, keçmiş məcburi köçkünlərin geri qaytarılması və normal həyat şəraitinin yaradılmasıdır”.
Bunu Pravda.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan son iki ildə məqsədə nail ola bilib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yolların çəkilməsi, hava limanlarının tikilib istifadəyə verilməsi, rayonların elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı həyata keçirilən işlər Azərbaycan dövlətinin bu ərazilərin bərpası ilə bağlı nə dərəcədə israrlı olduğunu nümayiş etdirir. Cənab prezidentin rəhbərliyi ilə Zəngilan rayonunun Ağalı kəndində təxminən 200 evdən ibarət bir qəsəbənin tikilib istifadəyə verilməsi, eyni zamanda bağça, məktəb, supermarketin, “ASAN xidmət”in, “DOST Mərkəzi”nin açılması, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə yeni iş yerlərinin təmin edilməsi ilə bağlı olan tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücündən xəbər verir. Nəzərə almalıyıq ki, burada həmçinin minalardan təmizlənmə prosesini həyata keçiririk. Xüsusi qeyd etmək lazımdır ki, infrastrukturun qurulması Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan artıq bu ərazilərdə təhlükəsizliyi və sülhü bərpa edib. Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərin hamısına nail olacaq. Biz ərazilərimizi bərpa edəcəyik, yenidən quracağıq. Məcburi köçkün düşmüş insanlar geri qayıdacaq. Biz bu əraziləri həm iqtisadi baxımdan Azərbaycan iqtisadiyyatının bir parçasına çevirə biləcəyik, həm də tarixi ata-baba torpaqlarımızda yaşayıb, qurub yaradacağıq”.
Leyla Yusubova