Millət vəkili Mahir Abbaszadə: "Bu gün tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq"
Bu gün tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq - Mahir Abbaszadə
«44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz regionda yeni reallıqlar yaratdı. Azərbaycanın hazırda əsas hədəfi regionda dayanıqlı sülhün təmin edilməsi, iqtisadi əlaqələrin qurulması, bir sözlə, tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni səhifənin açılmasıdır. Zəngəzur dəhlizinin region ölkələri, türk dünyası üçün əhəmiyyətinin geniş təhlilə ehtiyacı yoxdur. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə, Orta Asiya və Avropa ilə birləşir. Yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Azərbaycan tərəfi daim bildirir ki, əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirsə, yeni reallıqlarla barışmalıdır.»
Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bilidirib.
M.Abbaszadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədini daşıyır: «Yeni iqtisadi rayonların yaranması Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir. İki yeni iqtisadi rayonun dirçəldilməsində strateji hədəflərin olması ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaqdır. Yaxın dövrdə biz müstəqil Azərbaycanımızın yeni yaradılan iqtisadi rayonlarının güclü inkişafının şahidi olacağıq. Hazırda «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı» layihəsi üzərində iş gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi cəlbediciliyi həm daxili, həm də xarici investisiya yatırımları üçün geniş perspektivlər açır. Bu gün tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq. Bu işlərin miqyasını təsəvvür etmək üçün onu demək kifayətdir ki, artıq bir il ərzində Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının inşası davam edir. Xüsusən Laçın hava limanı çətin coğrafi relyefdə yerləşir. Bundan əlavə, Füzulidən Şuşaya Zəfər yolu çəkilib, artıq yaxın həftələrdə məcburi köçkünlərimizin 30 illik həsrətdən sonra Zəngilanın Ağalı kəndinə ilk qayıdışı baş tutacaq. Murovdağdan Kəlbəcərə salınan yeni yol üzərində tunellərin çəkilişi də büdcəmizin miqyası haqqında təsəvvürlər əldə etməyə kömək edir. Düşünürəm ki, bu, hələ son deyil. Cari ildə də yenidənqurma və bərpa işləri daha geniş miqyasda davam edəcək. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə 2022-ci il dövlət büdcəsində 2.2 milyard manat nəzərdə tutulub. Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti müstəqillik tariximizdə ilk dəfə bərpa etmişik. Burada müvafiq sərhəd infrastrukturunun yaradılması və sərhəd xidmətinin normal fəaliyyətinin təmin edilməsi üçün vəsaitlər xərclənir. Hərbi qüdrətimizin yüksək səviyyədə saxlanması da dövlətin prioritetləri sırasındadır.»
Deputat əlavə edib ki, artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatları, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Ərazilərimizin işğaldan azad edilməsi həmin torpaqlara Böyük Qayıdışın və nəhəng quruculuq işlərinin başlanmasını zəruri edib. İşğaldan azad edilmiş ərazilərin potensialından maksimum səmərəli istifadə etmək qarşıya qoyulan əsas vəzifələrdən biridir. Ötən ilin iyununda ilk dəfə olaraq Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib.
Regionda və dünyada yaranan problemlərə və mənfi tendensiyalara, o cümlədən pandemiyanın yaratdığı əngəllərə və dünya birjalarında neft və qazın qiymətlərində qeyri-stabilliyə baxmayaraq Azərbaycanda həyata keçirilən iqtisadi siyasət ölkəmizin qüdrətini artırmağa xidmət edir. Ümumiyyətlə, respublikamızda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirir.
Şəmsiyyə Əliqızı, «İki sahil»