Deputat: "Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin başlanğıcı idi"
“Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı “Aprel döyüşləri”ndən 6 il keçir. Bu tarixdə uzun illər düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu. Əslində, 2016-cı ildə Azərbaycan ordusunun hücuma keçməsi və strateji əhəmiyyətli yüksəklikləri düşmən işğalından azad etməsini Azərbaycan dövlətinin orduya olan diqqəti, qayğısı kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə Demokrat.az-a açıqlamasında deyib.
Deputat qeyd edib ki, bu, həm də Azərbaycan xalqının 30 il ərzində torpaqlarının işğalda olması ilə barışmaması idi və bununla da, düşmənə bir mesaj verdi: “Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uzunmüddət Azərbaycan ordusunun formalaşması, inkişaf etməsi, orduya müasir silahların alınması, ordumuzun maddi texniki bazasının möhkəmləndirilməsi, orduda xidmət edən əsgər və zabitlərin həyat şəratinin yaxşılaşdırılması demək idi. Həmçinin, orduda xidmət edən əsgər və zabitlərin müavinətlərinin ilbəil artırılması, Azərbaycan ordusunun dünyanın inkişaf etmiş orduları sırasında sülhməramlı missisiyası çərçivəsində xarici dövlətlərdə fəaliyyət göstərməsi və s. kimi digər bu hallar ordunun möhkəmlənməsinə və inkişaf etməsinə gətirib çıxarmışdır. Azərbaycan ordusu məhz cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə Lələtəpə yüksəkliyini işğaldan azad edə bildi və bu, bizim 2020-ci ilin noyabrında başa çatmış 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Biz “Aprel döyüşləri”ndə ordumuzun nə qədər yüksək səviyyədə döyüş ruhuna malik olduğunu gördük. Bunun davamı olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı geri qaytardıq, Azərbaycanən sərhədlərini və ərazi bütövlüyünü təmin edə bildik. Bütün bunların isə hər biri Azərbaycan xalqının yaddaşında qızıl hərflərlə yazılacaq və qalacaq tarixlərdir”.
Deputata qeyd edib ki, bu gün sevindirici haldır ki, biz “Aprel döyüşlərində” işğaldan azad etdiyimiz torpaqlarda, xüsusən də Cocuq Mərcanlı kəndində həyatı bərpa edə bilmişik: “Cənab Prezidentin göstərişinə əsasən burada böyük bir qəsəbə tikildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakinləri öz doğma yurdlarına qayıtdılar. Qeyd edim ki, orada hazırda normal yaşayış təmin edilib. Cənab Prezident orada Şuşadakı məscidin nümunəsi olaraq bir məscid tikdirdi. Təbii ki, Cocuq Mərcanlıya məcbur köçkün düşmüş insanlarımızın qayıtması bizim ilk qayıdışımızı təşkil etdi. Ümumiyyətlə,Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi”.
Aynurə Pənahqızı
Demokrat.az