Normallaşan Türkiyə-İsrail münasibətləri və Azərbaycan.
Normallaşan Türkiyə-İsrail münasibətləri və Azərbaycan.
Son 15 ildə Ankara-Təl-Əviv münasibətləri xeyli gərginləşmişdi.Təbii ki,Türkiyə-İsrail münasibətlərinin enişli-yoxuşlu, ziqzaqlı olmasının ən böyük səbəbi adətən Fələstin problemi olub.
Buna rəgmən,hər iki ölkə ticarət əlaqələrini daha da dərinləşdiriblər.Təsəvvür edin ki,koronavirus pandemiyası dövründə Türkiyə və İsrail arasında ticarət dövriyəsi 1,8 milyard dollar artıb.2002-ci ilə qədər Türkiyə-İsrail münasibətlərində müəyyən epizodik narazılıqlar olsa da,adətən qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirilirdi.Daha sonra R.T.Ərdoganın rəhbərlik etdiyi islamçı AKP-nin iqtidara gəlməsi ilə(qarşı tərəfdə də sagçı B.Netenyahu)münasibətlər vaxtaşırı gərginləşməyə başladı.
Ərdogan iqtidarının neo-osmançı siyasəti,Yaxın Şərqin ərəb ölkələrində "Müsəlman Qardaşlar"(İxvan-Ül-Muslimin) siyasi hərəkatları ilə münasibətləri Ankaraya problemlər yaratmaga başladı.Lakin bu ilin mart ayında İsrail prezidenti İsaak Hersoqun Ankaraya rəsmi səfəri,onun Türkiyə prezidenti Ərdoganla görüşü Yaxın Şərqin vacib regional gücləri arasında buzları müəyyən qədər əritdi.
Dünən İsrail prezidenti İ.Hersoq Davos İqtisadi Forumunda dedi ki,biz artıq Ərdoganla Türkiyə-İsrail münasibətlərində yeni səhifə açmışıq və bu münasibətləri inkişaf etdirməkdə qərarlıyıq.Fərz edirəm ki,həm Türkiyə,həm də İsrail onun fərqinə varıblar ki,Yaxın Şərqdə üst-üstə düşən geopolitik maraqlar toqquşan mənfəətlərdən daha çoxdur.
Dünən Türkuyənin xarici işlər naziri Mövlud Çavuşoglu da 15 il fasilədən sonra İsrailə səfər edərək, həmkarı Yair Lapidlə görüşdü. Hər iki nazir razılaşdı ki, İsraildən Türkiyəyə aviyareyisləri açılsın və Müştərək İqtisadi Komissiya fəaliyyətə başlasın. İsrailli nazir Y.Lapid vurğuladı ki,Təl-Əviv və Ankarasındakı münasibətlərdə "yeni səhifə"açılır.Görünür,İsrailin koalisiya hökumətinin baş naziri Naftali Bennett də Türkiyə ilə münasibətlərin normallaşmasında istəklidir.M.Çavuşoglu da bəyan etdi ki,İsrail və Fələstin arasında "iki dövlətli"həll planı daha məqbuldur.Prinsipcə,ABŞ prezidenti C.Bayden də iki dövlətli planı dəstəkləyir.
Türkiyə-İsrail münasibətlərinin normallaşmasında maraqlı olan tərəflərdən biri də heç şübhəsiz Azərbaycandır.
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələri var.Üstəlik,Azərbaycan-İsrail münasibətləri də həmişə yüksək səviyyədədir.Xüsusilə,Azərbaycan 44 günlük ikinci Qarabag müharibəsində ən müasir İsrail silahlarından istifadə etdi.Uzun illərdir,ABŞ-dakı nüfuzlu yəhudi diasporu Azərbaycanın maraqlarını müdafiə edir.Hal-hazırda Qarabagın işgaldan azad olunmuş ərazilərində türk və yəhudi şirkətləri birlikdə fəaliyyət göstərirlər.Rəsmi Bakı Türkiyə və İsraili özünə müttəfiq görür və bu ölkələr arasında normal münasibətlərin bərqərar olmasında maraqlıdır.
Kamal Aliyev, politoloq