"Sadəcə haray-həşir və şüvən edərək göz yaşları tökməklə məşğuldurlar" - deputat
Ermənilərin uydurduğu yalanların növbəti ildönümü yaxınlaşır.
Erməni toplumu tarix boyu yalanlarını həqiqət kimi dünyaya sırımağa çalışıb. Onlar illərlə ölkəmizə qarşı haqsız ərazi iddiaları irəli sürüb, torpaqlarımızı işğal edib və yüz minlərlə azərbaycanlı şəhid olub. Milyonlarla vətəndaşımız öz ata-baba torpaqlarından didərgin düşüblər.
Üstəlik, Ermənistan sadəcə Azərbaycana deyil, həm də qardaş ölkə Türkiyəyə qarşı da təxribatlardan əl çəkmir. Belə ki, rəsmi İrəvan heç yaşanmamış və sübutu olmayan bir hadisə uyduraraq, onu “soyqırım” adlandırıb. Ermənilər 1915-ci ildə, guya Osmanlı türklərinin onlara qarşı “soyqırım” törətdiyini iddia edir.
24 aprel, yəni olmayan "soyqırım günü" yaxınlaşdıqca, Ermənistan dünyanın müxtəlif ölkələrində sənədlər qəbul etdirsə də, nəticə dəyişmir.
Rəsmi İrəvan uzun illər ərzində ABŞ-ın “soyqırımı” tanıması üçün çox çalışdı və ermənipərəst olması ilə diqqət çəkən Co Baydenin dövründə bu məqsədinə nail oldu. Amma təbii ki, onların gözləntilərinin əksinə olaraq, heç bir şey dəyişmədi. Digər qərarlar ki, rəsmi Vaşinqtonun olmayan “soyqırımı” tanıması da kağız üzərində qaldı. Lakin bu il diqqət çəkən maraqlı bir məqam var. Hər il “soyqırım” ərəfəsində aktivlik nümayiş etdirən Ermənistanda, sanki bu il müəyyən qədər sakitlik hiss olunur. Bəlkə də, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar fonunda ermənilər həqiqəti görməyə başlayıb. Dia.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qondarma ölkə olan Ermənistan tarix boyu elə qondarma tarix və sərhədlər uydurmaqla məşğul olub:
“Bu işin əsas faciəvi tərəfi odur ki, bu toplum öz uydurduğu bu yalanlara inanıb. Həm erməni kilsəsinin, həm də erməni tarixçilərinin zəhərlədiyi kütlə yüz illərdir ki, digər xalqın torpağını öz torpağı sayır və bütün qonşularına qarşı ərazi iddiasındadır. Hətta onların “Böyük Ermənistan” ideyaları var. Təbii ki, bütün bunlar ermənilərin özlərini çətinə çalıb. Lakin 44 günlük Vətən müharibəsindəki qələbəmiz ermənilərə yerini göstərdi. Azərbaycanın “Dəmir yumruq”unu görən Ermənistan ordusu və cəmiyyəti artıq həqiqətləri anlamağa başladı. Onlar gördü ki, bu gün Azərbaycan böyük bir gücdür və Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi altında öz torpağına sahib çıxdı. Ordumuz şücaət göstərərək öz torpağını necə qorumaq, necə qəhrəman olmaq və bunu dastana çevirmək dərsini həm ermənilərə, həm də dünyaya verdi”.
Millət vəkili deyib ki, hər il 24 apreldə ermənilər uydurduqları “soyqırımın” ildönömünü qeyd edir:
“Sadəcə haray-həşir və şüvən edərək göz yaşları tökməklə məşğuldurlar. Lakin bu gün erməni cəmiyyəti anlayır ki, onların yalanına dünya inanmır. Ermənilər artıq böyük dövlətlərin əlindəki “maşa” rolunda alətə çevrildiklərinin və bu yalana görə onlardan istifadə olunduğunun fərqindədirlər. Hətta bu gün bəzi erməni siyasətçi və tarixçiləri də bunu açıq deyir. Təbii ki, budəfəki 24 aprel ərəfəsində erməni lobbisinin əvvəlki illərdə olmadığı kimi susqunluğu və sakitliyi bir çox məsələdən xəbər verir. Hazırda erməni lobbisi çıxılmaz vəziyyətdədir və parçalanmış duruma düşüb. Onlar göndərdiyi pulların ünvana çatmadığını və indiyə kimi Ermənistan rəhbərliyində olan şəxslərin həmin pulları mənimsəməklə məşğul olduğunu anlayıblar. Həmçinin erməni lobbisi bu uydurmalarla uzağa gedə bilməyəcəklərini və bu hay-küyün heç bir mənası olmadığını görür”.
Vüqar İskəndərov qeyd edib ki, artıq dünyanın aparıcı dövlətləri də gücün və həqiqətin kimin tərəfində olduğunun fərqindədirlər:
“Ona görə də artıq başqa və sakitləşmiş Ermənistan olduğunu demək olar. Bu gün Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edən Ermənistan həmin şərtləri yerinə yetirməklə bölgənin inkişafında rol alan oyunçuya çevrilməlidir. Azərbaycan Prezidenti bölgədə bütün reallıqları yaradıb və onu rəsmi İrəvana təqdim edərək, onları da bu yola dəvət edib. Bütün güclü dövlətlər reallıqları qəbul edib və Azərbaycanın yanındadır. Sadəcə rəsmi İrəvan hələ də ora-bura vurnuxur, amma "yola çıxan bu qatarda" Ermənistan da olsa, qazanan dövlətlərdən biri olacaq. Əks halda, "sürət götürüb yola çıxan qatarın arxasınca baxan" Ermənistan olacaq”.
Mənbə:My Webpage