MEK 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş virtual sərgini təqdim edir
MEK 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş virtual sərgini təqdim edir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş virtual sərgini oxuculara təqdim edir.
MEK-in fondlarında qorunan nəşrlərdən ibarət sərgidə Məhəmməd Muradzadənin “Mart hadiseyi əliməsi” (1996), “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri: XIX-XXI əsrlər” (2003) müxtəsər xronoloji ensiklopediya, “1918-1920-ci illərdə Azərbaycanlıların soyqırımı”, Vilayət Quliyevin “Azərbaycanda erməni zülmü” (2001), Solmaz Rüstəmova-Tohidinin “Март 1918 г. Баку. Азербайджанские погромы в документах” (2009), Sadir Məmmədovun “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” (2010), “31 mart soyqırımı: tarixi gerçəkliklər” (2011), Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” (2011), Vaqif Abışovun “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı: 1918-1920” (2017) və “Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı” (2017) kitabları və digər ədəbiyyatlar təqdim olunur.
Nəşrlərdə erməni şovinistlərinin XVIII əsrin əvvəllərindən etibarən “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətindən, Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq xülyası ilə dinc əhaliyə qarşı cinayətlər törədən, azərbaycanlıları amansızcasına qətlə yetirən, onları ata-baba torpaqlarından zorla qovan, əmlaklarını qarət edən, evlərini yandıran, mədəniyyət abidələrini dağıdan ermənilərin cinayətkar əməlləri tutarlı tarixi sənədlər və materiallarla araşdırılmışdır.
Qeyd edək ki, oxucular virtual ilə yanaşı MEK-də ənənəvi şəkildə təşkil olunmuş sərgi ilə də yaxından tanış ola bilərlər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]