Bu gün keçirlən görüş Azərbaycana nə verəcək?
Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq. Görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir.
Millət vəkili, politoloq Zahid Oruc hesab edir ki, bu görüş Azərbaycan üçün müsbət nəticələr verə bilər.
"Müharibə bitdikdən sonra bəzi dairələri çıxmaq şərti ilə Azərbaycanı suçlayan, ittiham edən hər hansı qərar və qətnamələr olmayıb. Avropa Birliyi tərəflərə böyük miqdarda maliyyə yardımı etməyə çalışır. Qərbin ən mühüm iqtisadi-siyasi platforması olan Avropa Birliyi bölgəni iqtisadi cəhətdən əldə saxlamağa cəhd edir. Bu o deməkdir ki, danışıqlar raundu sonrakı mərhələlərdə də Qərb arenasına keçirilə bilər. Bölgədə komunikasiyaların açılması həm də Avropa Birliyinin maraqlarına uyğundur" , - Zahid Oruc deyib.
Deputat onu da bildirir ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tam əlverişli zəmin var.
"Cəbhəboyu baş verən son hadisələri nəzərə almasaq bu müqavilənin imzalanması mümkündür. Düşünürəm ki, Ermənistanın xalq resursu yoxdur, güclü ordusu yoxdur. Yaxın 10 ildə Ermənistan savaşmaq üçün gücə malik deyil. Türkiyə ilə Azərbaycanın regionda mövqeyi güclənib. Paşinyanın hazırda tək istədiyi budur ki, heç olmasa Ermənistan dövlətini qoruyub saxlaya bilsin. Yəqin ki, yaxın zamanda sülh müqaviləsi imzalanacaq. Qarşılıqlı tanınma olacaq və komunikasiyaların açılması reallaşacaq. Şübhə etmirəm ki, Azərbaycan vətəndaşı İrəvana dönə biləcək. Azərbaycan öz zəfərini uğuru bir şəkildə sənədlərdə təsdiq edəcək" , - millət vəkili qeyd edib.
Bakı politoloq klubunun rəhbəri Zaur Məmmədov Brüsel görüşündən hər hansı sənədin imzalanmasını gözləmədiyini deyir.
"Görüşün keçirilməsi müsbət haldır. Brüsel görüşündən öncə Azərbaycan öz təkliflərini Ermənistana verib. Ermənistan bu təklifləri qəbul etsə də konkret işlərin görülmədiyini görürürük. Üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq hələ də bir çox məsələlər öz həllini tapmayıb. Görünür Ermənistan bu məsələləri icra etmək səlahiyyətində deyil. Bu gün keçirilən görüş çox zəruridir. Dünən Yerevanda görüş əleyhinə mitinq keçirilib. Etirazçılar mitinqdə Paşinyana ultimatum göndəriblər. Düşünürəm ki, qərb dairələri də yaxın aylar ərzində Paşinyanın reytinqini aşağı salmayacaq. Həm Rusiya həm ABŞ yaxın aylar ərzində status kvonun saxlanmasında və tərəflər arasında danışıqların nəticəli olmasında maraqlı tərəflər kimi çıxış edəcəklər", - politoloq bildirib.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilib.