azia.az
azia.az

"...Yaxın həftələrdə sülh sazişi imzalanmayacaq" - GƏLİŞMƏ

31-03-2022, 20:13

"...Yaxın həftələrdə sülh sazişi imzalanmayacaq" - GƏLİŞMƏ
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Rusiya ilə dövlət başçıları səviyyəsində görüş üçün heç bir maneə yoxdur. Onun sözlərinə görə, bu günlərdə nümayəndə heyətlərinin Türkiyədə keçirilən müzakirələrdə əldə edilən nəticələr liderlərin görüşü üçün kifayətdir. Dünya ümidlidir. Nəhayət, müharibə bitirmi? Bəlkə də. Lakin hələlik bu barədə qəti bir söz deyilmir. Hətta dövlət başçılarının görüşünə dair tarix də açıqlanmayıb. Bu isə o deməkdir ki, dağıntılar, göz yaşları, ölümlər daha bir müddər davam edəcək. Bəs nə vaxtadək? Daha nə olmalıdır ki, savaş dayansın? Həqiqətən də, bu müharibənin qarşısını almaq ancaq Allahın ümidinə qalıb?

Hərbi əməliyyatların gedişi və gələcək perspektivləri barədə politoloq Elçin Xalidbbəyli ilə müzakirə apardıq:

-Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı İstanbul görüşünün indiyə qədərki ən məhsuldar müzakirə olduğunu deyib. Bəs siz necə düşünürsünüz?
-Müəyyən təsirlər hiss olunur. Məsələ ondan ibarətdir ki, danışıqları Moskva ilə Kiyev aparsa da, bəhrələnən Ankaradır. Hər iki tərəf, hətta beynəlxalq ictimaiyyət Türkiyəni vasitəçi kimi qəbul edir. Eyni zamanda həm Rusiya, həm də Ukrayna Türkiyəni zəmanətçı tərəf kimi görmək istəyir. Ümumiyyətlə, qardaş ölkə göstərdi ki, prosesə təkcə öz maraqları prizmasından yox, eləcə də münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq neytral davranan yeganə gücdür. Bu baxımdan Türkiyənin vasitəçiliyi qlobal status daşıyır. Artıq sülh sazişinin imzalanmasının mümkünlüyü və dövlət başçıları səviyyəsində görüş gündəmdədir. Lakin hələlik bu görüşün vaxtı dəqiqləşməyib. Fikrimcə, yaxın həftələrdə sülh sazişi imzalanmayacaq.
-Niyə belə düşünürsünüz?
-Çünki Qərb Rusiya ilə bağlı konkret məqsədlərinə çatmayanadək müharibənin bitməsini istəmir. Hədəf isə Kremlin zəifləməsi və öz sərhədləri daxilinə qısılmasıdır. Hətta ABŞ Prezidenti Cozef Bayden dedi ki, rusiyalı həmkarı Vladimir Putinin hakimiyyətdən getməsini istəyir. İkinci bir tərəfdən, Böyük Britaniya Ukraynaya dağıdıcı silahlar verəcəyini deyib. Əgər sülh gündəmdədirsə, buna nə ehtiyac var?
-Deməli, hazırkı situasiyada Qərblə Türkiyənin maraqları toqquşur. Elə isə Qərbin Ankaraya təzyiqləri arta bilərmi?
-Bu təzyiqlər onsuz da var. Özü də uzun müddətdir davam edir. Bu yaxınlarda bir kəşfiyyatçı bildirdi ki, Türkiyə ABŞ-la münasibətlərini yaxşılaşdırmaq istəyirsə, Ukraynaya S-400 verməlidir. Yəni Ağ evdə Ankara ilə Moskva arasında “incikliyin” yaranmasını həvəslə gözləyirlər. Ən azından ona görə ki, S-400-ü istehsal edən də, satan da Kremldir. Fikrimcə, Türkiyə belə bir səhvə yol verməz. Təzyiqlər əslində Baydenin hakimiyyətə gəldiyi ilk gündən başlayıb. Bu, özünü ABŞ Prezidentinin türkiyəli həmkarını “diktator” adlandırmasında, Vaşinqtonun qondarma erməni soyqırımını tanımasında və başqa məqamlarda göstərib. İndi isə Türkiyə elə bir statusa sahibdir ki, Qərb dövlətləri onunla bağlı addım atanda diqqətli və ehtiyatlı davranmağa çalışırlar. Çünki qardaş ölkə həm güc sahibidir, həm də konkret situasiyada vasitəçidir. Rusiya və Ukraynanın taleyi isə məhz Türkiyənin vasitəçiliyindən asılıdır. Qardaş ölkə qlobal “oyunçuya” çevrildikcə bu təzyiqlər zəifləyəcək.
-Dediniz ki, qarşıdakı 2-3 həftə ərzində sülh gözlənilmir. Sizcə, Moskva bu qədər müddət müqavimət göstərə biləcək?
-Rusiyanın gücü günbəgün azalır. Ruslar artıq döyüş əməliyyatları apara bilmirlər. Bunu aydın görmək olar. Savaşdan əvvəl səslənən bəyanatlardan indi əsər-əlamət yoxdur. Məsələn, Kreml rəsmiləri əvvəl Kiyevə qədər gedəcəklərini deyirdilər. İndi isə bütün diqqətin Donbasın adminisrativ sərhədlərinin müəyyənləşdirilməsinə yönəldiyini bildirirlər. Yəni hədəf kiçilir. Bu onu göstərir ki, artıq Moskvanın gücü qalmayıb.
-Rusiya nəyi nəzərə almadı?
-Birincisi, məlum oldu ki, Rusiya ordusu barədə deyilənlər mifdən başqa bir şey deyil. Hərbi texnikanın müasir olmadığı, əsgərlərin qeyri-peşəkarlığı üzə çıxdı. Ukrayna ordusunda vuruşanların əksəriyyəti isə professionaldır. Eyni zamanda tətbiq edilən sanksiyalar da özünü göstərir. Aprelin sonlarında Rusiyanın maliyyə-iqtisadi durumu indikindən daha pis olacaq. Həmçinin Ukraynada itirilən hərbi texnikanı bərpa etmək də asan məsələ deyil. Bir sözlə, Kreml iflasa doğru gedir. Mübarizəsinin uzun müddət davam edəcəyi ağlabat deyil. Rusiya tədricən keçən ilin 90-cı illərinə qayıdır. Hətta Rusiya nə vaxtsa sosialist inqilabının baş verdiyi 20-30-cu illəri də yenidən yaşaya bilər. Təsadüfi deyil ki, artıq Rusiyanın hakim dairələrində də psixoz vəziyyəti hiss olunur.
-Bütün bunların fonunda ölkədə xalqın ayağa qalxması və Putinin devrilməsi nə qədər realdır?
-Yaxın perspektivdə bunu gözləmək yanlış olar. Çünki Rusiya kimi imperiya ideologiyasına malik ölkələrdə əhali başda duran adama sitayiş edir. Putin son 20 ildə xeyli uğurlu iş görüb və nüfuz qazanıb. Üstəgəl, onun rəqibi yoxdur. İqtidar xalqı mümkün qədər reallıqdan uzaq saxlamağa çalışır. Bu, özünü həqiqəti yazan media orqanlarının bağlanmasında da göstərir. Rusiya üçün ən böyük təhlükəni oliqarxlar yarada bilər. Onlar üçün var-dövlət hər şeydən üstündür. Oliqarxlar Putindən üz çevirsələr, bəlkə də, çevriliş baş tuta bilər. Ancaq bunun üçün onlar mütləq hardansa, məsələn, Qərbdən zəmanət almalıdırlar. Kor-təbii etiraz dalğası barədə danışmaq isə hələ tezdir. Bu, ərzaq məhsulları tapılmayanda ola bilər. Lakin bütün hallarda proseslərin Putinin hakimiyyətdən getməsi, Rusiyanın zəifləməsi ilə nəticələnməsi mümkündür. İstəyirlər ki, Kreml şərt qoymasın, deyilənləri icra etsin.
-Rusiyanın zəifləməyi ABŞ-ın Çinlə təkbətək qalması deməkdir…
-Əslində hədəf Rusiya yox, Çindir. Görünən Ukrayna ilə Rusiya arasındakı müharibədir. Ancaq bir az dərin düşünsək anlayarıq ki, Qərblə Rusiya müharibə aparır. Daha doğru variant isə Ukraynada ABŞ-ın dərin dövlətinin döyüşməsidir. 90-cı illərdə ABŞ dərin dövləti qlobalistlər və mühafizəkarlar olmaqla iki yerə bölündü. İndi onlar mübarizə aparırlar. Mühafizəkarlar dünyanın siyasi-iqtisadi mərkəzinin Qərbdən Şərqə, xüsusilə Çinə keçməsini istəyirlər. Qlobalistlər başa düşdülər ki, Çin neytrallaşmasa, yaxın 30-40 ildə ABŞ olmayacaq. İndi də ABŞ cəmiyyətindəki bu iki qütb arasında çəkişmə var. Moskva indi uduzsa, növbəri hədəf Pekin olacaq. Ağ evdən verilən bütün açıqlamalar Çinin proseslərə qoşulmasına hesablanıb. Çalışırlar ki, Çin Rusiyaya dəstək versin. Bu, Vaşinqton üçün bəhanə olar…
-Üçüncü Dünya müharibəsinin başlanması bu qədər realdır?
-Onsuz da indi baş verənlər Üçüncü Dünya müharibəsidir. İki dövlət savaş aparsa da, digərləri də bu və ya digər formada, o cümlədən hərbi yardımla münaqişədə iştirak edir. Növbəti dünya müharibəsinin açıq şəkildə başlanması üçün isə müxtəlif bəhanalər ola bilər. Bunlardan biri də yaxınlaşmaqda olan ərzaq böhranıdır. Kim zəmanət verə bilər ki, bu, Üçüncü Dünya müharibəsi üçün bəhanə olmayacaq? İndi dünyaya nə Rusiyanın, nə Ukraynanın qalib gəlməsi sərf edir. Birinci halda ruslar, ikinci halda amerikalılar dünyanın ağası olacaq. Ən optimal variant isə onların bir-birilərini tarazlaşdırmasıdır. Rusiyanın tamamilə dağılması dünyada humanitar böhran yaradar.
-Rusiya müdafiə naziri Sergey Şoyqunun son həftələr ictimaiyyət arasına çıxmaması ciddi müzakirə olunur. Müxtəlif ehtimallar var. Hərbi generalitetin hakimiyyətdən üz döndərməsi mümkündür?
-Bu barədə konkret söz demək çətindir. Generalitet hakimiyyətə qarşı çıxacaqsa, mütləq kimsə ona zəmanət verməlidir. Həm də Rusiya generaliteti imperiya prinsiplərinə sadiqdir. Onlar asanlıqla hakimiyyətdən üz çevirməzlər. Şoyquya gəldikdə isə dediyiniz kimi, müxtəlif versiyalar var. Onlar doğru da, yanlış da ola bilər. Amma müharibə aparan bir ölkənin müdafiə nazirinin hər gün media qarşısına çıxmaması təbii qarşılanmalıdır.
-Bu günlərdə rəsmi Kiyev dedi ki, Krım və Donbasın taleyi ilə bağlı referendum keçirilə bilər. Bu nəyə işarədir?
-Bu, hiyləgər manevr idi. Rusiya separat bölgələrin və Krımın müstəqilliyinin tanınmasını tələb edir. Ukrayna isə bildirir ki, o, bu barədə qərar verə bilməz. Və məsuliyyəti xalqın boynuna atır. Zelenski yaxşı bilir ki, xalq bunun lehinə səs verməz. Yəni Ukrayna dövlət başçısı Kremlin tələblərini əslində rədd edir.
-Proseslərin Cənubi Qafqaza təsiri nədən ibarətdir?
-İndi Azərbaycan ən optimal siyasət yeridir: mümkün olan yerlərdə möhkəmlənir və problemin köklü həlli üçün münbit şəraiti gözləyir. Populistlər kimi birdən-birə Xankəndiyə girmək barədə düşünmək isə yanlışdır. Birincisi, Rusiya hələ o vəziyyətdə deyil ki, buna reaksiya verməsin. İkincisi isə Qərb faktorunu da unutmaq olmaz. Elə situasiya yaranmalıdır ki, Qərb erməni faktorunu Azərbaycanla əməkdaşlığa qurban versin. Bu, məsələn, Azərbaycanın alternativ enerji mənbəyi rolunu oynayacağı təqdirdə mümkündür. İkinci bir tərəfdən isə elə etmək lazımdır ki, Vətən müharibəsində olduğu kimi, Moskva bu dəfə də proseslərə müdaxilə etməsin. Bunun üçün isə Rusiyanın Azərbaycana ehtiyacı yaranacağı vaxtı gözləmək lazımdır. Moskva bir müddətdən sonra xaricə çıxışını Bakı üzərindən həyata keçirmək barədə düşünə bilər. Ümumiyyətlə, yaxın gələcəkdə erməni faktoru kimsəyə lazım olmayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi