Deputat: “Mehiyevin vəzifədə ətrafı formalaşıb, siyasi partiyalar içində, vəzifədə olanların arasında dəstək verdiyi siyasilər olub”
“Ramiz Mehdiyevin ittiham olunduğu cinayət əməllərini təkbaşına həyata keçirməsi mümkün deyil. İttihamlarla bağlı məsələ gündəmə gələn dəqiqədən müzakirə mövzusudur. Bu dövr ərzində müxtəlif versiyalar irəli sürülüb. Rəsmi mövqe olmadıqca bunlar yalnız ehtimallardır. Ehtimallar içində Ramiz Mehdiyevin bəzi müxalif siyasi partiyalarla, siyasi liderlərlə əlaqələrinin olması da var. Zamanında hakimiyyətdə təmsil olunmuş, hazırda bir sıra sabiq vəzifəli şəxslərə yaxın münasibətləri də araşdırma mövzusudur. Ramiz Mehdiyevin məktubu da dərc olundu. Məktub hara ünvanlanıb, bu da suallar doğurur. Ramiz Mehdiyevin prosesdə qondarma qurum formalaşdırmaq istəyi məktubda əks olunub. Həmin qurumun əlli nəfər üzvünün siyahıda adı var. Reallıqda hələ bu siyahı yoxdur. Rəsmi olaraq müvafiq qurumlar da açıqlama verməyiblər. Konkret kimlərisə ittiham etmək olmaz, yalnız istintaq orqanının məsələ ilə bağlı real faktlara əsaslanan mövqeyi olandan sonra münasibət bildirmək olar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
“Müxalifətdən iki siyasətçinin adının həmin siyahıda olması ilə bağlı məsələ də gündəmə gəlib. Bu da hələlik ehtimallardır. Təbii ki, rəsmi açıqlamaları gözləməyin tərəfdarıyam. Ramiz Mehdiyev, təxminən, 25 il ərzində Azərbaycanda kifayət qədər ciddi quruma rəhbərlik edib, vəzifədə olub. Müvafiq olaraq vəzifədə ətrafı formalaşıb, siyasi partiyalar içində, vəzifədə olanların arasında yaxın təmasda olduqları, dəstək verdiyi siyasilər olub. Ad çəkməkdən kənaram, amma digərləri kimi mənim də ehtimallarım var. Müəyyən zamana ehtiyac var, istintaq orqanı bir müddət sonra aydınlıq gətirəcək. Biz şahidlik edəcəyik ki, kimlər Ramiz Mehdiyevin cinayət əməllərinə şərik olublar, onunla birlikdə prosesdə iştirak ediblər, bunu planlayıbnlar”, - deputat bildirib.
Aytəkin Qardaşova