“Fərrux yüksəkliyinin nəzarətə alınması Xankəndinin 2 addımlığında olmaq deməkdir” - GƏLİŞMƏ
Xocalının Fərrux kəndində bayrağımızın dalğalanmasını bir çox ekspertlər Xankəndinə gedən yol kimi qiymətləndirirlər.
Hərbçilərimizin Fərrux kəndini və yaxın yüksəklikləri nəzarətə götürməsinin qanunsuz erməni silahlı birləşmələrinin havadarlarını narahat etməsi isə başadüşülən deyil.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğul olmaqda ittiham edərək, bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolunun imzalanmış birgə bəyanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması olduğunu deyib.
Azərbaycanın Fərrux kəndində olmasına dair açıqlamasından bir gün sonra müdafiə naziri Zakir Həsənov keçirilmiş xidməti müşavirədə Qarabağdakı əməliyyat şəraiti barədə geniş təhlil aparıb.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Fərrux kəndinin nəzarətə götürülməsi ərazinin hərbi strateji baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşımasından irəli gəlir: “Fərrux kəndindən Xankəndinə birbaşa yol var. Eyniadlı yüksəkliyin nəzarətə alınması Xankəndinin 2 addımlığında olmaq deməkdir. Həmin ərazinin strateji əhəmiyyəti budur”.
Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun bu ərazilərdə yerləşməsi Xankəndində və digər ətraf ərazilərdə baş verənləri nəzarətdə saxlamağa imkan verəcək.
Azərbaycan ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Hər bir dağ döyüş əməliyyatları teatrının landşaftı unikal və rəngarəng olur. Qarabağda 2016-cı ildə döyüşlər 1994-cü ildə dayanılan yerdən başlamışdı: Odundağ, Lələtəpə, Seysulan, Talış və Günnüt. Bu yüksəkliklər Ermənistan tərəfindən 1994-cü il atəşkəs razılaşmasına qədər işğal edilən son yüksəklik və yaşayış məntəqələrimiz idi. Odundağ yüksəkliyinin əldə saxlanılması Ermənistan ordusuna Qazax rayonunun magistral yolunu və bəzi ətraf kəndlərini atəş və müşahidə altında saxlamağa imkan verirdi. Günnüt - Azərbaycanın Şərur rayonunda kənddir, 1992-ci ildə ətraf yüksəkliklərlə bərabər işğala məruz qalıb. Buna qədər isə Ermənistan ordusu 1990-cı ildə Kərki kəndini də işğal edib. Seysulan 1993-cü ilin yayına qədər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi, ciddi strateji əhəmiyyətə malik yüksəklikdir, zirvəsindən ətraf kəndlərlə Tərtər rayonunun bəzi ərazilərini atəş altında saxlamaq mümkündür. Talış kəndi 1992-ci ildə və 1994-cü ildə 2 dəfə azad edilsə də, onu əldə saxlaya bilmədik və həmin il yenidən işğalçı qüvvələrin nəzarəti altına keçdi. Bu yüksəklik isə Goranboy və Naftalan rayonlarını atəş altında saxlamağa imkan verirdi. Lələtəpə yüksəkliyi də Qarabağ ərazisindəki strateji yüksəkliklərə aiddir. Füzuli rayonunda yerləşir, ərazi 1994-cü ildə Horadiz əməliyyatı zamanı ələ keçirilsə də, 3 ay ərzində döyüşlərdən sonra Lələtəpə yüksəkliyi yenidən düşmənin nəzarətinə keçmişdi. Lələtəpədən Horadiz istiqamətində hücuma keçmək, ətraf rayon və qəsəbələri atəş altında saxlamaq mümkün idi. Lələtəpə hər iki tərəf üçün hücum platsdarmı ola biləcək yüksəklik xüsusiyyətinə malikdir. Atəşkəs elan edildikdən sonra sadalanan yüksəklik və məntəqələr uzun müddət ərzində Ermənistan ordusunun nəzarətində qaldı. Hərbi baxımdan bu ərazilərin hər biri ayrı-ayrılıqda mühüm strateji əhəmiyyətə malik idi.
Yüksəkliklərə nəzarət edən erməni tərəfi Azərbaycan Ordusunu öz mövqelərindən aralıda saxlamağa, ətraf kənd və rayon ərazilərini atəş altında tutmaqla avtomobil yol və qovşaqlarına nəzarət edirdi. Bu yüksəkliklərdən ərazilərimiz yaxşı müşahidə edilirdi və atəş açmaq üçün daha uyğun idi. Ordumuzun ehtiyatlarını gizli döyüşə daxil etmək də mümkün deyildi. Yüksəklikdən keçən müdafiə xətti, düşmənin möhkəmləndirilən müdafiə zolağının bir hissəsini təşkil edirdi. Passiv atəşkəs dövrü 2016-cı ilin yanvarında Qazax rayonunun ərazisində yerləşən Odundağ zirvəsinin ordumuz tərəfindən ələ keçirilməsi ilə sona çatdı. Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, ətraf erməni ərazilərinin və İcevan magistralının Azərbaycan Silahlı Qüvvələri tərəfindən tam nəzarətə götürülməsinə və eyni zamanda sərhədyanı kəndlərin həmin yüksəklikdən atəşə tutulmasının qarşısını almağa imkan verdi. Həmin bölgədə ərazidə nəzarət və üstünlük ordumuzun tərəfinə keçdi. 2016-cı ilin aprel ayının ilk günlərində başlayan hərbi əməliyyatlar nəticəsində isə Talış kəndi ətrafındakı bir neçə yüksəklik qısa zamanda azad edildi, nəticədə Tap Qaraqoyunlu kəndinin və ətraf ərazilərin atəşə tutulmasının qarşısı alındı, kurort tipli Naftalan şəhəri təhlükəli vəziyyətdən xilas oldu. Talış və ətrafdakı yüksəkliklərin azad edilməsi birbaşa olaraq Ağdərə və Sərsəng su anbarı istiqamətində aparılacaq gələcək əməliyyatların da önünü açdı. Paralel olaraq Lələtəpə yüksəkliyi də ələ keçirildi, Horadiz və digər yaşayış məntəqələri düşmən atəşi təhlükəsindən xilas edildi. Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Nəticədə Ordumuz Xocavənd-Füzuli-Cəbrayıl istiqamətində hücuma keçmək üçün ideal bir platsdarm əldə etdi.
2018-ci ilin may ayının ikinci yarısında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyat bölmələrinin şəxsi heyəti işğal edilən ərazilərdə əks-həmlə əməliyyatları həyata keçirərək tarixi Azərbaycan torpaqlarının bir hissəsini erməni işğalından azad etdi. Əməliyyat nəticəsində Qızılqaya dağı və Xunut dağı ələ keçirildi. Qızılqaya dağı 1683 metr yüksəklikdə yerləşir. İkinci azad edilən yüksəklik 2065.8 m yüksəklikdə yerləşən Xunut dağının zirvəsidir. 44 günlük müharibədən əvvəl həyata keçirilən tədbirlər, yüksəkliklərin götürülməsi ordumuzun qələbəsini tezləşdirdi...
44 günlük Vətən müharibəsində və sonrakı dövrdə azad edilən əraziləri ayrı-ayrılıqda analiz etdikdə məlum olur ki, hazırda ordumuz bütün istiqamətlərdə ciddi platsdarmlara malikdir, Qarabağda bütün strateji yüksəkliklər, mövqelər bizim nəzarətimizdədir.
“Yeni Müsavat”