Cəbhədə son vəziyyət
Ağdamın işğal altında olan ərazilərində iri çaplı silahlarla atəşkəs pozulub.
Erməni silahlı birləşmələri Ağdamın işğal altında olan ərazilərində iri çaplı silahlarla atəşkəsi pozub. ANS PRESS-in xəbərinə görə, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunan xüsusi müxbiri məlumat verib.
Məlumatda bildirilir ki, atəşkəsin pozulması gecənin yarısı izburaxan güllələrin atılması ilə davam edib, qarşı tərəf həmçinin ətrafı işıqlandıran raketlərdən, fişənglərdən də istifadə edib.
“Hazırda cəbhə bölgəsində hava dumanlıdır və görmə səviyyəsinin məhdud olduğu şəraitdə Azərbaycan Silahlı Qüvvələri gücləndirilmiş şəraitdə öz vəzifələrini yerinə yetirirlər. Atəşkəs pozutusu halları ancaq atıcı silahlardan müşahidə olunub. Hazırda sakitçilikdir.” – deyə ANS-in xüsusi müxbiri bildirir.
Təmas xəttində gərginlik aprel ayının 2-si gecə saatlarından başlayıb. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Düşmənin qərargah məntəqəsi dağıdılıb, ermənilərə məxsus onlarla hərbi texnika, o cümlədən tank və artilleriya, mühəndis qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.