"Sülhməramlılar niyə Rusiya prezidentinin imzasına hörmət etmirlər?" - AÇIQ MƏKTUB
Rusiya Federasiyasının Azərbaycandakı səfiri cənab Mixail Boçarnikova
Açıq məktub
Mixail Nikolayeviç, mən bir Azərbaycanlı vətəndaş kimi Sizə müraciət edirəm. Təmsil etdiyiniz ölkənin müdafiə nazirliyinin məlumat bülletenində yazılmış informasiyanı (27 mart 2022-ci il) oxuyub təəccübləndim. Oradakı bəzi ifadələr hətta qəzəb doğurur.
1. Məlumatda "в зоне нагорно-карабахского конфликта", və "территория Нагорного Карабахе" ifadələri var. Əvvəla, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi yoxdur. Bildiyiniz kimi, o adda münaqişə də artıq yoxdur. O münaqişəni Azərbaycan ordusu artıq həll edib.
2. Məlumatda "в результате перестрелки ранено по два человека с каждой из сторон" cümləsi var. Orada bir tərəf Azərbaycan ordusudur. Bəs, ikinci tərəf kimdir? Axı, üçtərəfli bəyanatda açıq şəkildə yazılıb ki, "миротворческий контингент РФ развертывается параллельно с выводом армянских вооруженных сил". Bəs, orada erməni silahlı qüvvələri olmamalı idi axı. Hardandı o qüvvələr? Niyə bəyanatın xatırlatdığım cümləsinin bir hissəsi yerinə yetirilib, digər hissəsi yox? Bəs, niyə sülhməramlı qüvvələr buna göz yumur? Sülhməramlı qüvvələr niyə Rusiya prezidentinin imzasına hörmət etmirlər? Bu, sizin təmsil etdiyiniz dövlətə qətiyyən nüfuz gətirmir.
3. Həmin bəyanatda hər iki tərəfdən iki nəfərin yaralandığı qeyd olunub. Amma bizim tərəfdə yaralanan yoxdur. Rusiya kimi bir dövlətin müdafiə nazirliyi kimi bir qurumu yalan məlumat yazmamalıdır axı. Dövlətə də, onun müdafiə nazirliyinə də qətiyyən yaraşmayan bir haldır və açığını deyim ki, qeyri-ciddi dövlət, qeyri-ciddi nazirlik təəssüratı yaradır.
4. Sizin təmsil etdiyiniz dövlət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyə borcludur. Bu borc müttəfiqlik müqaviləsində də bir daha rəsmi şəkildə təsdiqlənib. Sizin təmsil etdiyiniz dövlətin bütün qurumları bizim yer adlarımızı bizim dediyimiz kimi deməlidir, ermənilərin dediyi kimi yox. Söhbət gedən məlumatda isə bizim Fərrux kəndimizin adı Furux kimi yazılıb. Hansı ki, "Farrux" kimi yazılmalı idi.
6. Sizin təmsil etdiyiniz dövlətin o cür məsuliyyətli bir nazirliyi bizim ərazi bölgələrimiz barədə də qəsdən təhrifə yol verir. Söhbət gedən məlumatda "Аскеранский район" kimi qəribə bir təhrifə yol verilib. Azərbaycanda elə bir rayon yoxdur. O adda rayon 1991-ci ildə ləğv olunub. İndi o rayon Xocalı rayonudur.