Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkədir
Bu günlərdə cənab Prezident İlham Əliyevin iştirakı ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi ölkəmizin energetika sahəsində əlamətdar hadisə olmaqla yanaşı, həm də enerjiyə artan daxili tələbatı ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir.
Layihənin icraçısı olan Səudiyyə Ərəbistanının “Masdar” şirkəti dünyada tanınmış və böyük təcrübəyə malik şirkət kimi tanınır və bir çox ölkələrdə uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması da ölkəmizin xarici sərmayə üçün çox cəlbedici və açıq ölkə olmasından irəli gəlir.
Təqdirəlayiqdir ki, bu gün Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Artıq Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Ölkəmizin gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxması üçün belə stansiyaların inşa olunması ixrac imkanlarımızı artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, 385 meqavat generasiya gücü isə artıq yaradılıbdır.
Ölkəmizdə bərpaolunan enerji növlərinin inkişafı prioritet məsələdir. 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu, işin başlanğıc hissəsidir.
Müasir dövrdə qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan isə elektrik enerjisini yalnız təbii qaz, su, günəş və külək kimi ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir və bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar.
Bu baxımdan işğaldan azad edilmiş ərazilərimiz də böyük potensiala malikdirlər. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər də bu bölgəyə maraq göstərirlər.
Qeyd etmək lazımdır ki, ötən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaq və bunlar su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün isə daha böyük potensial var. Artıq bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya tikilib.
İndi elə bir dövrdə yaşayırıq ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Buna görə də Azərbaycan həm beynəlxalq maliyyə qurumlarının, həm də böyük şirkətlərin və investorların maraq dairəsindədir. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqlarımızın potensialı isə ölkəmizə olan bu marağı daha da artırır.
Jalə Əhmədova,
Milli Məclisin deputatı