azia.az
azia.az

Prezident: “Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır”

18-10-2016, 11:22

Prezident: “Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır”
Müstəqilliyin 25 illiyi ilə bağlı rəsmi qəbul təşkil edildi; Prezident İlham Əliyev mühüm açıqlamalar verdi

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycanın dövlət himni səslənib.

Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

“25 il əvvəl Azərbaycan Ali Soveti ”Müstəqillik haqqında" dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi" - deyə, prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, bu, müstəqillik uğrunda atılan ilk addım olmuşdu: “Sonradan Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan ulu öndər muxtar respublikanın adından ”Sovet Sosialist" sözlərini çıxarıb, üçrəngli bayrağımızın qəbul edilməsinə nail olub. Bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdı. Bundan əlavə, 1991-ci ilin əvvəllərində SSRİ-nin saxlanmasına dair referendum keçiriləndə Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Bütün bunlar göstərir ki, Heydər Əliyev müstəqilliyimizin banisidir".

Prezident daha sonra deyib: “Təəssüf ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Müstəqilliyimizin ilk illəri itirilmiş imkanlar dövrü idi. Məhz həmin dövrdə Ermənistan torpaqlarımızın işğalına başlayıb. Həmin dövrdə AXCP-Müsavat qruplaşması yarıtmaz fəaliyyəti ölkəmizi uçuruma apardı. Hakimiyyətdə olanlar yalnız öz mənafeləri üçün çalışdı. Ölkədə sabitlik pozuldu, vətəndaş müharibəsi başladı. Cəmi 1 il ərzində AXCP-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi acı olardı”.

Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanın inkişaf dövrü başlayıb: “Müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu var”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq informasiya təcridindən çıxıb, xarici siyasət prioritetləri müəyyən edilib, iqtisadi islahatlara başlanılıb: “Məhz həmin illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. 2003-cü il müstəqilliyimizin tarixi üçün mühüm əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycanın bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi. Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa Azərbaycan yenə bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərərək Heydər Əliyev siyasətinə səs verdi.

2003-cü ildən iqtisadiyyat sahəsində inkişaf dövrümüzü yaşadıq, iqtisadiyyat 3 dəfə artdı. Yoxsulluq 5 faizə endi, işsizliklə güclü mübarizə aparıldı, regionların inkişafına start verildi. Bölgələrimiz canlandı, şəhərlərimiz abadlaşdı. Azərbaycan elektrik enerjisi və qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Sosial məsələlər həll olundu, sosial infrastruktur layihələr icra olundu. Texnoloji inkişaf gücləndi. Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələri daha geniş miqyasa çıxdı.
Azərbaycanın enerji siyasəti dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatı yaradıb genişləndiririk".

Dövlət başçısı bildirib ki, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı da ciddi addımlar atılır: “Yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətli olacaq”.

Prezident bildirib ki, Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır: “Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır: “Bütün layihələrimiz əməkdaşlığa hesablanıb. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarını təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı mühüm əhəmiyyət daşıyır”.(apa)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi