Azərbaycan Ermənistanı yenə məhkəməyə verir - RƏSMİ
"Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatının qəbulu, həmçinin Brüsseldə keçirilən üçtərəfli görüş 2021-ci ildə Azərbaycan üçün mühüm hadisədir”.
Oxu.Az xəbər verir ki, bunu 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası da Bakının siyasətinin prioritetlərinə daxildir.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan-Ermənistan dövlətlərarası məhkəmə predmeti olan məsələlər də 2021-ci ildə aktuallıq qazanıb.
"Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın Ermənistana qarşı iddialarını bir məhkəmə baxışı, bir beynəlxalq konvensiya əsasında qaldırmaq mümkün deyil. Yaxın zamanlarda bir neçə konvensiya üzrə - ekologiya, ətraf mühitə zərərlə bağlı olaraq beynəlxalq arbitrajlara müraciət edəcək. Bununla da Ermənistan bu sahədə də məsuliyyətə cəlb ediləcək. Bu, 2022-ci ildə qarşıda duran vəzifələr sırasındadır”, - deyə nazir əlavə edib.