Ceyhun Bayramov Ermənistandakı seçkilərə dair Bakının mövqeyini açıqladı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə dair rəsmi Bakının mövqeyini açıqlayıb. Virtualaz.org xəbər verir ki, nazir Bakıda səfərdə olan qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə keçirdiyi brifinq zamanı “Yerevanın ölkədə yaranmış siyasi böhrandan düzgün nəticə çıxaracağını” gözlədiklərini deyib.
“Dünən, məlum olduğu kimi, Ermənistanda parlamentə növbədənkənar seçkilər keçirildi. Hökumətin formalaşması gözlənilir. Hesab edirik ki, bu proseslərin nəticəsi olaraq Ermənistan rəhbərliyi mövcud siyasi böhrandan düzgün, real nəticələr çıxaracaq. Bu böhranın kökləri dərinə gedir, səbəbi Ermənistanın beynəlxalq hüququ pozması və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdləridir”,-Ceyhun Bayramov bildirib.
Nazir xatırladıb ki, Azərbaycan ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistana təklif verib və bu təklif qüvvədə qalır. Onun sözlərinə görə, Bakının mövqeyi məlumdur və dəyişməz qalır, bu mövqe prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilib.
“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, ərazi bütövlüyünə hörmət edilməsinə suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanaraq Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Və bu istiqamətdə öz təklifini verib. Rəsmi Bakı hesab edir ki, region ölkələrinin qarşılıqlı əməkdaşlığının alternativi yoxdur”,-Ceyhun Bayramov deyib.