İstanbul-İrəvan reysləri ilə bağlı Çavuşoğludan açıqlama
“Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan-İstanbul reyslərinin açılması məsələsi ilə bağlı müraciətlərini nəzərdən keçirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunları ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, aviaşirkətlərin müraciətlərinə Nəqliyyat Nazirliyində və Mülki Aviasiya Baş İdarəsində baxılır.
“Prinsipcə, Türkiyə tərəfinin bu məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə hansı şirkətlərin sözügedən marşrut üzrə uça biləcəyi müəyyən ediləcək”, - deyə Çavuşoğlu söyləyib.
Türkiyənin XİN rəhbəri xatırladıb ki, Türkiyə və Azərbaycan 44 günlük müharibədən sonra Ermənistanın ünvanına müsbət ismarışlarla çıxış ediblər.
O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır.