Məşhur rus general azərbaycanlıları TƏHQİR ETDİ!
Qatı ermənipərəst və qaragüruh mövqeyi ilə seçilən rusiyalı general Mixail Moiseyev növbəti dəfə sərsəm fikirlər səsləndirib.
Ermənistanda faşist əlaltısı Qaregin Njdeyə abidə qoyulan zaman susan bu üzdəniraq hərbçi azərbaycanlıların ünvanına tənqid və təhqir səsləndirib. İddia edib ki, Qarabağda vaxtilə faşistlərə qarşı döyüşən sovet marşalı Sergey Xudyakovun (Armenak Artemoviç Xanferyants) abidəsi "vandalcasına dağıdılıb". Halbuki həmin abidə 44 günlük müharibə zamanı elə ermənilərin özləri tərəfindən də dağıdıla bilər. Ümumiyyətlə, hələ bu faktın özü də təsdiqini tapmayıb. General "ümid edirik ki, Azərbaycan rəhbərliyi və ictimai təşkilatları bu cür iyrənc və vəhşi təzahürlərə və hər bir vətəndaş, vətənpərvər üçün əziz olan ən müqəddəs şeyə əl qaldıranlara lazımi qiymət verəcək" deyib. Maraqlıdır, bu üzdəniraq general niyə vaxtilə işğal altında olan Azərbaycan torpaqlarında dağıdılan abidələr, Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların heykəlləri vandalcasına dağıdılanda susurdu? Çox güman ki, erməni ağalarından aldığı pulun təsirindən bunu etməyə cürəti çatmayıb. Qeyd etdiyimiz kimi, İrəvanın mərkəzində faşistlərə əməkdaşlığı tarixi faktlarla sübuta yetirilən Njdenin az qala 20 metrə çatan abidəsi ucaldılıb. Abidənin qoyulmasından isə 6 ilə yaxın vaxt keçir. Düzdür, bir neçə il əvvəl Rusiyanın müxtəlif dairələrində Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxışlar oldu. Lakin 44 günlük müharibəyə qədər. Müharibədən sonra Rusiya rəsmiləri bu abidə barəsində bir kəlmə olsun belə danışmaq istəmirlər. İndi isə Rusiyanın qaragüruhçu bir hərbçisi faktları araşdırmadan, abidənin hansı şəraitdə dağıdılmasına toxunmadan belə bir cəfəng təhqir və tənqidlər səsləndirir.