Azərbaycan veteranları Bakıya gələn Lavrova müraciət etdi
Azərbaycan Veteranlar Təşkilatı Rusiya Xarici İşlər naziri Sergey Lavrova müraciət edib. Azərbaycan veteranları virtualaz.org saytının redaksiyasına müraciətlərində nasizmin Ermənistan tərəfindən təbliğ edilməsindən narahat olduqlarını və Xocavənddəki nasist Njdenin heykəlinin sökülməsinin vacibliyini bildiriblər.
"Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz - Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi.
Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur", - müraciətdə bildirilib.
Müraciətdə bu faşistləri tərifləmək və onlara haqq qazandırmaq üçün Rusiyadakı erməni diasporasının təşkil etdiyi tədbirlər sadalanır. Bundan əlavə, azərbaycanlı qazilər Njdenin Xocavənddəki abidəsinin sökülməsinin vacibliyini qeyd ediblər.
"Diqqətinizə çatdırmaq istəyirik ki, bir vaxtlar Ermənistan tərəfindən işğal edilmiş və hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Xocavənd bölgəsində faşist Njde üçün başqa bir abidə ucaldıldı. Azərbaycan ərazisində belə bir abidənin mövcudluğu qəbuledilməzdir və heç vaxt yalnız dövlətimizin və xalqımızın deyil, ümumiyyətlə ümumbəşəri və mənəvi dəyərlər baxımından tanına bilməz", - məktubda qeyd olunub.
Müraciət edən müəlliflər qeyd edirlər ki, Sovet xalqının igidliyinin mübarək xatirəsi bu gün Azərbaycanda böyük hörmətlə xatırlanır, 9 May Qələbə Günü isə həmişəki kimi hələ də ən hörmətli dövlət bayramlarından biridir.