“Lavrovun açıqlaması daxili işlərimizə müdaxilədir” – Politoloq Rusiyaya ultimatum verilməsinə çağırdı
Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağın ermənilər yaşayan hissəsində iqtisadi inkişaf prosesinin Rusiyanın aktiv iştirakı ilə reallaşdırmaq istəyini ifadə edib. Nazir Qarabağın bu ərazilərinin aşkar iqtisadi rentabelliyə malik olduğunu deyərək, investorlara çağırış edib.
Səsləndirilən fikirləri şərh ediən politoloq Natiq Miri bildirib ki, Lavrovun bu bəyanatı Azərbaycan üçün mesaj xarakteri daşıyır:
“Lavrovun bu açıqlaması Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır, Azərbaycan konstitusiyasını qəbul etdikləri təqdirdə yenidən bu ərazidə yaşaya bilərlər. Onların təhlükəsizliyindən, hüqularının təmin olunmasından Azərbaycan məsuldur. Belə olduğu halda Rusiya kimi bir dövlətin Azərbaycanın daxili işlərinə müdaxiləsi onun Qarabağda yaşayan erməniləri öz əhatə dairəsi altında görməsindən irəli dəlir. Bu həm də Azərbaycana mesajdır ki, Azərbaycan həqiqətən də ermənilərin yaşadığı Qarabağ ərazisini öz hakimiyyəti altında görmək istəyirsə, Rusiyanın istəklərinə uyğun hərəkət etməlidir”.
Ekspert investorların ermənilərin yaşadığı Qarabağ ərazisinə hazırda sərmayə qoymaq niyyətlərinin olmadığını deyib:
“Lakin heç bir investor Qarabağda ermənilərin yaşadığı müddətdə ora investisya qoymaq istəməz. 30 ilə yaxın Rusiyanın hamiliyi ilə Qarabağın təbii sərvətləri mənimsənilib. Bu amil mübahisə predemetidir və Azərbaycan həmin şirkətlərdən öz haqqını tələb edəcək. Azərbaycan XİN tərəfindən Rusiyaya ultimatum göndərilməlidir ki, bu cür məsələlərə qarışmasın, Azərbaycanın daxili işinə qarışmaq olmaz. Əgər Rusiya erməniləri maliyyə cəhətdən təmin etmək istəyirsə, buyursun. Lakin Rusiyanın indi buna niyyəti, imkanı yoxdur”.
Əzizə Zeynal