İsveçrə görüşü necə nəticələnəcək?
Oktyabrın 8-i Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrəyə işgüzar səfərə yola düşüb. XİN bildirib ki, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.
Bəs görüş necə nəticələnə bilər? Bu görüşdən gözləntilər nələrdir?
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, görüşün nəticəsi olmayacaq:
"Ceyhun Bayramov Azərbaycanın bir şərtini deyəcək. Ermənistan qoşunları Azərbaycan torpaqlarını tərk etməlidir. Həmsədrlər də bunu qəbul etməyəcək, görüş də beləcə bitəcək. Xüsusi bir gözləntim yoxdur bu görüşdən. Həmsədrlər güya göstərmək istəyirlər ki, fəaliyyət göstərirlər. Müharibənin 11-ci günündəyik. Həmsədrlər müşahidəçi kimi görünməmək üçün belə görüşlər təşkil edir. Görüş sonrası ATƏT-ə hesabat veriləcək ki, hər iki tərəflə görüşülüb və danışıqlar prosesini başlatmaq istəyirlər. Nəticəli bir görüş olmayacağını düşünürəm”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy da bu görüşün Atəşkəslə nəticələnəcəyini düşünmür:
"Bu sadəcə bir müzakirədir. Hərə öz fikrini bildirəcək. Minsk qrupu hərbi əməliyyatları dayandıracaq gücdə deyil. Minsk qrupunun 3 həmsədri var. Bunlardan biri Fransadır. Ölkə prezidenti Fransa prezidentinə çox sərt açıqlar verib. Azərbaycan tərəfi Misk qrupunun formatının dəyişməli olduğu qənaətindədir. Digər həmsədr olan Rusiya isə bizə əngəl törədə biləcək ölkə olsa da dünən ki müsahibəsində hazırda Putin hərbi əməliyyatların Ermənistan ərazisində keçirilmədiyini deyərək bildirib. Amerikanın isə bölgə maraqları başqadır. Bizimkilər müharibə deyəcəklər, onlar atəşkəs deyəcək, görüş bitəcək. Bu sadəcə diplomatic görüşdür, diplomatlar öz işlərini görürlər. Görüşün hazırkı prosesdə təsiredici gücə sahib olacağını düşünmürəm”.