azia.az
azia.az

“Hamilə qadınlar arasında COVİD-dən ölənlər var, yaxın günlərdə…”-İnfeksionistdən SOS

14-10-2021, 14:18

“Hamilə qadınlar arasında COVİD-dən ölənlər var, yaxın günlərdə…”-İnfeksionistdən SOS


Son günlər koronavirusa yoluxma sayı yenə də artıb. Yazını hazırladığımız zaman koronavirusa Son sutkada Azərbaycanda koronavirusa 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Bununla belə, ölkəmizdə ənənəvi qrip də yayılıb. Bəziləri deyir ki, bu, müsbət haldır, artıq pandemiya bitəcək. Amma insanlar çaşqınlıq içindədir. Bəlkə bu qrip koronanın yeni ştammıdır deyə təşviş kemirənlər də var. Koronavirus pandemiyası qonşu ölkələrdə - Gürcüstan, Rusiya və İranda tüğyan edir. Bəs görəsən, bizdə neçənci dalğadır?

“Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova danışıb: “Hazırda mövsümi dəyişikliklərlə əlaqədar olaraq nəinki qrip, ümumiyyətlə, yuxarı tənəffüs yollarının xəstəliklərində artım müşahidə olunur. Bu həm də məktəblərin, universitetlərin yenidən fəaliyyətə başlaması ilə əlaqədardır. Yoluxma zəncirinin belə artması nəticəsində digər yuxarı tənəffüs xəstəliklərində də artım müşahidə olunur. Hazırda yeni ştamm var, ya yox, bunu demək çox erkəndir. Çünki belə bir fərqli gedişatlın koronavirus, yaxud yeni bir ştamm ölkəmizdə aşkar olunmayıb. Biz bunlara dalğa deyil, xəstəliyin pik səviyyəyə yüksəlməsi kimi daha çox qiymətləndiririk. Amma hal hazırki vəziyyətdə yeni yüksəlmə müşahidə olunmur. Xəstəlikdən yeni yoluxanların sayında artımlar mütəmadi olaraq müşahidə olunacaq. Bu da möhsüm dəyişikliklərlə əlaqədardır”.

İnfeksionist son epidemioloji vəziyyətlə bağlı danışıb: “Ümumilikdə götürdükdə, son “Delta” ştammı hamilələr və 12-18 yaş arası uşaqlarda da yoluxma və hətta ölüm göstəriciləri olduğu üçün yeniyetmələrin də vaksinasiyası gündəmdə olacaq. Hamilələrin də vaksinasiyası gündəmə gələcək. Çünki artıq Azərbaycanda hamilə qadınlar arasında da ölüm halları baş verdi və yeniyetmə uşaqlar arasında da ölkəmizdə ölüm halları oldu. Bu tək Azərbaycanda yox, dünya üzrə belədir və ona görə də dünyada qərara alındı ki, ailə və yeniyetmələr də vaksinasiya olunmalıdır. Yəni pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da “Yeni Müsavat”a mövzu ilə bağlı danışıb: “Mövsümlə əlaqədar olaraq tənəffüs yollarının virus xəstəliklərinə hər zaman rast gəlinir, lakin, istənilən halda öskürmə, burun axma, qızdırma və sairə qripə bənzər simptomlarla müşayiət olunan bir xəstəliyin COVİD-19 olub-olmaması, klinik əlamətlərə görə deyil, ən dəqiq diaqnozu üçün PCR testinin aparılmasıdır. Hazırda biz 4-cü dalğanı yaşayırıq”.

Həkim vaksinasiyanın vacibliyindən danışıb: “Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir.

Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “SinoVac”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.

“Delta” ştammının fəsadları vaksinin qüvvətləndirici üçüncü dozasını aktullaşdırıb. Dünyada müşahidə olunan tendensiyalar COVİD-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Yüksək risk qrupuna daxil olunan insanlar barədə də xüsusi qeyd edim. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalı risklidir. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür”.

K.İsmayılova əlavə edib ki, hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var: “Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir. ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi sübut olunub. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilə”r.

Qeyd edək ki, koronavirus əleyhinə 39 810 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 795 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 037 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 903 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 133 680 təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi