Əhali həkim qəbuluna elektron yazılmağa maraq göstərmir
Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti istifadəyə verilib.
Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, iyunun 1-dən Bakı şəhəri üzrə tam istifadəyə verilən elektron xidmətdən istifadə sıfır səviyyəsindədir.
Belə ki, yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri uşağın qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən, “Elektron səhiyyə” internet portalından həkim qəbuluna yazılma və ya evə çağırış üçün müraciət edə bilərlər. Amma xidmət tətbiq olunmasından xeyli vaxt keçməsinə baxmayaraq bu günə kimi elektron qeydiyyata düşmək istəyən vətəndaşların sayı yox səviyyəsindədir.
Nazirlik bu sahədə əhalinin məlumatlandırılması üçün mətbuat nümayəndələrinin üzərinə mühüm vəzifə düşdüyünü də qeyd edir.
Qeyd edək ki, elektron qeydiyyatdan keçmək istəyən valideynlər bunun üçün esehiyye.az saytının “Elektron xidmətlər” bölməsinə daxil olub “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” xidmətindən istifadə edə bilərlər.
Nəzərinizə çatdıraq ki, hazırda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidmətinə Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər.