İndi də “Lambada” stammı gəlir: Yoluxmada artım bununla bağlıdır...
Dünyada və ölkəmizdə vaksinasiya prosesi intensiv şəkildə davam etdirilir. Amma buna baxmayaraq, dünya üzrə epidemioloji vəziyyət getdikcə daha da ağırlaşır. Bu arada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 1289 yoluxma faktı qeydə alınıb. Göründüyü kimi, bizdə də yoluxma dörd rəqəmli sayla artmaqda davam edir.
Bəzi ekspertlər yoluxmaların bu cür artmasını vakinasiyanın yeni ştammlara qarşı qoruyucu olmaması ilə əlaqələndirirlər. Son günlər uşaqlar arasında müxtəlif virusların yayılması da narahatlıq doğurur. Bəs görəsən, bu gedişlə qapanmaları gözləyəkmi? Ölüm hallarının artması Azərbaycanda "Delta" stammının yayıldığına işarədirmi? Ənənəvi tədrisin bərpası da gündəm mövzusudur. Məktəblərin açılıb-açılmaması ilə bağlı əks fikirlər səsləndirilir...
Yeri gəlmişkən, ötən gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat"ının verilməsinə başlanılıb. "Əks göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikat"ı veriləcək.
Mövzu ilə bağlı bu və digər suallara cavabı Yeni Azia.az-a infeksionist-hepatoloq Mərdan Əliyev verib: "Hazırda koronavirusla bağlı vəziyyət çox da ürəkaçan deyil. Yoluxmaların sayı get-gedə artmaqdadır. Bu da təbii ki, "Delta" ştammı ilə, əhalidə maskalara qarşı biganəliyin olması, karantin qaydalarının yumşaldılması və toyların açılması ilə əlaqədardı. Toylarda da bildiyimiz kimi, maska taxmaq, sosial məsafələrə əməl etmək mümkün deyil və orada bir neçə nəfərdə xəstəlik aşkar və ya simptom formada olarsa, digərlərini çox asanlıqla yoluxdura bilirlər. Buna görə ölkədə koronavirusa yoluxma sayı artıq sürətlə artmaqdadır. Qapanmalar məsələsinə qaldıqda isə burada vaksinasiya prosesi aparılır, təbii immunizasiya ilə yoluxanlar, yəni özü yoluxub-sağalanlar var. Həm də yoluxub sağalanlar ikinci dəfə yoluxursa, virusu yüngül keçirirlər. Onlara xəstəxana şəraiti tələb olunmur və vaksin olunanlar da yoluxarsa, əksər hallarda xəstəxana şəraiti tələb olunmur. Düzdür, qızdırma və orta ağır dərəcədə xəstəliyi keçirirlər. Amma burada da xəstəxanaya yatmağa ehtiyac olmur və ölüm hallarının sayı da bu dediyim iki qrup arasında kifayət qədər azdır. Buna görə qapanmalara gedilməsinə bunların da təsiri var. Çünki xəstəxana şəraiti az tələb olunanda, xəstəxanalarda yer kifayət qədər olanda qapanmalara da çox gedilmir. Üzü payıza gedirik, payızda da yenə yoluxma sayında artım müşahidə olunacaq. Çünki artıq yoluxma üçün əlverişli fəsildir. Buna görə müəyyən qədər qapanmalar ola bilər. Amma ciddi məhdudiyyətlər gözləmirik".
Mərdan Əliyev
İnfeksionist bildirib ki, ölüm hallarının artmasında ciddi artım müşahidə olunmur: "Bildiyimiz kimi, bu yoluxma sayı mini keçsə də, ölüm hallarının sayı dörd-beş nəfər olur. Amma əvvəlki dalğa ilə müqayisədə bu azdır. Bununla belə, bir nəticəyə gəlmək olar ki, həm vaksinasiya, həm yoluxub-sağalanlarda əmələ gələn immunitet "Delta" ştammına qarşı bizi kifayət qədər qoruyur. Yəni ən azı xəstəliyi yüngül keçirməyimizə səbəb olur. Nəzərə alsaq ki, artıq "Delta" ştammı ölkədə kifayət qədər yayılıb və yoluxanların əksəriyyəti də çox böyük ehtimalla "Delta" ştammı ilə əlaqədardır. İndi başqa ştammlar da gəlir. Artıq koronavirusu "Lambada", "Alfa" əvəzləyir. Yəni belə bir məlumatlar da var. Buna görə təbii haldır, yeni ştammlar var və müəyyən yerlərdə yayılıb. Virus yayılan həmin yerlərdən gələn insanlar bizdə artıq həmin ştammları yoluxdurmağa səbəb olur. Həmin insanlar arasında da yoluxma bu ştammın sayının artmasına səbəb olur və bu yolla da bir-birini ehtiramla əvəz eləyə bilir".
M.Əliyev bildirib ki, ənənəvi tədrisin bərpası məsələsi gözlənilən deyil: "Çünki üzü payıza gedir və yoluxma sayı artır. Ənənəvi tədrisin bərpası uşaqlar arasında yeni yoluxanların sayının artmasına gətirib çıxarır. Açığını desəm, mən tövsiyə də eləmirəm. Zaman göstərəcək. Bunu tövsiyə etməzdim, çünki bu, yoluxmaların sayını artıracaq. Burada toplu şəklində uşaqlar arasında profilaktika qaydalarına riayət eləmək çətindir. Onlara başa salmaq çətindir. Ona görə ənənəvi tədrisin bərpasını bu payız gözləmirəm".
Azərbaycandan fərqli olaraq Rusiyada məktəbli valideynlərinin bəxti bu dəfə gətirib. Avqustun 16-dan başlayaraq Rusiyada məktəbli valideynləri yeni tədris ili ilə bağlı dövlətdən 10 min rubl məbləğində (təxminən 233 manat) birdəfəlik ödəniş alacaqlar. Ödəniş 6-18 yaş arasında olan bütün şagirdlərə şamil ediləcək. Ödəniş verilməsində ailənin maliyyə imkanları nəzərə alınmayacaq. Yəni nəzərdə tutulan vəsaiti varlı da alacaq, kasıb da. Bundan başqa, yaşı 18-23 aralığında olan, ancaq əlilliyi olan məktəblilər də dəstəkdən yararlana biləcəklər.
Təxmini hesablamalara görə, dəstək proqramı 20 milyon nəfərə yaxın şagirdi əhatə edəcək vəsaitin ödənişi hökumətə 170 milyard rubla (4 milyard AZN) başa gələcək. Təsəvvür edin ki, Azərbaycanda da belə bir proqram icra olunur və 3 övladı təhsl alan ailə 700 manat pul alır ki, övladlarının məktəb ehtiyaclarını ödəsin. Məncə, az pul deyil..."