"Həmkarımızın virusa yoluxub o vəziyyətə düşməsi bizi sarsıtdı" - Azərbaycanlı həkimlə MÜSAHİBƏ
"Həmkarımızın virusa yoluxub o vəziyyətə düşməsi bizi sarsıtdı" - Azərbaycanlı həkimlə MÜSAHİBƏ
Uzun müddətdir dünya koronavirusla mübarizə aparır.
Demək olar ki, dünyanın hər yerində tətbiq olunan karantin rejimi ilə bağlı insanlar evlərində qaldığı bir vaxtda həkimlər çətin günlərin gizli qəhrəmanı olub. Səhiyyə işçiləri bu günlərdə əlini daşın altına qoyaraq virusla mübarizənin öndərinə çevrilib.
Ölkəmizdə də səhiyyə işçiləri aylardır ailələrindən kənar qalaraq, sağlamlıqları bahasına virusla mübarizə aparır. Bu həkimərdən biri də Namazova Kəmalə Novruz qızıdır. O, 2000-ci ildən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində Anesteziologiya və reanimasiya şöbəsində işləyir. Tibb üzrə fəlsəfə doktoru və dosentdir.
"MediaPost" həmin gizli qəhrəmanlardan olan həkim Namazova Kəmalə ilə müsahibəni təqdim edir:
- Koronavirusla mübarizəyə nə vaxtdan qoşulmusunuz? Nəçə müddətdir xəstəxanada qalırsınız?
- Bu yaxınlarda sosial şəbəkədə bir videoçarx gördüm. 20-22 yaşlarında bir oğlana sual verdilər ki, özünlə fəxr edirsən? O da cavabında "bəli, mən aprel döyüşlərində iştirak etmişəm" - dedi. Bir anlıq o balaca oğlana paxıllıq etdim ki, belə az yaşında vətən üçün bir şey edib. Ona görə, martın 7-də ilk dəfə TƏBİB-in e-mailinə könüllü olaraq məktub yazdım. Heç xəbərim olmayıb ki, Azərbaycanda ilk könüllü mən yazılmışam. Martın 28-i Cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə "Yeni Klinika"nın açılışı oldu və bu tibb müəssisəsi COVID-19-la mübarizə aparmaq üçün ixtiyarımıza verildi. 29 mart səhər 9-da baş həkim Y.Əliyevdən mənə zəng gəldi və dedi ki, təcili "Yeni Klinika"ya işləməyə gedirsən. Əvvəlcə tutuldum, uşaqlarım yatmışdılar. İkisi də oyanıb mənim üzümə baxırdılar. Əvvəlcə bir az qorxdum. Evdən çıxanda, hətta kövrəldim. Amma "Yeni Klinka"da həmkarım Vüsal Nəbiyevi görəndə çox ürəkləndim. Beləcə, martın 29-dan indiyə qədər reanimasiyada ağır xəstələrlə işləyirəm.
Boğuluram, ay Allah, məni balalarıma bağışla
- Ağır vəziyyətdə olan viruslu xətələri necə müalicə edirsiniz?
- Burada bir nəfərin yox, böyük bir insan kütləsinin zəhməti var. Rəhbərlik, infeksionistlər, reanimatoloqlar, radioloqlar, laboratoriya işçiləri, əczaçılar, anbardarlar, tibb bacıları, kiçik tibb bacıları, yeməkxanada işləyənlər, camaşırxanalar, mühafizəçilər və digərlərinin saymaqla bitməyəcək zəhməti var. Xəstələr klinikaya daxil olan kimi döş qəfəsinin kompüter tomoqrafiyası, laborator analizlərdən keçir. Reanimasiya şöbəsində ikitərəfli total pnevmoniya fonunda inkişaf etmiş kəskin respirator disstres sindromlu, tənəffüs çatışmazlığı olan xəstələr qəbul olunur. Reanimasiyada indiyə kimi 24 xəstə müalicə alıb. Xəstələrin hamısına pron pozisiya verib, süni tənəffüs aparatlarında CPAP maska ilə spontan ventilyasiya rejimində PEEP 8-10, FiO2-40-50% olmaqla, antiviral və antibakterial müalicə təyin etməklə işə başlayırıq. Həmçinin xəstələrə kiçik molekullu heparinlər vurulur. Volemiya, temperatur, hemodinamika, qanın qaz tərkibinə ciddi nəzarət edirik.
- Bu virus adi qrip virusu olsa da, niyə bu qədər insanı öldürür?
- Koronavirus uzun illərin xəstəliyi olsa belə, öz genetik kodunu dəyişmiş, mutasiyaya uğrayıb. Xəstələrin vəziyyətinin ağırlaşmasına səbəb başqa xəstəliklərlə birlikdə özünü göstərməsidir. Məsələn, ürəyin xroniki işemik xəstəliyi, şəkərli diabet, ürək çatışmazlığı, qan xəstəliklərinin olması və immun sistemin zəifləməsi problemlərinə tez-tez rast gəlirik. Bu COVID-19 virusu sanki ağciyər toxumasında "kimyəvi yanıq" yaradır. Ağciyər toxumasının çox hissəsi tənəffüs prosesində iştirak etmir və hipoksiya yaranır ki, bunun nəticəsində bütün orqanizmin orqan və toxumaları zədələnir və onların fəaliyyətində yetərsizlik əlamətləri başlayır.
Boğuluram, ay Allah, məni balalarıma bağışla
- Bu müddət ərzində sizi dərindən sarsıdan bir hal olub?
- Təbii ki, olub. Kolleqamın (ailəsi adının açıqlanmasını istəmir) intubasiyası məni dərindən sarsıtdı. Çünki uzun illər əvvəl həkimimizlə birlikdə eyni klinikada işləmişdim. Onu hipoksik vəziyyətdə görmək məni yandırırdı. Tənəffüsünün dəqiqəlik sayı 42-45, saturasiya 68% idi. Artıq posthipoksik ensefalopatiya başlayırdı. Nəbzi 40-45 arasına enmişdi. Ani bir gecikmə həkimin həyatının sonu ola bilərdi.
- Kolleqanızın hazırda vəziyyəti necədir?
- Çox kritik ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Tənəffüs çatışmazlığı dərinləşmiş, artıq bütün orqan və toxumalarda oksigen azlığı yaranmışdı.12 gün süni ventilyasiyada qaldı. Bu müddətdə reanimasiyanın bütün üzvləri gecə-gündüz pasiyentlərlə işləyirdi. Azərbaycanın elə bir bölgəsi yox idi ki, bizdən həkim barədə xəbər almasınlar. Xəstədə artıq sepsis də inkişaf etmişdi. Xəstəxanaya daxil olandan 15 gün sonra xəstəni ekstubasiya edib, spontan tənəffüsə keçirtdik. Bu müddət ərzində baş həkim P. Abbasov, infeksionistlər Vasif Əliyev, Dilman həkim daima xəstəni konsultasiya edirdilər. Hazırda vəziyyəti yaxşıdır.
- Virusdan dünyasını dəyişən pasiyentiniz var?
- Şükürlər olsun ki, bizim klinikada letallıq olmayıb. Güman edirəm ki, olmaz da. Heç bir həkimə xəstə yaxını önündə aciz qalmasını arzulamıram. Təsəvvür edin ki, virusa yoluxmuş xəstə kiminsə atası, övladı, qardaşı, babasıdır. Hamı evdə onun yolunu həsrətlə gözləyir. Həkimin işi də budur ki, xəstəsini qohumlarına salamat qaytarsın. Amma bəzən elə hallar, patologiyalar var ki, nəinki həkim, bütün dünya bir xəstəliyin əlində aciz qalır.
- Virusun tam bitəcəyini düşünürsünüz? Əgər bitsə, bu hansı tarixə təsadüf edə bilər?
- Zənnimcə, əgər qaydalara əməl olunsa, may ayının sonlarına virusa əlvida deyə bilərik. İnanıram ki, tezliklə Cənab Prezidentimiz televiziyadan Azərbaycan həkimini bu qələbə münasibətilə təbrik edəcək. Hamımız yenidən normal həyat tərzimizə qayıdacağıq. Bu gün özümə borc bilirəm ki, dövlət başçımıza belə bir vaxtda xalqımızın qayğısına qaldığına, həkimlərə və xəstələrə yaratdığı şəraitə görə dərin minnətdarlığımı bildirəm. Həmçinin bu gün biz həkimlərin yetişməsində müəllimlərimizin, əməkdaşlarımızın böyük zəhməti olub. Hər birinə can sağlığı, uzun ömür, sağlam qalmağı arzu edirəm!