azia.az
azia.az

İran balığı Lənkəran bazarlarına necə ayaq açıb?

29-03-2021, 20:51

Lənkəranda vaxtilə su qiymətinə olan balıq həm qıtdır, həm “od qiymətinə”...
- Neçəyədir ziyad?

- 11 manata.

- Nə baha?!

- Neyləyək, balıq qəhətdir...

Adətən, bayramqabağı qıt və baha olan balıq -Novruz bayramında, xüsusən İlaxır çərşənbədə ən kasıb lənkəranlının da süfrəsində olmalıdır- martın 20-dən sonra da yenə bol, ucuz, əlçatan deyil.

Bu tətil günlərində Lənkəranda vətəgələrdə, şəhərin mərkəzində yerləşən bazarda balıq ya tapılmır, ya da elə qiymətədir ki, yaxın düşməli deyil.
İran balığı Lənkəran bazarlarına necə ayaq açıb?
Əslində xeyli vaxtdır ki, Lənkəranda kütüm sadə əhalinin gündəlik qida rasionundan çıxmaqdadır. Baş çəkdiyim vətəgələrdə söhbətləşdiyim balıqçılar daha “köhnə əyyamların” olmadığını deyirlər.

Öyrənirik ki, motorlu qayıqları balıq ovu üçün çox da uzağa getməyə icazə vermirlər. Balığın da ləzzətlisi, yağlısı dənizin dərinliklərində olur...

Nə qədər dərindən balıq ovlasan, o qədər dadlı olur. Onların sözlərinə görə, iqlim də dəyişib. Bakı yalan olub, indi Lənkəran əsl küləklər şəhərinə çevrilib. Əvvəllər bu regionda külək nə gəzirdi?!

İndi Lənkəranda tez-tez külək əsir, hava da küləkli oldusa, balıq ovuna necə çıxsınlar...Bu da bir tərəfdən balıqçıların işinə təsir edir.

Amma bazarlarda balıq məhsullarının satışının azalmasında, qiymətinin artmasında digər səbəbləri də var- “balıq mafiyası”, monopoliya və s.

Çox maraqlıdır ki, indi restoranların, şadlıq saraylarının karantin səbəbindən balıq məhsullarına tələbatı da yoxdur. Əvvəllər belə balıqların vətəgələrdən kafe-restoran, şadlıq evlərinə daşındığı deyilirdi. İndi isə xidmət sektorunda durğunluqdur, amma balıq yenə bahadır.

Məsələn, siz əvvəllər Lənkəranda 5-7 manata normal çəkidə kütüm ala bilərdiniz. İndi bazarda 15 manata balaca balıq təklif edirlər. Ona görə könlü balıq istəyən, gərək 15-18 manatından keçsin. Bu da kasıb, aztəminatlı təbəqə üçün əlçatmaz məbləğdir, bu pula 2 kilo ət almaq olar.

Üstəlik, lənkəranlılar bineyi-qədimdən öyrəşiblər ki, balıq ucuz olsun, gündəlik süfrədə, menyuda görünsün. İndi əhali buna tamarzı qalıb.

Amma neçə gündür ki, vətəgələrdə və bazarda qulaq verdiyim bütün bu söhbətlər bir o qədər təəccüblü olmadı. Ən gözlənilməzi Lənkəran bazarına İran balıqlarının ayaq açmasıdır. Özü də necə?

Deməli, İrandan yük maşınlarında buzlu kütüm balıqları gətirilir və yerli məhsul kimi satışa çıxarılır. İnsanlar bundan artıq duyuq düşüblər və Lənkəran balığı olub-olmadığını ayırd edə bilirlər.

Balıqçılar danışırlar ki, İran tərəfi Xəzərdə böyük torlar qurur, böyük məhsul götürür və Azərbaycana da daşınır. Əsasən, Ənzəli balığı Lənkəran bazarlarında boldur. Ənzəli İranın Gilan inzibati ərazisinə daxil olan şəhərlərdən biridir. Bu yer balığı ilə məşhur yerlərdəndir və əsasən də kütümü ilə seçilir. İndi görün, hansı vəziyyət yaranıb ki, Ənzəli balığı Lənkəran bazarlarına gəlib çıxıb. Bu, son 25 ildə olmayan hadisədir.

90-cı illərin əvvəllərində, İranla sərhədlər yeni açıldığı dövrdə müəyyən qədər qonşu ölkədən balıq idxalı olub, amma öz məhsullarımızın bolluğundan sonrakı illərdə buna ehtiyac yaranmayıb.

Son vaxtlar isə yük maşınlarında İran balığı gətirilir və yerli məhsul kimi təqdim olunur.

Emil SALAMOĞLU,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi