“Parlament seçkiləri çox maraqlı olacaq”
“Parlament seçkiləri çox maraqlı olacaq”
Siyavuş Novruzovdan YAP-çı deputatlara ilginc xəbərdarlıq: “Mən bunu ona görə dedim ki, heç nədən qorxmayın...”
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun parlamentdəki çağırışı hələ də müzakirə olunmaqdadır. YAP funksionerinin deputat həmkarlarına xitabən “söyüş müxalifəti” ilə mübarizəyə çağırması birmənalı qarşılanmadı. “Yeni Müsavat”a müsahibəsində yanaşmasına aydınlıq gətirməsini istədik və digər suallara da cavab aldıq..
- Siyavuş bəy, parlamentdə həmkarlarınıza müraciətlə söyüş söyənlərin cavabını 20 qatı artığına qaytarmağa çağırdınız, “bunlarınkı ancaq söyüşdür. Söyüş söyürlərsə, biz də onun qarşılıqlı cavabını verməliyik” - dediniz. Sonradan dediklərinizlə əlaqədar öz-özünüzə düşündünüzmü?
- Bəli. Mən bunu nədən ötrü dedim? Bir qrup insan var ki, cavab verməkdən çəkinir. Onların bəhanəsi nədən ibarətdir? Ortaya mövqe qoymaq əvəzinə, deyirlər ki, biz onların səviyyəsinə düşməməliyik. Yaxşı düşmə, ziyalı kimi cavab ver! Yaxud öz bildiyin tərzdə, bildiyin formada cavab ver! Amma mövqeyini ortaya qoy! Görürsən ki, bir çoxu tərif deyilməsi məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa. Gedib gecə xüsusi kitablar oxuyur ki, hansı kitabdan hansı tərifi götürüm, qeyd edim. Amma ortaya mövqe qoymaq məqamı çıxanda kənara çəkilir.
- Müqayisə bəlkə də qüsurlu görünə bilər. Yəqin yaxşı bilirsiniz ki, Peyğəmbərimiz də ona qarşı həqarət edənlərlə “eyni dildə” danışmağı özünə rəva bilməyib, səbirli davranıb. Amma siz komitə sədri olaraq təhqirlərə yol verənlərlə mübarizədə bəlkə daha konstruktiv yol təklif etsəniz, barışdırıcı mövqe tutsanız, daha yaxşı olmazdımı?
- Düz deyirsiniz. Mənim barışdırıcı mövqeyimə gəlincə, xatırlayırsınızsa, elə sizin qəzet vasitəsilə müraciət etmişdim. Azərbaycandakı bütün siyasi partiya rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə, tanınmış insanların ailə üzvlərinə müraciət etdim ki, bu söyüş kampaniyasına öz münasibətinizi bildirin. Birinci, bu işi mən başlamışam ki, söyüş olmasın. Ondan sonra söyüş söyənlər bir az da şirnikləndilər. Elə hesab etdilər ki, bununla guya bizi daha da qıcıqlandırırlar və s. Mən də Peyğəmbərdən onlarla misal gətirə bilərəm. Amma Peyğəmbərin ətrafında olanlar tamam başqa cür düşünürdülər, lazım gələndə başqa addımlar atırdılar. Məsələn, Ömərin məsələyə bir, Əbu-Bəkrin bir başqa, Həzrəti Əlinin başqa yanaşma tərzi var idi. Müaviyyə pulunu alırdı, digəri tərbiyə eləmək istəyirdi. Yəni Peyğəmbər ətrafında olan insanların hər birinin öz yolu olub. Biri qılıncla, digəri pulla, başqası tövsiyə, ya tərbiyə ilə məsələləri həll etmək istəyib. Təbii ki, bu məsələlərin necə qurtaracağı Peyğəmbərimizə agah idi. İndi bunların da axırının necə qurtaracağı bəllidir. Xaricdən bəzi dairələr 5-10 manat verir, erməni lobbisi qızışdırır, ortaya salıb bu fikirləri dedirdir, mənəvi terrora məruz qoymaq istəyirlər. Bunlar ərəb ölkələrində sınaqdan çıxdı. Amma bir şeyi yaddan çıxarırlar ki, zaman, məkan, region, milli psixologiya tamam başqa şeydir. Azərbaycan xalqı hamılıqla savadlıdır və bunların mövqeyini başa düşürlər. Bilirlər ki, bu məsələlərdə hansı məqsəd güdürlər. Bunlar Azərbaycan xalqının, dövlətinin xeyrinə yox, əleyhinə bu işləri görürlər, eyni mərkəzdən də idarə olunurlar.
- Sizin xitabınız daha çox kimlərə ünvanlanıb, YAP-ın üzvü olan deputatlara, yoxsa bütün həmkarlarınıza?
- YAP-ın üzvü olanlara da, digərlərinə də. Bu gün Azərbaycanda fəaliyyət göstərən, müstəqil dövlətimizin inkişafından bəhrələnən biznesmenin də, sahibkarın da, digərlərini də nəzərdə tuturam. Müstəqil dövlətimizin mövcudluğu nəticəsində çoxları çox şeyə nail olub. İndi dövlətin müdafiəyə ehtiyacı olanda niyə sən çəkilib durmalısan ki, 10 nəfər millət vəkili bu məsələ ilə məşğul olsun? Niyə deməlisən ki, bunun mənə aidiyyəti yoxdur? Bu məsələnin hamıya aidiyyəti var. Sıravi vətəndaşdan tutmuş, ən yüksək səviyyəli məmura qədər.
- Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə YAP-çı deputatlarla keçirilən görüşdə də yəqin bu məsələlər müzakirə olunub, eləmi?
- Bəli, millət vəkillərini topladıq. Onlarla da söhbət apardıq. Seçicilərlə görüşlərin sayını artırmaq, dövlətin, prezidentin apardığı siyasəti insanlara düzgün çatdırmaq zərurətindən danışdıq. Prezident və birinci vitse-prezident gedib insanlarla görüşür, onlarla hal-əhval tutur, onların dərdinə şərik olur, problemlərinin aradan qaldırılması üçün addımlar atır, digərləri də bundan nümunə götürməlidir. Əgər hər hansı strukturun rəhbəri bir rayonda görüş keçirirsə, ordakı görüşə istənilən insanın gəlməsi üçün şərait yaradılmalıdır. Qoy gəlsin, öz fikrini desin. Əgər gücü çatırsa, məsələni həll eləsin, çatmırsa, aidiyyəti qurumlar qarşısında məsələ qaldırsın.
“Görürsən ki, bir çoxu tərif məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa”
Mən demirəm ki, çıxsın mətbuata, ya Milli Məclisdə deməklə işini bitirsin. Məsələn, hansısa məsələ Nazirlər Kabinetinə, hansısa nazirliyə, ya Prezident Administrasiyasına aiddirsə, yazılı şəkildə göndərsin ora. Elə insanlar var ki, ola bilər əli müəyyən yerlərə çatmır, fikrini ölkə rəhbərliyinə, hansısa strukturlara çatdıra bilmir. Millət vəkili bundan ötəridir ki, o insanlar arasında bir əlaqə yaratsın.
- Bu, həm də ondan xəbər verirmi ki, qarşıdakı parlament seçkisində mövqe bildirməyənlərə parlamentə yer olmayacaq?
- Mütləq nəzərə alınacaq... Parlament seçkiləri yaxınlaşdıqca müəyyən araşdırmalar aparılır. Bir il qabaqcadan o araşdırmalar olur. Deputatın parlamentdə, beynəlxalq təşkilatlardakı fəaliyyəti, davranışı, seçicilərlə münasibətindəki problemlər analiz olunur, ondan sonra kimin seçkiyə yenidən getməsi, kimin getməyəcəyi müəyyənləşir.
- Yəni söhbət YAP-çı namizədlərdən gedir də?
- Təbii ki, biz öz namizədlərimizə cavabdehik.
- İndiki tərkibdən təqribən nə qədər YAP-çı deputat növbəti seçkidən kənarda qala bilər?
- Hələ biz onun analizini, təhlilini aparmamışıq.
- Deməli, 2020-ci il parlament seçkiləri çox maraqlı olacaq, eləmi?
- Çox, çox, çox...(gülür)
- Bu yaxınlarda sosial şəbəkələrdə parlamentdə yaşlı deputatlarla bağlı da müzakirələr gedir. Tərkibin 40 faizinin yaşlılardan ibarət olması məsələsinə YAP-ın münasibəti necədir?
- Onlar kifayət qədər təcrübəli insanlardır, uzun müddət parlamentdə qanunvericilik təşəbbüsü ilə iştirak ediblər, həmçinin beynəlxalq təşkilatlarda ölkəmizi təmsil ediblər, seçicilər arasında kifayət qədər nüfuz sahibidirlər. Bunun seçki məsələsinə aidiyyəti yoxdur. Bu yaxınlarda hansısa ölkədəsə 80-dən artıq yaşı olan şəxs yenidən prezidentliyə namizədliyini irəli sürmüşdü. İnsan yaşlaşdıqca daha da müdrikləşir, daha düzgün qərarlar qəbul etmək imkanı əldə edir. Yaşlı insanın təcrübəsi, ictimai-siyasi proseslərə baxışı kifayət qədərdir. Mən təqdirəlayiq hesab edirəm ki, bu gün hökumətdə islahatlar gedir. Amma islahatlar necə gedir? O insanlar təyin olunur ki, indiyə qədər mərhələ-mərhələ, pillə-pillə müxtəlif dövlət vəzifələrində çalışıblar, gəlib bu səviyyəyə çatıblar. Yəni daha bir pillə yuxarı qalxır. Amma bəzi ölkələrdə gəncləşmə adı ilə kim gəldisə, götürüb təyin etdilər və dövlətin vəziyyətini ağırlaşdırdılar və yenidən sıfır vəziyyətinə qayıtdılar. Yəni bizdə bu məsələlər təkamül yolu ilə getməlidir. Məsələn, Milli Məclisə seçilən hər hansı bir gənc ictimaiyyətdə kifayət qədər tanınmalıdır. İnsanlar bilməlidir ki, buna niyə səs verirlər? İndi internet, sosial şəbəkə əsridir. Sosial şəbəkəyə vuranda heç olmasa bunun haqqında 10 səhifə material çıxacaq, ya çıxmayacaq?
- Amma bəzən həmkarlarınız arasından da sosial şəbəkələrin qapadılması təklifi ilə çıxış edir. Sizin yanaşmanız necədir?
- Kimə sərf etmirsə, bunu tamam başqa formada çatdırır. İstənilən mətbuat orqanında şərəf və ləyaqətin hüquqi müdafiəsi üçün imkan var. Yəni kimsə təhqir olunursa, şərəf və ləyaqəti aşağılanırsa, məhkəməyə müraciət edir, çünki əlində hüquqi imkanlar var. Biz hüquqi dövlətdə yaşayırıqsa, internetdə də, sosial şəbəkədə də şərəf və ləyaqət alçaldılırsa, bir insan sosial şəbəkədən çirkin məqsədlər üçün istifadə edirsə, bunun qarşısının hüquqi yolla alınmasının mexanizmi də olmalıdır. Yoxsa sən gecə-gündüz şantaj elə, insanların özü, ailəsi, qohum-əqrabaları, valideynlərini - bəlkə heç bir insanın valideyninin heç bir təqsiri yoxdur - təhqir edirsən. O baxımdan təhqir olunanlar hüququnu necə müdafiə eləsin? Bunun bir yolu insanların məsələyə münasibəti, ictimai qınaqdır. Təəssüf ki, ictimai qınağa heç kəs qoşulmur, deyir bir söz deyəcəyəm, mənin də adımı ora salacaq. Bu gün belə bir problem var. Azərbaycanın bir ziyalısı, tanınmış bir insanı çıxıb demir ki, a qardaş, bu məsələni qurtarın, bu, Azərbaycan xalqının milli əxlaqına, tərbiyəsinə, adət-ənənələrinə, keçmişinə, gələcəyinə uyğun deyil! Deyir bir söz desəm, məndən də yazacaq, nə işimə qalıb?
- Hansı ziyalıları nəzərdə tutursunuz?
- Əksəriyyətini. Mən hələ rast gəlməmişəm ki, biri çıxsın, bu məsələlərlə bağlı müraciət etsin. Mənimlə kiminsə şəxsi-qərəzliyi varsa, yazsın, altından da ad-familiyasını qeyd eləsin, söymək istəyir, söysün, mən bilim ki, kimdir məni söyən. Hüquqi yolla mən öz məsələlərimi həll edim. Mənim müsahibəm, münasibətim kimisə qıcıqlandıra bilərsə, bu adam öz şərhini yaza bilər ki, sən səhv yoldasan, yaxud inandırmağa çalışa bilər. Amma daha elə götür altından davamlı şəkildə söyüş yaz...
- Bu gün də o fikirdəsiniz ki, onları artıqlaması ilə söymək lazımdır?
- Mən bunu ona görə dedim ki, heç nədən qorxmayın, nədən qorxursunuz?! Əgər sən düzsənsə, zəif cəhətin yoxdursa, söyüşdən niyə qorxursan, sən də onun cavabını ver!
- Söyüş isə problemin həll yolu deyil.
- Elədir. Amma ilk dəfə rəsmi qaydada mətbuatda bu məsələyə münasibət bildirən mən olmuşam, siz də şahidsiniz. Ona görə də deyirəm hər kəs mövqeyini ortaya qoysun! Həm də burada tək söyüş söhbətindən getmir. Məsələn, iqtisadiyyatla bağlı yalan danışır, deyir bu qədər pul oğurlandı. İqtisadçısan, çıx əsaslandır ki, a kişi, ölkəni kürüyüb yığsan tərəzinin üstünə, o qədər pul eləməz.
- Siyavuş bəy, yeri gəlmişkən, mətbuat nümayəndələrinin də sizdən narazı qaldığı bir məqam oldu. Prezidentin jurnalistlərə mənzil hədiyyə etməsindən bəhs edib media mənsublarına da çağırış etdiniz və...
- (Sualı tamamlamağa imkan vermir) Yox, onu başqa cür yozurlar. Mən dedim ki, ümummilli lider hakimiyyətə gəldiyi dövrdən indiyə qədər həmişə mətbuatın dostu olub, mediaya diqqət göstərib. Senzuranı götürüb, borcları dondurub, dövlət hesabına ödəyib. Bundan sonra cənab prezident addımlar atıb, mətbuata dəstək var, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində analoqu olmayan addım atılır. Özü də ayrı-seçkilik qoyulmadan. Bu gün dövlətin müdafiəyə ehtiyacı var, söhbət dövlətdən gedir. Dövlətin müdafiəsində gərək bu insanlar da öz mövqelərini bildirsinlər. Amma bu gün söyüş, şantaj, mənəvi terror varsa, heç kim unutmasın ki, sabah bu terror sənə qarşı yönələcək. Döyüşdə belə bir qayda var, təkləyib ortaya salırlar, birini məhv edib, sonra digərinin üzərinə gedirlər. Məsələn, “Yeni Müsavat” qəzetindən bir neçə nəfər söyüş söyənlərə cavab vermişdi. Ardınca qəzetin rəhbərliyi, əməkdaşlar haqqında olmazın söyüş, təhqir yazdılar. Lakin digər mətbuat orqanlarındakı həmkarları sizə dəstək vermədilər. Bəlkə də bir çoxu hələ qəlbində sevinir. Mən bunları deyirəm. Sərf etməyənlər, kənarda duranlar məsələni başqa səmtə yönəltməyə çalışır. Ürəyində Vətən, dövlət, dövlətçilik hissi olanlar mütləq bu məsələdə öz mövqeyini bildirməlidir.
Elşad PAŞASOY,