Zeynalabdin Məmmədzadə: “DVX-də vətəndaş müraciətlərinə baxılması sahəsində yeniliklər sahibkarların vergi orqanlarına etimadını yüksəldir”
Son illər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vətəndaş müraciətlərinə baxılması sahəsində bir sıra islahatlar həyata keçirilib. Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə bu islahatların mahiyyəti, nəticələri və vergi ödəyiciləri üçün gətirdiyi yeniliklər barədə "vergiler.az" saytına müsahibə verib.
- Zeynalabdin müəllim, son illər vergi ödəyicilərinin sayında ciddi artım nəzərə çarpır. Bu da, yəqin ki, vergi orqanlarına müraciətlərin çoxalmasına təsir edir. Eyni zamanda, vergi orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılma qaydalarının təkmilləşdirilməsi də davamlı bir prosesdir. Dövlət Vergi Xidməti vətəndaş müraciətlərinin qəbul edilməsi işini hansı formada təşkil edib və bu sahədə statistik nəticələr necədir?
- Vergi inzibatçılığında aparılan islahatlar arasında vətəndaş məmnuniyyətinin təmin edilməsi mühüm istiqamətdir. Vətəndaş müraciətlərinə vaxtında baxılması, onların hərtərəfli və obyektiv araşdırılması və düzgün cavablandırılması hər zaman vergi orqanlarının prioritet vəzifələrindən olub. Hazırda vətəndaşların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rahat müraciət edə bilmələri üçün kifayət qədər əlçatan imkanlar mövcuddur. Vergi orqanlarına İnternet Vergi idarəsində yaradılmış elektron kabinet, Xidmətin rəsmi internet səhifəsi, elektron poçt (yəni e-mail), 195 Çağrı Mərkəzi, xidmət mərkəzləri və ənənəvi poçt vasitəsilə müraciət etmək mümkündür. 2023-cü il ərzində Dövlət Vergi Xidmətinə vətəndaş və vergi ödəyicilərindən ümumilikdə 337 min müraciət daxil olub. Bu müraciətlərdən 93,1%-i ərizə, 6,8%-i şikayət, 0,1%-i isə təklifdən ibarət olub. Daxil olan müraciətlərin əsas hissəsini ərizələr təşkil edir. Bunun səbəbi odur ki, son illərdə vergi və sosial sığorta qanunvericiliyində bir sıra dəyişikliyin edilməsi, bundan irəli gələrək vergi ödəyiciləri üçün əlavə hüquqların müəyyən edilməsi, vergi orqanlarına əlavə funksiyaların verilməsi, həmçinin göstərilən xidmətlərin sayının və əhatə dairəsinin artması təbii olaraq ərizələrin sayına təsir edib. Baxmayaraq ki, şikayətlərin ümumi müraciətlərdə çəkisi 6,8% təşkil edir, eyni və təkrar şikayətləri çıxsaq, şikayətlərin faktiki, yəni real çəkisi 4,5% olacaq. 2023-cü ildə vergi orqanlarına 2022-ci illə müqayisədə 12% daha az şikayət daxil olub. Bunu da təkmilləşdirmə və optimallaşdırma istiqamətində görülən işlərin nəticəsi kimi qəbul etmək olar.
Qeyd etməliyəm ki, vergi xidməti olaraq daxil olan şikayətləri öz inzibati proseslərimizə yenidən baxmaq və təkmilləşdirmək üçün bir fürsət olaraq qəbul edirik. Şikayətlərin yaranma səbəbləri mütəmadi olaraq təhlil edilir, hansısa real çatışmazlıq, problem, hətta nöqsan varsa, bunun gələcəkdə tərəfimizdən təkrarlanmaması üçün zəruri işlər görülür. Görülən bu işlər növbəti dövrlərdə şikayətlərin sayının azalmasına təbii olaraq öz təsirini göstərib.
Vergi inzibatçılığında aparılan islahatlar arasında vətəndaş məmnuniyyətinin
təmin edilməsi mühüm istiqamətdir. Vətəndaş müraciətlərinə vaxtında
baxılması, onların hərtərəfli və obyektiv araşdırılması və düzgün
cavablandırılması hər zaman vergi orqanlarının prioritet vəzifələrindən olub
- Vətəndaş müraciətlərinə baxılması sahəsində yeniliklər nədən ibarətdir?
- 2021-ci ildən Dövlət Vergi Xidməti tərəfindən icra intizamının möhkəmləndirilməsi ilə bağlı daha ciddi nəzarət mexanizmi yaradılıb. Hazırda bütün icra sənədlərinə, həmçinin vətəndaş müraciətlərinə gündəlik əsaslarla nəzarət olunur, zəruri təhlillər aparılır və risk əsaslı dövri monitorinqlər həyata keçirilir. Təbii ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün təkcə inzibati tədbirlərdən istifadə kifayət etmir. Elə bu səbəbdən də Xidmətin istifadəsində olan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) “ağıllı həll” yollarından geniş istifadə olunur. Buna misal olaraq, bəzi göndərilən məktubların və bir sıra arayışların hər hansı fiziki müdaxilə olmadan avtomatik generasiya olunaraq hazırlanmasını, bu sahədə riskləri minimallaşdırmaq üçün bəzi ağıllı kontrolların tətbiqini, müraciətlərə baxılması prosesində yanlış addımlara yol verilməməsi üçün xəbərdarlıq bildirişlərinin ekrana çıxmasını və s. müsbət təcrübələri qeyd etmək olar.
Bundan başqa, vətəndaşların qəbulu zamanı vergi əməkdaşlarının davranış qaydalarına əməl etmələri və qoyulan sualların düzgün cavablandırılmasına nəzarət məqsədilə qəbullar kameralar vasitəsilə qeydə alınır. Qəbullara onlayn və ya oflayn rejimdə nəzarət edilir və dövri olaraq vətəndaş qəbullarının monitorinqi aparılır. Bütün vətəndaş qəbullarında rəhbər şəxslərin iştirakı təmin edilir. Düşünürəm ki, bu yanaşma vergi orqanlarına olan etimadın qorunması, qəbulların keyfiyyətli keçirilməsi üçün önəmli məsələdir və bu, vətəndaş məmnuniyyətinə birbaşa təsir edir.
Bundan əlavə, vergi ödəyicilərinin müraciətlərinə baxılması prosesində də optimallaşmalar və struktur inzibatçılığı aparılıb.
2021-ci ildən Dövlət Vergi Xidməti tərəfindən icra intizamının möhkəmləndirilməsi
ilə bağlı daha ciddi nəzarət mexanizmi yaradılıb. Hazırda bütün icra sənədlərinə,
həmçinin vətəndaş müraciətlərinə gündəlik əsaslarla nəzarət olunur,
zəruri təhlillər aparılır və risk əsaslı dövri monitorinqlər həyata keçirilir
- Optimallaşma və struktur islahatları konkret hansı sahələri əhatə edib?
- İnzibati şikayətlərə baxılması sahəsində vahid yanaşmanın tətbiq edilməsi və bu şikayətlərə mərkəzləşdirilmiş qaydada baxılması məqsədilə 2018-ci ildə müvafiq struktur dəyişikliyi edilib. Belə ki, Aparatın ayrı-ayrı funksional strukturlarından inzibati şikayətlərə baxılması səlahiyyəti alınıb və Aparatda bu fəaliyyətlə məşğul olan vahid struktur yaradılıb.
Bu islahatların davamı olaraq, beynəlxalq təcrübə də nəzərə alınmaqla, 2019-cu ildə Vergi ombudsmanı institutu təsis edilib və bir növ vergi orqanı daxilində özünənəzarət mexanizmi yaradılıb. Vergi ödəyicilərinin hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpası, həmçinin şikayətə səbəb olan halların aradan qaldırılması məqsədilə zəruri tədbirlər görmək Vergi ombudsmanının əsas funksiyalarına aiddir. Ombudsman öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildir. Ombudsman fəaliyyətinin daha səmərəli təşkili məqsədilə 2023-cü ildə Xidmətin Aparatında Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb.
Qeyd etməliyəm ki, 2021-ci ildən İqtisadiyyat Nazirliyinin strukturlarında, həmçinin Dövlət Vergi Xidmətində vətəndaş məmnunluğunun artırılması məqsədilə bütün biznes proseslərinin ilk növbədə diaqnostikasının həyata keçirilməsi, sonrakı mərhələdə isə optimallaşdırılması ilə bağlı genişmiqyaslı işlərə start verilib. Dövlət Vergi Xidməti olaraq ötən 3 il ərzində bu istiqamətdə xeyli işlər görülüb. Düşünürəm ki, bu prosesin özü də məmnunluğun və şəffaflığın artmasına olduqca müsbət təsir edib.
- İnzibati şikayətlərə baxılması sahəsində şəffaflığın artırılması əksər dövlət qurumları üçün mühüm çağırışdır. Dövlət Vergi Xidmətində bu istiqamətdə hansısa təşəbbüslər var?
- İnzibati şikayətlərə baxılması sahəsində şəffaflığın və məmnunluğun artırılması məqsədilə İnternet Vergi İdarəsində yeni pəncərənin yaradılması nəzərdə tutulub. Hazırda bu layihə icra mərhələsindədir. Vergi ödəyiciləri bu pəncərə vasitəsilə inzibati icraat prosesində görülmüş işləri, yazışmaları və icra müddətini onlayn izləyə, icraçı şəxslərlə əlaqə saxlaya, həmin şikayət üzrə əlavə sənəd və sübutları təqdim edə biləcəklər.
Daha bir faydalı elektron xidmətin yaradılması üzərində işlər davam etdirilir. Belə ki, vergi ödəyicisinin hər hansı problemi və ya narazılığı olduqda, bununla bağlı şikayət etməzdən öncə eyni məsələ ilə əlaqədar Dövlət Vergi Xidmətinin formalaşmış mövqeyi ilə tanış olmaq imkanı olacaq. Bu yenilik vergi ödəyicilərinin özlərini daha planlı şəkildə müdafiə etmələrinə töhfə verəcək, həmçinin vergi ödəyicisi bu mövqe ilə razı olmadıqda vaxt itirmədən birbaşa məhkəməyə şikayət edə biləcək.
İnzibati şikayətlərə baxılması sahəsində şəffaflığın və məmnunluğun
artırılması məqsədilə İnternet Vergi İdarəsində yeni pəncərənin
yaradılması nəzərdə tutulub. Hazırda bu layihə icra mərhələsindədir
- Dövlət Vergi Xidməti tərəfindən vətəndaşların vergi orqanlarına müraciətlərinin təşkili üçün həyata keçirilən təşəbbüslər cəmiyyətdə necə qarşılanır? Bu istiqamətdə təhlillər aparılırmı?
- Biz bu istiqamətdə müvafiq təhlilləri daim aparırıq. Hesab edirik ki, bu, ilk növbədə həm də nəticəyönümlülüyün müəyyən edilməsi üçün vacib meyardır. Məsələn, xidmətlərin keyfiyyətini yüksəltmək üçün sorğular keçirilir. Cari ilin yanvar ayının sonlarında vergi ödəyiciləri arasında bir sıra mövzular üzrə məmnunluq sorğusu keçirmişik. Sorğu elektron kabinetdə anonimlik qorunmaqla keçirilib.
Ümumilikdə 121.055 nəfərin könüllü şəkildə iştirak etdiyi sorğuda 89% vergi ödəyicisi vergi orqanlarının təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə razı olduğunu, 71% vergi ödəyicisi vergi orqanlarından məlumat əldə etmək imkanlarını əla və ya yaxşı qiymətləndirdiyini, 85% vergi ödəyicisi vergi orqanlarında müraciətlərə baxılma səviyyəsini müsbət qiymətləndirdiyini, 90% vergi ödəyicisi isə müraciətlərə vergi orqanları tərəfindən göndərilən cavab məktublarının məzmununun ümumilikdə anlaşılan olduğunu qeyd edib.
Sorğunun nəticələrinə əsasən, vergi ödəyicilərinin qeyd olunan sahələr üzrə vergi orqanlarının fəaliyyətindən ümumilikdə məmnun olduqları, etimad mühitinin daha da yuxarı səviyyələrə qalxdığını bir daha müşahidə edə bilərik. Bu proses davamlı olaraq həyata keçirilir və vergi ödəyicilərinin vergi orqanlarına etimadının yüksəlməsinə xidmət edən təşəbbüslərin əhatə dairəsi genişləndirilməkdə davam edir.