Vahid Əhmədov: Müavinətlər minimum pensiya məbləğinə yaxın olarsa... - Müsahibə
Teleqraf.com Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim edir:
- Vahid müəllim, pensiya və əmək haqları qaldırılıb. Siz bunu necə qiymətləndirirsiniz və gözləntiləriniz nədir?
- Mən istənilən artımı yüksək qiymətləndirirəm. Məbləği, artımları nəzərə almadan belə addımlar müsbət haldır. Çünki bu, əhalinin, xüsusilə, aşağı gəliri olan əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əsas məsələlərdən biridir. Cənab Prezidentin sərəncamına uyğun olaraq minimum pensiyalar 240-dan 280 manata, eləcə də minimum əmək haqqı 300 manatdan 345 manata qaldırılıb. Söhbət 16-17 faiz artımdan gedir və bu, kifayət qədər mütərəqqi addımdır. Təxminən 100 mindən çox pensiyaçını əhatə edir, eləcə də 420 min işçiyə şamil olunacaq. 345 manatdan aşağı əmək haqqı alan kifayət qədər insanlarımız var. Taarif cədvəlinə uyğun olaraq onların maaşlarında artım olacaq. Təxminən 700 milyon manat vəsait bu istiqamətə yönəldiləcək. Bu ciddi artımdır. Yeri gəlmişkən, cənab Prezident göstəriş verib ki, digər müavinət və təqaüdlərlə bağlı təkliflər hazırlayıb təqdim etsinlər. Bu da müsbət və pozitiv addım, tapşırıqdır. Çünki elə insanlarımız var ki, onlar pensiya ala bilmir, müavinət alırlar. Burada da məbləğ 180 manat idi. Əlbəttə, bu aşağı məbləğdir. Odur ki, bu məsələyə də baxılacaq, heç olmasa müavinət minimum pensiya məbləğinə yaxınlaşdırılmalıdır ki, dolanışıqda problem olmasın. Bu mənada mən atılan addımları çox müsbət qiymətləndirirəm.
Ancaq onuda nəzərə almaq lazımdır ki, 2022-ci ildə Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ərzaq məhsullarında 20 faizə qədər inflyasiya olub. Bizim araşdırmalarımız göstərir ki, inflyasiya ərzaq məhsullarında daha çox olub. Belə halları nəzərə alaraq dövlət başçısı tərəfindən artımlar həyata keçirilir. Bu, davamlı prosesdir və bundan sonra da olacaq.
Bu mənada elə etmək lazımdır ki, möhtəkirlər insanların təqaüd və pensiyalarında baş verən artımdan istifadə edərək qiymətləri qaldırmasınlar. Çünki bizdə həmişə maaş və pensiyalar artandan bundan sui-istifadə edib qiymətləri artırırlar. Odur ki, bu məsələyə nəzarət olmalıdır. Yəqin ki, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu istiqamətə diqqət edərlər.
- Necə edilməlidir ki, maaş və pensiyalar artanda süni qiymət artımı baş verməsin. Hər dəfə bu barədə deyilir, amma süni qiymət artımının qarşısını almaq müşgül olur. Sizcə, konkret hansı addımlar atılmalıdır ki, möhtəkirlər sui-istifadəyə yol verə bilməsinlər?
- Hesab edirəm ki, bu sistemə nəzarət edən orqanlar daha diqqətli olmalıdırlar. Həm də antiinflayasiya haqqında hökumətin qərarı var və bu qərar icra olunmalıdır. Yeni il qabağı onsuzda müəyyən qiymət artımı oldu. Bayramlar gələndə belə bahalaşma müşahidə olunur. Vətəndaşlarımız başa düşməlidir ki, əgər əməkhaqqı artırsa, bundan istifadə edib qiymətləri artırmaq olmaz. Fikrimcə, hökumət bu istiqamətdə tədbirlər həyata keçirəcək.
Həm də biz əməkaqqı və pensiya artımları haqqında danışırıq, amma onu da nəzərə almalıyıq ki, dövriyyəyə əlavə vəsait buraxanda, pul kütləsi artanda inflyasiya təzyiqi də artır. Bunu da başa düşmək lazımdır. Yəni birdən-birə pensiya və maaşlarda böyük artımlar etmək mümkün deyil. Çünki pulu bazarını da müəyyən qədər tənzimləməyə ehtiyac var. Bunu ona görə deyirəm ki, bəzən kimlərsə bildirir ki, artımlar azdır, daha çox olması müsbət hal olardı və s. Amma bütün bu məsələlər diqqətlə araşdırılır, birdən-birə qərar verilmir. Vətəndaşlar bu məqamları da bilməlidir.
- Sirr deyil ki, 2022-ci ildə dünyada qiymət artımı, ələlxüsus ərzaq və qida məhsullarında bahalaşma müşahidə edildi. 2023-cü ildə qlobal miqyasda bahalaşma, yoxsa səngimə müşahidə ediləcək?
- Aydındır ki, dünyada qiymət artımı, inflyasiya prosesi gedir. Buna da ən çox təsir edən amil Rusiya-Ukrayna savaşıdır. Müharibə bitməyənə qədər müəyyən problemlər yaşanacaq. Mən baxıram, bu gün Rusiyanın özündə vəziyyət kifayət qədər mürəkkəbdir. Rubl dəyərdən düşür. Rusiya Mərkəzi Bankının sədri, Putinə iqtisadi məsələlərdə köməklik edən iqtisadçı mütəxəssislər, Əmanət Bankının sədri və digərləri durumla bağlı narahatdırlar, gözləmirdilər ki, belə vəziyyətlə üzləşə bilərlər. 2022-ci ilin dekabrında rubla təzyiqlər oldu, dollar bahalaşdı. Məncə, bu proses gedəcək. Çünki müharibə də davam edəcək. Ukrayna torpaqların işğaldan azad ediməsindən sonra sülh sazişi məsələsinə baxa biləcəyini qeyd edir.
Avropa da alternativ qaz və neft bazaları axtarır. Azərbaycan dövləti faktiki qaz və neft ixracı ilə əlaqədar olaraq əsas dövlətlərdən birinə çevrilir. Bir sözlə, proses davam edəcək, amma 2023-cü il 2022-ci illə müqayisədə yumşaq olacaq, inflyasiya da əvvəlki ilə baxdıqda daha az gözlənilir. Azərbaycan Maliyyə və İqtisadiyyat nazirliklərinin 2022-ci ildə atdığı addımlar deməyə əsas verir ki, 2023-cü ildə ciddi problemlərlə üzləşməyəcəyik.
- Bir müddət əvvəl avronun qiymətində ciddi ucuzlaşma oldu, sonradan bahalaşaraq əvvəlki mövqeyini bərpa etdi. Bu baxımdan siz xarici valyutanın bahalaşmasını gözləyirsiniz, yoxsa ucuzlaşmasını?
- Avronun ucuzlaşması və sonradan öz mövqeyinə qayıtması da dediyim müharibənin nəticəsində oldu. Avro, dollar və funtsterlinq beynəlxalq iqtisadiyyatda əsas rola malikdirlər. Manat məsələsinə gəldikdə, deyim ki, onun indiki məzənnəsi qorunub saxlanılacaq. Neftin qiyməti də normaldır. Üstəlik Mərkəzi Bank tərəfindən maliyyə resurslarına nəzarət həyata keçirilir. Bu istiqamətdə ciddi problem gözləmirəm. Digər tərəfdən, Qarabağda böyük işlər həyata keçirilir, dövlət başçısı tərəfindən vergi güzəştləri tətbiq olunur. Milli Məclisdə özəl və dövlət təşkilatlarının birgə işləməsi, investisiya cəlb olunması ilə bağlı qanun qəbul edildi. Odur ki, manatın qorunub saxlanmasında problem olmayacaq.