Hacı Şahin: "Bu insanlara Oruc tutmaq olmaz amma..." MÜSAHİBƏ
İlahiyyatçı-alim Hacı Şahin Həsənlinin müsahibəsi Ayşən Vəlinin təqdimatında
- Ramazan ayının tarixi haqqında nə deyə bilərsiniz?
- Orucluğun başlanğıc tarixi məlum deyil. Quranın buyurduğu qanuna əsasən, Ramazanın tarixi keçmişlərə dayanır və İslam dini də bu tarixi belə qəbul edib.
- Ramazan ayı niyə müqəddəsdir və bu ayın mahiyyəti nədən ibarətdir?
- Quran dili ilə desək, Ramazan elə bir aydır ki, Qurani-Kərim bu ayda nazil olub. Bu ay Quranda adı çəkilən yeganə aydır. Ramazan ayının fəziləti oruca görə yox, Qurani-Kərimin nazil olduğuna görədir. Ramazan ayının tək bir Qədr gecəsi min aydan daha fəzilətlidir. Qurani-Kərimin baharı Ramazan ayıdır. Sanki hər il Ramazan ayında Qurani-Kərim yenidən çiçəklənir. Orucluqda kim Qurani-Kərimdən bir ayə oxusa, o şəxs bütün kitabı xətm etmiş (oxumuş) kimidir.
- Bildiyimiz kimi, pandemiya ilə əlaqədar toplu tədbirlər qadağan olub və məscidlər bağlanıb. Bu hal Ramazan ayinlərinə necə təsir edir?
- Təəssüf ki, artıq iki ildir Ramazan ayı pandemiyaya təsadüf edir. Məscidlərin açılması məsələsi mütəmadi olaraq müvafiq qurumların müzakirəsindədir. Lakin yoluxma sayının artımı məsələnin həllini çətinləşdirir. Hal-hazırda məscidlər qapalı olduğu üçün, din xadimləri insanlarla onlayn bağlantı yaradır.
- Bəzi insanların lazımsız toplaşdığı yerlər açıq olduğu halda məscidlər qapalıdır. Bu, din xadimlərində küskünlük yaradır. Bu haqda nə deyə bilərsiniz?
- Karantin qaydalarına qeyd-şərtsiz dindarlar tabe olub. Bu, yaxşı haldır. Kütləvi tədbirlər olmasa, məscidlərdə fərdi ibadət etmək düzgündür. Təbii ki, bunlar maska və məsafə qaydalarına riayət etməklə mümkündür.
- Artıq yay gəlir. Bəs, məscidlərin həyətində açıq havada namaz qılmaq olar?
- Əslində olar. Sadəcə, problem odur ki, hər məscidin həyətində yaxşı şərait yoxdur.
- Ramazan ayında iki qisim insan olur. Bunlardan birincisi səhhətinə görə, digəri isə müxtəlif bəhanələrlə orucdan yayınır. İnsan orucun onun üçün vacib olduğuna necə qərar verməlidir?
- Bəli, bu istisnalar Qurani-Kərimdə də Allah tərəfindən buyrulub. Ahıl, hamilə qadınlar, südverən analar, müalicə alıb dərman qəbul edənlər, zəif immunitetli, müəyyən təhlükəli xəstəliyi olan insanlar istisna qrupuna daxildir. Əgər oruc şəxsin səhhətinə zərər verirsə və şəxs ziyanı bilərəkdən, oruca davam edirsə, bu, günah hesab olunur. Önəmli olan oruc tutmaq deyil, Allahın əmrinə itaət etməkdir. Ramazan ayında nemətin qədri bilinir. Bu ay bizə insanlığımızı xatırladır və kimliyimizi sübut edir. İnsan özünə yox deməyi bacararaq, yalnız bir parça ət və ya bioloji varlıq olmadığını, mənəviyyatını da sübut edir. İmtina etməyi bacarmaq və gözütox olmaq böyüklük əlamətidir. Ramazan ayında günahlar bağışlanır, hətta belə bir deyim də var ki, bu ayda insan sanki yenidən doğulur.
- Bəzi insanlar orucu sırf günahlarının bağışlanması məqsədilə tutur. Həqiqətən də oruc günahları yuyurmu?
- Oruc Allahın vacib buyurduğu bir hökmdür. Onun dərin fəlsəfi qatları var. Günahların bağışlanması Allahın oruc tutan şəxsə hədiyyəsidir. Qeybət etmək, qəlb qırmaq, quyu qazmaq orucun keyfiyyətinə mənfi təsir göstərir. Oruc zamanı bu kimi mənfi hallardan maksimum uzaq qalmalıyıq.
- Orucun kəffarəsini imkansız ailələrə yardım etməklə əvəzləmək mümkündür?
- Bəli, mümkündür. Pandemiya ilə əlaqədar kütləvi iftar süfrəsi qadağandır. Bunun əvəzinə imkansız ailələrə yardım aksiyası başlatmaq daha savabdır. Oruc zənginlərin yoxsulların halından anlaması üçündür. Oruc tutan insanın eqosu zəifləyir və başqalarını sevməyə başlayır. Yoxsullara yardım etmək də daxildən gələn sevginin nəticəsidir.
- Xüsusilə, Ramazan ayında restoran sahibləri sui-istifadə edib qiymətləri artırırlar. Bu günahdır?
- İnsanların ehtiyacından sui-istifadə etmək böyük günahdır. Bu zamanda daha da insaflı davranmaq lazımdır. Bu, insanın inanc və inamından aslıdır. Doğrudur, dövlət də müvafiq qayda və qanunlarla süni qiymət artımına həssas yanaşır. Lakin bu, ilk növbədə, insanın Allah qarşısında məsuliyyətidir. Bu dönəmdə bir-birinə dəstək olmaq lazımdır.
- Namaz qılmayan şəxslərin oruc tutması nə dərəcədə düzgündür?
- Namaz da oruc da vacibdir. Lakin elə bir qayda yoxdur ki, namaz qılmayan şəxs oruc tuta bilməz. İnsan oruc tutursa, bu, onun Allaha doğru atdığı müsbət addımdır. Radikal yanaşmaq lazım deyil. Namaz və oruc fərqli ibadətlərdir.
- Virusa yoluxmuş insanın oruc tutmağı düzgündür?
- Sağlam insanlar həkim məsləhəti ilə rahatlıqla oruc tuta bilər. Əgər qaydalara riayət olunsa, oruc immuniteti zəiflətməz. Virusa yoluxmuş şəxs isə yalnız həkim məsləhəti ilə buna qərar verə bilər.
- Koronavirusla ön cəbhədə mübarizə aparan həkim və polislər də oruc tuta bilər?
- “Əgər oruc tutsam, virusa yoluxacağam” adlı elmi fikir varsa, bu halda tutmaya bilərlər. Yenə də həkim məsləhəti ilə qərar vermək daha yaxşıdır.
- Maraqlı suallardan biri də odur ki, halal və haram musiqi dedikdə nə nəzərdə tutulur?
- Əgər, musiqinin məzmunu insanları zorakılığa, əxlaqsızlığa və digər xoşagəlməz hallara çağırırsa, bu, haram musiqi adlanır. Məzmunu və sözləri insanı təbii halından çıxarmayan, insanlığa zidd olmayan musiqi isə halal musiqidir.
- Siz başqa bir müsahibənizdə qeyd etmişdiniz ki, qadınla kişinin üz-üzə rəqs etməsini din qəbul etmir. Bəs buna səbəb nədir?
- Qadın-kişi münasibəti çox qəliz mövzudur. Lakin bu qadağaların arxasında müəyyən bir məntiq dayanır. Kişi ilə qadın bir-birini əyləncə vəsiləsi olaraq görməməlidir. Bu mərasimlərdə də məhrəm və naməhrəm mövzusu ortaya çıxır. Din məclislərdə içkiləri və yaxın qadın-kişi rəqsini düzgün hesab etmir.
- İnsan dinsiz yaşaya bilər? Yəni, dinsiz cəmiyyət var?
- Biz sovet dövründə öz ideologiyasını rəsmi olaraq dinsizlik elan etmiş bir dövlətdə yaşamışıq. Bu dövrdə, din təqib olunaraq, Allahı inkar edirdilər. Din, insanın mənəvi istedadlarını üzə çıxaran və onu çiçəkləndirən ən əsas amillərdən biridir. Mənəvi baxımdan inkişaf etməyən cəmiyyətin, hətta elmi inkişafı da başına bəla olur. Ona görə də, dinsiz yaşamaq mümkün deyil. Hər bir cəmiyyətin dinə ehtiyyacı var. Din səadətə aparan yoldur.
- Quranla fala baxmaq düzgündür?
- Quran hikmət xəzinəsi olub, bəşəriyyətə nicat vermək üçün göndərilib. Onu öyrənib anlasaq insan olaraq böyük mətləblərə çatarıq. Quran özü buyurur ki, fal şeytan əməlidir və ondan uzaq olun. Fala inanmaq insanların cahilliyindən irəli gəlir. İnsan qərarı ilk növbədə ağlı ilə verməlidir. Ağıl acizdirsə məsləhət etmək lazımdır. Quranla fal fəsələsi də buradan qaynaqlanır. Bəzi insanlar Qurandan sui-istifadə edib insanları aldadır.
- İnsanlar cənnət və cəhənnəmi bu dünyada yaşayır?
- Müəyyən mənada həm bu dünyada yaşayır, həm də axirətdə davamını görür. Dünyada olarkən günah bataqlığında boğulan insan elə, indidən cəhənnəmdədir. İnsan Ramazan ayında günahlardan uzaq olduqca sanki, cənnəti hiss edir. Seçim bu dünyada edilir. O biri dünyada isə əbədi olaraq seçimimizi yaşayırıq.
- İntihar niyə günah sayılır? Məgər, insan öz həyatının ağası deyil?
- İnsan öz həyatının ağası deyil. Həyat Allah tərəfindən insana verilən əmanətdir. Doğrudur, insana rəftar azadlığı verilib. Lakin, bu azadlıq məsuliyyətsizlik demək deyil. Verilən ömür payını son ana qədər yaşamaq lazımdır. Həyatı problem və çətinliklərlə bərabər sevmək lazımdır. Çətinlik insanı gücləndirir. Səbirsiz olmaq, hər xırda hadisədən depressiyaya düşmək zəiflik əlamətidir. Həyatdan çox şey gözləmək lazım deyil. İnsanlar öz fikrincə Allaha sığınmaqla intihar edir. Bu Allahın əmanətinə xəyanətdir. Belə insanların aqibəti və əzabları çox şiddətli olur.
- İnanclı insanlar düşünür ki, ateistlər sonunda Allaha inanacaq. Siz bu haqqda nə düşünürsüz?
- Heçkəsin gələcəyi haqqında dəqiq proqnoz vermək olmaz. Ola bilər ki, insan bu gün başqa inanclıdır, lakin son nəfəsində tamam fərqli inanca güvənərək dünyadan köçür. Məsələn, insan sabah da dinini-imanını itirə bilər. Elə dinsiz insanlar var ki, adi azan səsindən belə qıcıqlanır. Ateistlər haqqında isə dəqiq bir fikir söyləmək mümkün deyil.
Ayşən Vəli