Oruc tutan insanlar imsak və iftarda ən çox nəyə diqqət etməlidir...
Bu gündən “11 ayın sultanı” Ramazan ayı başlayır. Ramazan bayramı isə iyunun 26-na təsadüf edəcək. Oruc hər il bir ay ərzində tutulur, lakin il ərzində də insan sünnət və müstəhəb orucları tuta bilər. Ramazan ayında tutulan oruc mütləq və vacib sayılır.
Yəni insan əgər işi, sağlamlığı ilə bağlı qayğıları yoxdursa, oruc tutması mütləqdir. İşi və sağlamlığı ilə bağlı problemi olan şəxsə rüsxət verilir ki, həmin ayda oruc tutmasın, daha sonra qəza oruclarını tuta bilər.
İslamın beş şərtindən biri olan orucun insana heç bir zərəri yoxdur Əksinə, mədəyə, eləcə də digər orqanlarımıza sağlamlıq baxımından çox faydalıdır. Bu, müasir tibb mütəxəssisləri tərəfindən açıq və qəti bir şəkildə isbat edilib. Mədəsindən şikayəti olan, hamilə və süd verən qadın, xəstəliyinin artacağından qorxan kəslər, hərbidə olan əsgər və uzun səfərə çıxanlar oruc tutmaya bilərlər. Həmçinin gündə bir dəfə təzyiq dərmanı alan xəstələrin oruc tutmaları mövzusunda bir qorxu yoxdur. Əgər gündə 2-3 dəfə təzyiq dərmanı almaq söz mövzusudursa, bu xəstələrə oruc tutmaları tövsiyə edilmir. Həyat boyu davam edən təzyiq xəstəliyi oruc tutmağa mane olan bir vəziyyətdir. Ancaq yüngül dərəcədə təzyiqi olan kəslər oruc tuta bilər.
Oruc orqanizmdəki karbohidrat, zülal və xüsusilə yağ ehtiyatlarının səfərbər olmasını təmin edir. Oruc sayəsində zərərli maddələri süzməkdən xilas olan böyrəklər dincəlməyə və yenilənməyə imkan tapır.
Orucun faydalarından biri insanlara aclığın və susuzluğun nə demək olduğunu öyrətməkdir. Tox heç bir zaman acın halını anlamaz və ona mərhəmət etməz. Orucun ictimai faydası bundadır ki, o, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır, siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırır. Oruc bundan başqa nəfsi nəzarət altına almağa səbəb olur.
Maraqlıdır, bəs bu ayda necə qidalanmalıyıq? Oruc tutan insanlar gün boyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət etməlidir. Zülalı çox olan qidalar yeyilməlidir. Çünki bu qidalar mədənin boşalma müddətini uzadaraq acmanı gecikdirir. İmsakda yumurta, süd, qatıq pendir kimi qidalardan istifadə edilməlidir. Səhərlər həmçinin tost, közləmə, omlet də yeyə bilərsiniz. Bundan başqa, yatmazdan əvvəl meyvə də yeyilməlidir. Çox duzlu qidalardan uzaq durmaq lazımdır ki, sizə gün boyu susuzluq verməsin. Əgər o başdana durmadan oruc tutsanız, ac qalma müddəti artdığı üçün gün boyu halsızlıq və baş ağrısı yaranar. İmsak zamanı bol maye qəbul edilməlidir.
İftara gəlincə, iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıqla hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. Həkim-fizioloqların məsləhətinə görə, iftar süfrəsindən qatıq və ayran əskik olmamalıdır. Çünki bu, həzmdə yaranan çətinliyi aradan qaldırır. Yeməyə isə nə çox isti, nə də çox soyuq olmayan yüngül bir şorbayla başlamaq lazımdır. Şorbanın yanında ətli və ya ətsiz çox yağlı olmayan bir tərəvəz yeməyi yeyilməlidir. Ana yemək olaraq isə qızartma ət, toyuq, balıq yeyə bilərsiniz. Həmçinin kiçik bir kasa qatıq içilə bilər.
Çörək və taxıl məhsullarına gəlincə isə tam dənəli taxıldan hazırlanan çörəklər, çovdar, kəpək, yulaf xeyirlidir. Mütəxəssislər çox kalorili, kremli şirniyyatlar yerinə meyvə yeməklə şəkər ehtiyacının qarşılanmasını daha düzgün hesab edirlər. İftardan az sonra 1 stəkan yaşıl çay içmək lazımdır. İsti, uzun gündə oruc tutmaq bir az çətindir. Bu dönəmdə kökəlmək istənmirsinizsə mütləq imsaka durmalısınız. İmsak yeməklərini az-az, yaxşıca çeynəyərək yeməlisiniz. Çiy tərəvəz, pomidor, xiyar kimi tərəvəzlərə mütləq imsakda yer verin. İftarda orucunuzu yüngül bir yeməklə açın. Tərəvəz yeməkləri ilə qidalanın, ağır şirniyyatlardan uzaq durun. Bol su için, az-az, amma tez-tez yeyin.
Allah orucunuzu qəbul etsin!
Günel MANAFLI