azia.az
azia.az

Professor: “Rusiya 1975-ci il xəritəsində israr edir”

27-11-2021, 08:50

Professor: “Rusiya 1975-ci il xəritəsində israr edir”
“Təkcə 1975-ci ildən sonrakı xəritələr deyil, iyirminci əsrin əvvəllərindən indiyə qədər olan xəritələr dəqiq analiz edilməlidir...”
“Rusiya bu işə öz köməyini təklif edib. Sovet dövrü xəritələri ancaq bizdə, Müdafiə Nazirliyində saxlanır. Onlar yoxlanıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar”.

Bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Bəs söhbət konkret hansı “dəqiq xəritələr”dən gedir? Soçidə bununla bağlı ortaq razılıq mümkünmü? Doğrudanmı Sovet dövrü xəritələri ancaq Rusiya Müdafiə Nazirliyində saxlanır və həmin xəritələr tam dəqiqdirmi?
Professor: “Rusiya 1975-ci il xəritəsində israr edir”
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, “dəqiq xəritələr” anlayışı nisbi anlayışdır və Valentina Matviyenkonun buna istinad etməsi şübhəsiz bu məsələyə konyuktur yanaşmasından irəli gəlir: “Çünki Sovet dövründə sərhədlərin dəyişdirilməsi, xüsusilə Azərbaycan-Ermənistan sərhədlərində tez-tez torpaqdan pay edilməsi-Azərbaycan torpaqlarının ermənilərə pay verilməsi prosesi tez-tez və daha sürətlə həyata keçirilib. 1922-ci il dekabrın 30-dan, yəni SSRİ yaranandan sonra 1984-cü ilə qədər Kremlin qəbul etdiyi qərarlar əsasında Azərbaycan torpaqları kəsilərək Ermənistan deyilən respublikanın inzibati ərazisinə qatılıb. Aramızda ərazi inzibati sərhədləri mövcud olmasına baxmayaraq, dəfələrlə bu sərhədlər Ermənistanın xeyrinə dəyişdirilib və Ermənistan ərazisi genişləndirilib. Ona görə də bu gün təkcə 1975-ci ildən sonrakı xəritələr deyil, iyirminci əsrin əvvəllərindən indiyə qədər olan xəritələr dəqiq analiz edilməlidir. Biz SSRİ-nin tərkibinə 114 min kvadrat kilometrlik sahə ilə daxil edilmişik. Bunu təsdiq eləyən sənədlər, xəritələr var. SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisinin ölçüsü 86,6 min kvadrat kilometr olub. Yəni təxminən 28 min kvadrat kilometr torpaqlarımızı SSRİ dövründə itirmişik. İtirdiyimiz ərazilər Zəngəzurdadır, Dərələyəzdədir, Göyçə mahalındadır. Bu ərazilərimiz kəsilib ”proletar beynəlmiləlçiliyi" adı altında Ermənistana verilib. Bəs bu ərazilər necə olacaq?!"
Qabil Hüseynli qeyd etdi ki, hərbi topoqrafik xəritələr məsələsinə gəlincə, sovet dövründə bu sahədə inhisarçılıq məhz sovet ordusuna məxsus olub: “Ona görə də həmin xəritələr sovet ordusunun baş qərargahında idi. Hər il həmin xəritələr ölçülüb-biçilirdi. Lakin bu, daha çox SSRİ-nin digər ölkələrlə sərhədlərinə aid idi. SSRİ-nin daxilindəki inzibati sərhədlərin xəritələri isə o qədər ciddiyyəti ilə aparılmırdı. Ola bilsin Rusiya Müdafiə Nazirliyində bununla bağlı hər hansı bir xəritələr olsun. Amma bu xəritələr, bir daha deyirəm, müxtəlif dövrlərdə olan xəritələrin hamısı ilə uzlaşdırılaraq ölç-biç edilərək müxtəlif illərdə Azərbaycan torpaqlarının Ermənistana qatılması prosesi dəqiqliklə aşkara çıxarılmaqla istinad edilməli sənəd olaraq qəbul oluna bilər. Bu məsələlər hər halda Soçidə müzakirə olunub və Rusiyanın bununla bağlı təklifləri var. Təkliflər əvvəldən tərəflərə göndərilib. Rusiyanın təkliflərinin nədən ibarət olduğunu və sıfır nöqtəsindən, yəni İran sərhədindən başlayaraq Gürsüstanla sərhədə qədər necə müəyyənlədiriləcəyi mexanizmini hələ ki biz bilmirik. Yəqin ki, Soçi görüşü bu məsələlərə müəyyən qədər aydınlıq gətirəcək və ortaq komissiyanın yaradılması da mümkündür. Bundan sonra müəyyən qədər aydın mənzərə meydana gələ bilər”.

Professor onu da vurğuladı ki, bu məsələdə Rusiyanın tərəfsiz, obyektiv olması birdəfəlik bu bölgədə sərhəd münaqişələrinə, hətta isti müharibələrə son qoya bilər: “Bu, Rusiyanın dünyada sülhyaratma vasitəçiliyi məsələsində ciddi nüfuz, imic qazanmasına da səbəb olardı. Bütün bunlara görə də Rusiya öz rolunu dürüstlüklə oynamalıdır. Xəritələrdən tutmuş, digər amillərə qədər sərhədlərin müəyyənləşməsi və təsdiqlənməsi prosesində Moskva ədalətli iştirak etməlidir. Biz əsas diqqətimizi ərazi bütövlüyümüzə və sərhədlərin tarixi sənədlərə əsasən dəqiqlədirilməsinə yönəltməliyik”.

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi