azia.az
azia.az

Şuşaya getmək istəyirəm, amma aparan yoxdur — Xan qızı Natəvanın kötücəsi

24-10-2021, 22:14


Xan qızı Xurşidbanu Natəvanın kötücəsi Sevda Hüseynovanın Moderator.az-a özəl müsahibəsini təqdim edirik:
Şuşaya getmək istəyirəm, amma aparan yoxdur — Xan qızı Natəvanın kötücəsi
- Sevda xanım, istərdim öncə şəcərənizlə bağlı bizə məlumat verəsiniz.

- Mən Xurşidbanu Natəvanın kötücəsiyəm. Natəvan iki dəfə ailə həyatı qurub. O birinci evliliyini Xasay xan Usmiyev ilə edir. Mehdiqulu adlı oğlu, Xanbikə adlı qızı dünyaya gəlir. Natəvan ikinci dəfə isə faytonçusu Seyid Hüseynlə evlənmişdir. Bu evliliyindən Mirhəsən bəy, Mirabbas bəy və Mircabbar bəy adlı 3 oğlu, Sara və Həcər xanım adlı iki qızları dünyaya gəlib. Mən Həcər xanımın nəslindənəm. Həcər xanımın oğlu Kənan bəy mənim babam, anam Sara xanımın isə atası olub. Mən Sevda xanım isə Kənan bəyin nəvəsi, Xurşidbanu Natəvanın kötücəsi sayılıram.

- Məndə olan məlumata görə onun bir çox ölkələrdə nəticələri və kötücələri yaşayır. Onlarla əlaqəniz varmı?

- Xeyr, heç biri ilə əlaqəmiz yoxdur. O kötücələri Natəvanın Xasay xan Usmiyevlə olan izdivacındandır. Mən babamın nəslindən olanları tanıyıram.

- Sevda xanım, istərdim özünüz haqqında bizə məlumat verəsiniz.

- Mən Bakıda yaşayıram, iki övladım var. Şuşada anadan olmuşam. Özüm kimya-texnologiya ixtisasını bitirib, 40 il bu sahədə çalışmışam. Həyat yoldaşım, xalq rəssamı Arif Hüseynov da yaradıcı insandır. 45 ildən çoxdur ki, onunla ailə həyatı qurmuşam. Arif mənim həm dostum, həm də həyat yoldaşımdır.




- Ailədə Xurşidbanu Natəvan haqda nələr danışılırdı?

- Bizim nəsildən biz 3 bacı və bir də xalamın qızı yaşayır. Ailəmizdə adətən ulu nənəmizin xeyirxahlığından çox danışılıb. Natəvan hamıya kömək edib, kəndə su çəkdirib. Mən Əzizə Cəfərzadə ilə çox yaxın idim, o kitabında yazmışdı ki, Natəvan Şuşada erməni qızına da köməklik edib, onu xəstəlikdən xilas edib. Nənəm deyirdi ki, əlində nə olurdusa hamısını kasıb-kusuba paylayırdı. Övladlarının hərəsinə bir imarət, kənd bağışlamışdı. Üzeyir Hacıbəyov da Natəvanın pulu ilə oxuyub. Natəvan çox gözəl qadın olub. O vaxt Ağdamda babamgilin dəyirmanı, imarətləri var idi. Nənəm danışır ki, Sovet höküməti gələndə başladılar dəyirmanı dağıtmağa, olub-qalanı sındırmağa. Nənəm deyib ki, niyə dağıdırsınız ki? İşlədin də. Onun haqda arxiv sənədlər də o qədər çox deyil. Nənəm deyir ki, “Məclisi üns”-də bütün hamı bəylər idi, təkcə iki xanım var idi, Məhsəti Gəncəvi və Xurşidbanu Natəvan. Natəvan həm də gözəl rəssam olub, bundan başqa əl işləri də hazırlayıb. Hətta onun oğlu, xalası Bəyimxanım da şair idi. Yəqin ki, Natəvanın şeirlərində hüznü, kədəri hiss etmisiniz. Bu da oğlunun cavan yaşda dünyasını dəyişməsi ilə bağlı idi.

- Xan qızından sizə yadigar nə qalıb?

- Natəvandan anama özünün hazırladığı, naxışlarla bəzədiyi parça dəsmal, bir də cibdan (koşelyok) qalmışdı. Kiçik bacımda idi, daha sonra bilmədim nə oldu? Bir dənə də “podinos” var idi. Üstündə də qızı Həcərin adı yazılmışdı. Anamda nə var idisə hamısını muzeyə bağışlamışdı.

- Sonuncu dəfə Şuşada nə vaxt olmusunuz?

- Mən 4-cü kursda oxuyanda bacımla ora sanatoriyaya getmişdim. Təxminən 1971-ci il idi. O qədər gözəl idi ki, Şuşa. Elə ona görə də ermənilər oranı işğal etmişdilər. Bir də yadımda o qalmışdı ki, Şuşada yaşayan bütün azyaşlı uşaqların gözəl səsi var idi. Oxuyanda elə bilirdin ki, quşlar cəh-cəh vurur.

- Xurşidbanu Natəvan Ağdamda İmarət qəbirstanlığında dəfn olunub. Niyə məhz Şuşada yox, Ağdamda dəfn olunub?

- Bizim qohumların çoxu İmarət qəbirstanlığında dəfn olunub. Böyüklərimiz danışardı ki, rəhmətə gedəndə onu Şuşadan Ağdama qədər camaat çiynində aparıb. Ağdam işğaldan azad ediləndən sonra bir çox qəbirlər kimi, Natəvanın da məzarının dağıdılaraq, nəşinin qəbirdən çıxarılmasını gördük. Adam da qəbirə əl vurar? Onlar Allahdan qorxmurlar?! Adamın ölüsünü tərpədərlər? Onlar adam deyil, əcaib varlıqlardır! Biz o vaxt ermənilərlə oxumuşuq, mehriban olmuşuq. Nə biləydik ki, onlar bizə qarşı belə münasibətdədirlər?

- Gövhər ağa ilə necə qohum olmusunuz?

- Gövhər ağa İbrahimxəlil xanın qızı, Natəvanın bibisidir. O da yaxşı şeirlər yazıb. İki dəfə ailə həyatı qurub, ikinci əri çox imkanlı olub. O ərinin pulu ilə Şuşada Gövhər ağa adlı məscidlər tikdirib, hamısına da öz adını qoyub. Həmin məscidlər hazırda da Şuşada qalmaqdadır.

- Uzun illərdir Şuşadan uzaq düşmüsünüz. Şuşanın azad olunması xəbərini necə qarşıladınız?

- Şuşanın işğaldan azad olunması xəbərini eşidəndə göz yaşlarımız sel oldu. Bacılarıma, xalam qızına zəng edib hönkürtü ilə ağladım. Bircə ona görə heyfslənirəm ki, bu günü nə nənəm, nə də anam görə bildi.

- Şuşaya getmisiniz?

- Xeyr, gedə bilməmişəm. İstəyirəm gedim, amma aparan yoxdur. Mənə elə gəlir ki, Şuşaya ilk Şuşalılar getməli idi. Ermənilər orada daşı-daş üstə qoymayıblar, bütün dahi şairlərin, sənətkarların evlərini dağıdıblar. Həmçinin də Natəvanın sarayını. İnanıram ki, Natəvanın sarayı da tezliklə bərpa olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi