Qazi baş məşqçi: “Gənclərimizin intihar etməsinin əsas səbəbi...”
Azərbaycanın əlil arabasında qılıncoynatma milli komandasının baş məşqçisi Asəf Məlikov son zamanlar ölkəmizdə gənclərin və qazilərin intihar etməsi məsələsindən narahatlığını dilə gətirib.
I Qarabağ müharibəsi veteranı, keçmiş zabit, FENCİNG idman klubunun prezidenti və baş məşqçi olan Asəf Məlikov hadisələrə münasibətini İnstagram hesabı üzərindən paylaşıb. Onun günümüzün həssas mövzusununu aktuallaşdırması diqqətimizdən yayınmadı və Asəf müəllimlə danışmaq qərarına gəldik.
Fikirlərini Fanat.az-la bölüşən mütəxəssis bu durumun səbəbini və bu vəziyyətdən çıxış yolunu nədə gördüyünü belə izah etdi:
"Qazilərimizin, gənclərimizin intihar etməsi mənə çox təsir edir. Bu problemin əsas səbəbi idman zallarının bağlı olmasıdır. Hər bir dövrün öz yaxşıları da, pisləri də var. SSRİ dövründə uşaqların oktyabryat, pioner, gənclərin komsomol təşkilatları vardı. Bu təşkilatlar uşaqları birləşdirirdi, onları hansısa dərnəklərə, idman növlərinə cəlb edirdilər. Sonradan dağıdıldı, yoxa çıxdı... Dağıtmaq asandır, amma alternativ qoymaq lazımdır. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə gəncləri birləşdirmək üçün idmana dəstəyini göstərdi. 1996-cı ildə hazırki prezidentimiz İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti təyin olundu və ilk cıxışında dedi ki, bu günə kimi gənclərə, idmana olan dəstək aşağı səviyyədə olub, bununla nəticə olmaz. Söhbət medallardan getmir, söhbət gənclərin bir yerdə olmasından, onları birləşdirməkdən gedir. Biz bu gün gəncləri hər hansı bir maraq ətrafında birləşdirə biləriksə, onda demək olar ki, onları hansısa pis vərdişlərdən, və ya özünəqapanmadan, intihara meyillilikdən qurtara bilərik. Amma bu gün idman zalları bağlı, idman məktəbləri bağlı, gənclər hamısı telefonda... Telefonda min dənə proqram var. Uşaqlara nə qədər danışırsan danış, dərk etmir. Yarım saat psixoloq yanında oturmaqla nə dəyişəcək?! Amma iki saat məşq edəndə uşağa hansısa idman növü aşılanır, kollektivdə necə davranmaq lazım olduğunu öyrənir və sair. Öyrədilmir, özü öyrənir. Praktiki olaraq götürdüyü üçün bu daha yaxşıdır. Amma əfsuslar olsun ki, məşqlər keçirməyə icazə verilmir. Bu hal gəncləri daha da özünə qapandırır. Pessimizm isə bundan yaranır”.
Asəf Məlikov Vətən müharibəsi qazilərinə təmənnasız yardım göstərməyə hazır olduqlarını, lakin pandemiya səbəbindən onlar haqqında məlumat ala bilmədiklərini vurğulayıb:
"Həm klub, həm də federasiyadan Milli Paralimpiya Komitəsinə müraciət etdik və bizə bildirdilər ki, bu sahədə iş gedir. Çünki biz bu komitəyə bağlıyıq, bizə idmançılar onların vasitəsi ilə gəlir. Bu gün bildiyiniz kimi, bərpa mərkəzləri bağlıdır, ona görə də qazilərimiz haqqında bizdə məlumat yoxdur. Amma biz onları idmana cəlb etməyi çox istəyirik. Çünki bu gün onlara təmənnasız dəstək göstərmək imkanımız var. Ancaq təəssüf ki, bizdə onlarla bağlı məlumat yoxdur. Çünki zallar açıq olsa, fəaliyyətə keçib Sosial Müdafiə fondlarına müraciət edərdik. Bu gün Əhalinin Sosial Müdafiə Nazirliyi var, Paralimpiya Komitəsi var, müəyyən dəstək o tərəfdən alınmalıdır. Ancaq pandemiya ilə əlaqədar hər yer bağlıdır. Ona görə də, həmin o idmançılardan bir növ qopmuş sayılırıq. Muzeyin açılmasına icazə verilir. Orda insanlarla iki metr məsafədə dayanmalısan. İdman zallarında onsuz da belədir. Qılıncoynatma elə iki metr məsafədən yerinə yetirilən idman növüdür. Hansı səbəbdən bizə icazə verilmir, onu dərk edə bilmirəm”.
Millimizin baş məşqçisi gəncləri yanlış qərarlardan çəkindirib, idmana səsləməyi də unutmadı:
”Pessimizmə qapılmaq lazım deyil. Həyata həmişə optimist nəzərlərlə baxın. Həyatına son qoyan gənclər fikirləşirlər ki, hansısa problemdən qaçırlar, amma bu yanlışdır. Çünki o, ilk növbədə öz valideynini, öz xalqını, dövlətini, torpağını düşünməlidir. Sabah bu Azərbaycanı Azərbaycanın gəncliyi xilas edə bilər. Düşmənlərimiz heç də bitməyib, onlar var və yəqin ki, hər zaman da olacaq. Biz nə qədər də xoşməramlı olsaq da, düşmənlərimizin xoşməramlı olacağına zəmənatimiz yoxdur. Bu səbəbdən də dəyər idmandır, dəyər birləşmiş ümumi maraqdır. Və ümumi maraq nə qədər sağlam, nə qədər pozitiv olsa, o insanlarda da gələcəyə inam olacaq”.