“Qobustan” jurnalının yeni sayının təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyində (AYB) “Qobustan” jurnalının “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub.
Təqdimat mərasimində giriş nitqi ilə çıxış edən AYB sədri, Xalq yazıçısı Anar “Qobustan” jurnalının Azərbaycan mədəniyyətində və ədəbiyyatında xüsusi yerə sahib olduğunu vurğulayıb. Bildirib ki, jurnal fəaliyyət göstərdiyi dövrdə milli mədəniyyətin, incəsənətin və ədəbiyyatın təbliğinə, istedadlı gənclərin üzə çıxarılmasına və onların yaradıcılığının dəstəklənməsinə mühüm töhfələr verib.“Qobustan”ın bu ənənələri qoruyub saxladığını deyən Xalq yazıçısı nəşrin “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr edilmiş xüsusi buraxılışının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki tarixi rolundan bəhs edib.Bildirib ki, jurnal yarandığı dövrdən etibarən milli ədəbi-bədii fikrin və ictimai şüurun formalaşmasında, Azərbaycançılıq ideyalarının təbliğində və yeni ədəbi-estetik baxışların inkişafında mühüm yer tutub.
AMEA rəhbəri vurğulayıb ki, “Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbiyyatında həm ədəbi məktəbin, həm də ədəbi cərəyanın formalaşmasında müstəsna rol oynayıb. O, nəşri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının beşiyi kimi səciyyələndirib, “Molla Nəsrəddin” ideyalarının bu gün də yaşadığını və cəmiyyətimizin inkişafına təsir göstərdiyini bildirib. Akademik İsa Həbibbəyli təqdimat mərasimini Mirzə Cəlil yaradıcılığına yenidən qayıdışın ifadəsi kimi də qiymətləndirərək, böyük ədibin Azərbaycan ədəbiyyatında əbədi yaşamaq haqqı qazandığını vurğulayıb.
Akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan “Qobustan” jurnalının yalnız poeziya nümunələrinin dərc olunduğu nəşr deyil, bütövlükdə Azərbaycan ədəbiyyatını, incəsənətini və mədəniyyətini əhatə edən, müxtəlif yaradıcı sahələri bir araya gətirən ədəbi-mədəni platforma olduğunu diqqətə çatdırıb. Bildirib ki, jurnalın fəaliyyəti nəticəsində özünəməxsus ədəbi mühit formalaşıb, müxtəlif nəsillərin nümayəndələri, gənc qələm sahibləri, şairlər, tənqidçilər və sənətşünaslar üçün yaradıcılıq imkanları yaranıb.
AMEA prezidenti “Qobustan”ın uzun illər ərzində öz mövqeyini və nüfuzunu qoruyub saxlamasını nəşrin formalaşdırdığı ənənələrlə əlaqələndirib. O, jurnalın müxtəlif dövrlərdə fəaliyyət göstərmiş redaktorlarının və yaradıcı kollektivinin əməyini xüsusi qeyd edərək, nəşrin ideya və ədəbi istiqamətinin müəyyənləşməsində onların xidmətlərini vurğulayıb.![]()
Akademiya rəhbəri “Qobustan”ın “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş xüsusi buraxılışını əlamətdar hadisə kimi dəyərləndirib, jurnalın ənənələrinin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Qobustan” jurnalının xüsusi buraxılışının əhəmiyyətindən danışıb, “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixindəki rolunu qeyd edib.
Nazir müavini Fərid Cəfərov “Molla Nəsrəddin” jurnalının irsinin qorunması və tədqiqi istiqamətində görülən işlərə də toxunub.Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən yubileylə əlaqədar müxtəlif tədbirlər təşkil olunub, jurnalın nəşrlərinin mühafizəsi, araşdırılması və ictimaiyyətə təqdim edilməsi istiqamətində fəaliyyət həyata keçirilib. O, nəşrin müxtəlif saylarının tədqiqatçılar üçün mühüm mənbə olduğunu deyib, onların sərgilər və nəşrlər vasitəsilə geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə, həmçinin Xalq rəssamı Arif Hüseynov, Xalq yazıçısı Çingiz Abdullayev, professor Asif Rüstəmli, Xalq artisti Ramiz Həsənoğlu, AYB katibi Səlim Babullaoğlu, elmlər doktoru Gülbəniz Babayeva və başqaları çıxış ediblər. Çıxışlarda “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı, satirik mətbuatı və ictimai fikir tarixindəki müstəsna mövqeyi, nəşrin milli-mənəvi dəyərlərin formalaşmasına təsiri, Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərin yaradıcılıq irsinin aktuallığı diqqətə çatdırılıb.Natiqlər “Qobustan” jurnalının bu zəngin irsin təbliği və yeni nəsillərə çatdırılması istiqamətindəki təşəbbüsünü yüksək qiymətləndiriblər.
Sonda “Qobustan” jurnalının baş redaktoru, tanınmış yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edərək tədbirin iştirakçılarına və müəlliflərə minnətdarlığını bildirib. O, gənc yazarların dəstəklənməsi, gənc müəlliflərin əsərlərinin təqdim olunması və onların ədəbi mühitə cəlb edilməsi istiqamətində həyata keçirilən “Söz müəlliflərdə” layihəsindən bəhs edərək vurğulayıb ki, layihə çərçivəsində ilk dəfə mətbuatda yazısı dərc olunmuş 100-dən artıq gənc və istedadlı yazara jurnalda yer verilib.
Tədbirdə gənc və istedadlı şair, yazıçı, dramaturqlarla yanaşı tələbələr də çıxış edərək jurnalla bağlı fikirlərini bölüşüb, yaradıcılıq nümunələrinin çap olunmasına göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.