Azərbaycanda neçə şagird xarici dildə təhsil alır? - RƏQƏMLƏR
Azərbaycanda orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin böyük əksəriyyəti Azərbaycan dilində oxusa da, rus, ingilis və digər xarici dillərdə tədris aparılan bölmələr də mövcuddur. Valideynlərin bir qismi uşaqlarının gələcək təhsil və karyera imkanlarını nəzərə alaraq xarici dildə təhsilə üstünlük verir.
Bəs hazırda Azərbaycanda neçə şagird xarici dildə təhsil alır və bu göstərici ümumi məktəbli sayının nə qədərini təşkil edir?
2025-ci ilin sonuna olan məlumata əsasən, şagirdlərin 89,6 faizi (1,507 milyonu) Azərbaycan dilində təhsil alır. Rus dilində 157 min (şagirdlərin 9,3 faizi), ingilis dilində 15 min (0,9 faiz), türk dilində 2500 (0,15 faiz), gürcü dilində 980 (0,06 faiz) şagird oxuyur.
Qeyd edək ki, Azərbaycan, rus və gürcü dillərindən fərqli olaraq, ingilis və türk dilində təhsil əsasən özəl məktəblərdə həyata keçirilir.
Ümumilikdə, 16 məktəbdə tədris yalnız rus, 6 məktəbdə isə gürcü dilində həyata keçirilir. Bununla yanaşı, 312 məktəbdə Azərbaycan və rus, 9 məktəbdə Azərbaycan, rus və ingilis, 3 məktəbdə Azərbaycan və gürcü, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dillərində təhsil verilir.
Xarici dillərin məktəblərdə fənn kimi tədrisi isə daha geniş yayılıb. Rəsmi məlumata görə, ölkə üzrə 3745 məktəbdə ingilis, 3090 məktəbdə rus, 344 məktəbdə fransız, 233 məktəbdə alman, 16 məktəbdə ərəb, 8 məktəbdə isə fars dili tədris olunur.
Bundan başqa, azsaylı xalqların dillərinin öyrənilməsi də ümumi təhsil sistemində yer alır. Nazirliyin məlumatına əsasən, ölkə üzrə 37 123 şagird milli azlıqların dillərini öyrənir. Onlardan 13 590-ı ləzgi, 20 908-i talış, 1695-i avar, 585-i saxur, 154-ü udin dilini öyrənir.
İradə Elsevər