azia.az
azia.az

Xalq artisti: “Musiqilərimizlə ermənilərə mesaj veririk ki, bizim ərazimizdə yaşayırsınız”

10-03-2022, 08:35


Azərbaycan musiqilərinin bu şəkildə səsləndirilməsi sülh çağırışıdır”
Xalq artisti: “Musiqilərimizlə ermənilərə mesaj veririk ki, bizim ərazimizdə yaşayırsınız”
Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün onilliklər lazımdır. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdirməklə yanaşı, müstəqillik illərində dünyaya göz açmış vətənpərvər gənclərin kifayət qədər olduğunu da göstərdi. 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Gənclərin şücaəti isə gələcək nəsillərə əsl örnək oldu. Müstəqillik illərində dünyaya göz açan gənclər müzəffər ordunun sıralarına qoşularaq Vətən müharibəsi, dolayısı ilə Azərbaycanın qəhrəmanlıq tarixinə şanlı səhifələr yazdılar. Bu da bir daha göstərdi ki, xalqımız mənəvi tərbiyə ilə yetişdirilmiş gənclərdə vətənpərvərlik duyğusunu formalaşdıra bilib.

Bu gün isə artıq yeni səhifələr yazılır. Bir ildən çoxdur azad edilən Qarabağ dirçəlməyə başlayır. “Qarabağa böyük qayıdış” üçün gərəkli olan bütün işlər görülür. Qarabağın azad dövrünün görüntüləri gözəl gələcəyə ümidi artırır. Siyasi mesajlardan əlavə, digər vasitələrdən istifadə etməklə torpaqların kimə məxsus olduğu bildirilir. Bugünlərdə Şuşadan Xankəndinə saat 06:00-dan azan verilməyə başlanıb. Şuşada səsləndirilən sübh azanı bütün ətraf bölgələrdə, o cümlədən Xankəndində də eşidilib. Əlavə olaraq dövlət himni və hərbi vətənpərvərlik musiqiləri də səsləndirilib. Şuşalılar, həmçinin, səsgücləndiricilər vasitəsilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturasını da səsləndiriblər.

Xalq artisti Mənsum İbrahimov bugünlərdə çəkilişlə əlaqədar Şuşada idi. M.İbrahimov bu sədaların eşidilməsinin necə ab-hava yaratdığını “Yeni Müsavat”a şərh etdi: “Azərbaycan musiqilərinin bu şəkildə səsləndirilməsi sülh mesajıdır. Ermənilər anlamalıdırlar ki, bura Azərbaycan Respublikasının ərazisidir. Artıq yol açıqdır. Kim istəyirsə, qanunlarımızın altında yaşaya bilər. Bura bizim ərazimizdir. Biz mesaj verdik ki, bunu unutmasınlar".

Xalq artisti tarix boyu ermənilərin Azərbaycan musiqisinə heyran olduğunu, hətta bir çox hallarda oğurluqdan belə çəkinmədiklərini vurğuladı: “Özlərinin heç nəyi yoxdur. Yazıqlar nə etsinlər? Sevirlər, yaxşıdır ki, oğurlayıblar. İstər xalq musiqisi, istərsə də klassik musiqi əsərlərimizi öz adlarına çıxarmağa çalışıblar. Bəzən bunu bacarıblar da. Bir neçə gündür Şuşadayıq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə çəkilişlər edirik. Təsəvvür edin ki, ”Leyli və Məcnun" operasının sədaları Xankəndində eşidilirdi. Doğma torpağımızda Azərbaycan xalq musiqisi, Ü.Hacıbəylinin əsərləri, aşıq musiqisi, muğamlarımız səslənir. Biz mesaj veririk ki, siz bizim ərazimizdə yaşayırsınız. Şuşada hazırda quruculuq işləri gedir. Hər yerdə tikinti işləri görülür. Yol çəkilir. Çox gözəl işlər görülür".

Nigar HƏSƏNLİ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi