azia.az
azia.az

615 bal topladı, müəllimliyi seçdi: “MİQ suallarının 34-nə düzgün cavab verdim”

Bu gün, 21:47

Yüksək nəticə göstərərək müəllimlik ixtisasını seçən gənclərlə müsahibələrimiz davam edir. Növbəti həmsöhbətimiz 615,5 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olan Zəhra Ağayevadır.

Z. Ağayeva 113 nömrəli tam orta məktəbinin məzunudur. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisası üzrə təhsil alır.

AzEdu.az Zəhra ilə əlaqə saxlayaraq yüksək bal toplamasına baxmayaraq məhz bu ixtisası və universiteti seçməsinin səbəblərini, uşaqlıq arzusunu və gələcək planlarını öyrənib.

- 615 bal I qrup üçün kifayət qədər yüksək göstəricidir. Maraqlıdır, bu uşaqlıq arzun idi, yoxsa ailənin yönləndirməsi oldu?

- Əslində uşaqlıqdan müəllim olmaq istəyirdim. Sadəcə 9-cu sinifdə bir ara fikrim qarışdı, psixologiyaya həvəs göstərdim. Amma hazırlıq prosesində hiss etdim ki, humanitar fənlərdə əzbərçilik mənlik deyil. Çünki tez əzbərləyib, tez də unudurdum. Tarix, ədəbiyyat kimi fənlər məni yorurdu. Riyaziyyatı isə uşaqlıqdan həqiqətən çox sevmişəm.

Bir də hazırlıq müəllimimin üzərimdə böyük rolu oldu. Onun dərs keçmə üslubunu gördükcə bu peşəyə sevgim daha da artdı. 10-11-ci siniflərdə artıq tam əminliklə riyaziyyat müəllimliyini hədəflədim.

- Ailədə, qohumlarda riyaziyyatı yaxşı bilənlər və ya müəllim olan var? Yoxsa bu meyil hardan gəlir?

- Birbaşa müəllim olan yoxdur, sadəcə iki il əvvəl qəbul olan bir əmim qızı var. Amma ata tərəfimdə riyaziyyata, mühəndisliyə maraq həmişə güclü olub. Əmim oğlu mühəndisdir, babamın, bibimin də riyaziyyata dərindən marağı olub. Yəni bu meyil ailədən gəlir.

- Bəs bu yüksək nəticə toplayıb müəllimliyi seçəndə çevrəndən "təəccüblənənlər" və ya səni başqa sahəyə sövq etmək istəyənlər oldumu?

- Əlbəttə, oldu. İndi gənclər arasında müəllimlik bir qədər nüfuzunu itirmiş peşə kimi görünür. Ona görə çox adam fərqli sahələr təklif edirdi. Amma mən həm öyrənməyi, həm də öyrətməyi sevirəm. Qərarımda qəti idim.

Hətta hazırlıq dövründə müəllimim məni Müəllimlərin İşə Qəbulu sınaqlarına da aparırdı. “Nizami” Tədris Mərkəzində keçirilən MİQ sınağında riyaziyyat üzrə 40 sualdan 34-nə düzgün cavab vermişdim. Yəni təkcə abituriyent proqramı ilə kifayətlənməyib, ixtisas səviyyəsində hazırlaşırdım.

- Çox vaxt müəllimlər MİQ suallarının həddən artıq çətin olmasından gileylənirlər. Sən nə düşünürsən bəs?

- Çünki MİQ-dəki suallar adi məktəb proqramı çərçivəsində olmur, daha dərin təhlil və  düşüncə tələb edir. Riyaziyyatda əzbərçiliklə irəli getmək olmaz. Gərək mühakimə yürütməyi, fərqli məntiqi yollar tapmağı bacarasan. Çətinlik də elə buradan qaynaqlanır.

- Gələcək planların necədir? Bakalavr təhsilindən sonra magistratura düşünürsən?

- Hələ ki, dəqiq bir şey deyə bilmirəm. Həmin vaxta qədər imkanları dəyərləndirəcəyəm. Amma gələcəkdə universitetdə qalıb tələbələrə dərs demək də maraqlı gəlir. Əgər daha yaxşı imkanlar olsa, niyə də olmasın?

- Sənin gözündə ideal müəllim obrazı necədir? Özün necə bir müəllim olacaqsan?

– Mən xasiyyətcə sakit insanam, təmkinli olmağa çalışıram. İdeal müəllim üçün ən vacib xüsusiyyət səbirdir. Əsəb insana istəmədiyi sözləri dedirdə, yanlış hərəkətlər etdirə bilər. Müəllim şagirdinə qarşı hər zaman səbirli və anlayışlı olmalıdır. Özümdə də ən çox bu keyfiyyəti qorumağa çalışacağam.

- Bu gün bir çoxlarının qorxulu röyasıdır riyaziyyat. Bəs səndə riyaziyyata sevgi, həvəs necə yaranıb?

- Riyaziyyat kimi mürəkkəb bir fəndə təməl çox vacibdir. Aşağı siniflərdən etibarən yaxşı oxuduğum üçün riyaziyyat üzrə kifayət qədər möhkəm təməlim var idi. Yuxarı siniflərdə isə sadəcə o təməlin üzərinə bina daşlarını qoyurdum. Həm də əzbərim yaxşı olmadığı üçün qaydaları mexaniki əzbərləmək əvəzinə məntiqini başa düşməyə məcbur idim. Məntiqini qavrayanda isə istər asan, istərsə də çətin tipli sualları rahatlıqla həll edə bilirsən. Riyaziyyatda ən çox edilən səhv elə düsturları kor-koranə əzbərləməkdir. Çünki riyaziyyat yalnız düsturlardan ibarət deyil. Əsas məsələ analiz etmək və düzgün düşüncə tərzidir.

- Bəs bu yolda uğurunun əsas sirri nədir? Yüksək nəticə toplamağına  nə kömək etdi?

- Mənim üçün ən vacib amil stresi maksimum dərəcədə özümdən uzaqlaşdırmaq oldu. Abituriyentlik dövründə hər kəsin gərginlik yaşadığını görürdüm. Amma mən nə buraxılış, nə də blok imtahanlarında stres yaşamadım. Hətta bir anlıq özümdən şübhələnirdim ki, görəsən bu hal normaldır, yoxsa mən nəyisə gözə alıram. Nə hazırlıq prosesində, nə imtahan anında, nə də nəticələri gözləyəndə narahatlıq hiss etmədim. Əlbəttə, kiçik tərəddüdlər olurdu, amma ürəksıxıntısı və ya panik halı yaşamadım.

Digər tərəfdən, dəqiq planım var idi və işləri sonraya saxlamağı sevmirdim. Nəyi nə vaxt edəcəyimi bilirdim. Ən başlıcası isə düzgün çalışmaqdır.  6 saat fikrini cəmləyə bilmədən masada oturmaqdansa, vacib məqamlara diqqət yetirərək 3 saat səmərəli çalışmaq daha çox nəticə verir.

- Cəmiyyətdə belə bir yanaşma var ki, yüksək nəticə üçün hər şeydən uzaqlaşıb ancaq dərs oxumalısan. Sən hazırlaşdığın dövrdə telefondan, sosial şəbəkələrdən istifadə edirdinmi?

- Bu yanaşma qətiyyən düzgün deyil. İlk şəxsi telefonumu 11-ci sinifdə əldə etmişdim və ondan əsasən tədris materiallarına, PDF fayllarına baxmaq üçün istifadə edirdim. Ondan əvvəl anamın telefonundan istifadə edirdim. YouTube-dan davamlı yararlanırdım, Instagram hesabımı isə 11-ci sinfin ortalarında açmışdım.

Mən sadəcə özümə vaxt məhdudiyyəti qoyurdum. Məsələn, YouTube üçün 1 saat, Instagram üçün yarım saat vaxt ayırıb tətbiqləri kilidləyirdim. Vaxtı düzgün böləndə sosial şəbəkələr mane olmur. Biz robot deyilik, bütün günü fasiləsiz dərs oxumaq da düzgün deyil. Hər şeyi normada saxlamaq lazımdır.

- İndi universitetdə dərslərin necə gedir? Fənlərə və mühitə uyğunlaşa bilmisənmi?

- Universitetdə mühit çox yaxşıdır. Əvvəllər təhsilimi Azərbaycan dilində aldığım üçün riyaziyyatın indi ingilis dilində tədris olunmasına uyğunlaşmaq bir qədər vaxt tələb edir. Amma baza biliklərim olduğu üçün ciddi çətinlik çəkmirəm, sadəcə seminarlarda bəzən kiçik dil baryeri olur, onu da zamanla dəf edirəm.

- Bəs müəllimliyi məhz ingilis bölməsi üzrə seçməkdə məqsədin nə idi? Yalnız dili inkişaf etdirmək, yoxsa gələcək karyera imkanları?

- Əsas məqsədim gələcək iş imkanları idi. Çünki ingilis dilində tədris aparan mütəxəssislərin iş imkanları, şəraitləri və mühitləri daha fərqli olur. Seçimdən əvvəl "bacararammı, imtahanları, kollokviumları necə verəcəyəm" deyə tərəddüd edirdim. Lakin dili istifadə etdikcə inkişaf etdiyini gördüm. Cəmi bir neçə həftə keçməsinə baxmayaraq, artıq ingiliscə daha səlis danışdığımı hiss edirəm. Yaxşı ki, bu riski alıb ingilis bölməsini seçmişəm.

- Yüksək nəticə toplamış bir tələbə kimi abituriyentlərə hansı tövsiyələri verərdin? Ən çox nələrə diqqət etsinlər? “Mənim etdiyim səhvləri etməyin” dediyin nələr var?

- İlk növbədə yuxu rejiminə diqqət etsinlər. Abituriyentlərin çoxu gecə saat 2-yə, 3-ə qədər yatmayıb səhər erkən durduqlarını deyirdilər. Bu, çox böyük səhvdir. Mən hazırlaşdığım dövrdə heç vaxt gecə yarısından sonraya qalmamışam. Ən gec 23:30 və ya 00:00-da yatırdım. Səhərlər tez dursam da, gecə yuxusuz qalmaq orqanizmdə və zehində əlavə gərginlik yaradır.

İkinci vacib məqam səhhətdir. Oturaq həyat tərzinə görə bir çox gəncdə skolioz yaranır. Məndə də imtahan dövründə skolioz irəliləmişdi və sonradan bərpası üçün həm fiziki, həm də maddi cəhətdən çox əziyyət çəkdim. Sağlamlığı heç bir halda arxa plana keçirmək olmaz.

Bir də vaxtın düzgün bölünməsi vacibdir. Yorğun olsanız belə, az da olsa davamlı çalışmaq, amma eyni zamanda dincəlməyə vaxt ayırmaq lazımdır. Bütün günü fasiləsiz dərslə məşğul olmaq nə faydalıdır, nə də davamlıdır.

Məltəm Anar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi