azia.az
azia.az

Məktəbli forması ilə hicab mövzusunun qarşı-qarşıya gətirilməsi başqa niyyətlərdən xəbər verir – Partiya sədrindən AÇIQLAMA

Bu gün, 15:39

Məktəbli forması ilə hicab mövzusunun qarşı-qarşıya gətirilməsi başqa niyyətlərdən xəbər verir – Partiya sədrindən AÇIQLAMA

Azərbaycanda hicabın taxılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ölkənin dünyəvi dövlət olması və təhsil sistemində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan fikir ayrılıqları cəmiyyətdə müxtəlif suallar doğurur. Bir tərəfdən, dünyəvi təhsil prinsiplərinin qorunmasının vacibliyi vurğulanır, digər tərəfdən isə dini etiqad azadlığı və şagirdlərin geyim seçimi məsələsi müzakirə olunur.

Bəs məktəbli forması ilə bağlı qaydaları hicaba qadağa kimi təqdim etmək nə dərəcədə doğrudur və bu müzakirələrin davam etdirilməsi hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, məsələ həddindən artıq həssasdır və onun ətrafında geniş ictimai müzakirələrin aparılması cəmiyyətdə parçalanmaya yol aça bilər.


Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

Onun sözlərinə görə, bu məsələdə müxtəlif maraqlara xidmət edən qruplar və şəxslər öz mövqelərini müdafiə etməyə çalışa, hətta ayrı-ayrı mərkəzlərin maraqlarından çıxış edə bilərlər. Akif Nağının fikrincə, bəzi qüvvələr Azərbaycanla Türkiyə və digər dövlətlər arasında fikir ayrılıqları yaratmağa çalışırlar.

Partiya sədri problemin ictimai müstəvidə qarşıdurmaya çevrilməməsi üçün dövlət və dini qurumların nümayəndələrinin bir araya gəlməsini təklif edib. Onun fikrincə, tərəflər məsələni müzakirə edərək ortaq mövqeyə gəlməli, əldə olunan razılaşma isə ictimaiyyətə açıqlanmalıdır. Beləliklə, mövzu ətrafında əlavə mübahisələrin və gərginliyin qarşısını almaq mümkün ola bilər.

Bəs Nazirlər Kabinetinin hicabla bağlı qadağa tətbiq etdiyi barədə deyilənlər nə dərəcədə əsaslıdır?

Məsələ ilə bağlı KONKRET.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, Nazirlər Kabinetinin dünyəvilik və hicabla əlaqələndirilən 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

Vəkilin sözlərinə görə, bu mövzu ilə bağlı hüquqşünaslara da tez-tez suallar ünvanlanır və qərara münasibət bildirmələri tələb olunur.

O, qeyd edib ki, qərarda məktəbli formasına uyğun olmayan və ümumi təhsilin dünyəvilik prinsipinə zidd hesab edilən geyim elementlərinin qadağan olunması nəzərdə tutulur. Hicabın sənəddə birbaşa qeyd edilməməsinə baxmayaraq, Turan Abdullazadənin fikrincə, həmin müddəa praktikada dini baş örtüyünə məhdudiyyət kimi başa düşülə bilər.

Vəkil xatırladıb ki, Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi respublikadır. Konstitusiyanın 18-ci maddəsində isə dinin dövlətdən ayrı olması və təhsil sisteminin dünyəvi xarakter daşıması ilə bağlı müddəalar yer alır.

Bununla belə, Turan Abdullazadə vurğulayıb ki, dünyəvilik anlayışını dini geyimlərə qarşı münasibətlə eyniləşdirmək düzgün deyil. Onun izahına görə, dünyəvi dövlətin əsas prinsiplərindən biri hər hansı dini təbliğ etməmək və müxtəlif inanclara münasibətdə neytrallığı qorumaqdır.

Vəkil bildirib ki, dünyada bu məsələyə yanaşmanın müxtəlif modelləri mövcuddur. Modellərdən birində dövlət neytrallığı qorunmaqla vətəndaşların, o cümlədən şagirdlərin dini inanclarını sərbəst ifadə etməsinə imkan verilir. Digər yanaşmada isə Fransa nümunəsində olduğu kimi, dövlət məktəblərində dini simvolların nümayişinə məhdudiyyətlər tətbiq olunur.

Onun fikrincə, qərarın bu şəkildə şərh edilməsi Azərbaycanda da ikinci modelə keçidlə bağlı suallar yaradır. Bununla belə, konkret hüquqi nəticə çıxarmaq üçün qərarın tam mətni, əhatə dairəsi və tətbiq mexanizmləri nəzərə alınmalıdır.

Turan Abdullazadə beynəlxalq hüquqi təcrübəyə də diqqət çəkib. O, Avropa İnsan Hüquqları Məhkəməsinin dini geyimlərlə bağlı qərarlarını xatırladaraq bildirib ki, bu sahədə dövlətlərə müəyyən qiymətləndirmə sərbəstliyi tanınır. Eyni zamanda, BMT-nin İnsan Hüquqları Komitəsinin oxşar məsələlər üzrə fərqli mövqe sərgilədiyi hallar da mövcuddur.

Vəkilin sözlərinə görə, qərarla razılaşmayan valideyn övladının hüquqlarına təsir edən konkret inzibati qərarı məhkəmədə mübahisələndirmək imkanını nəzərdən keçirə bilər. Hüquqi müdafiənin sonrakı mərhələləri isə işin hallarından və müvafiq qəbulolunma şərtlərindən asılıdır.

O, əlavə edib ki, normanın ümumi qaydada dəyişdirilməsi qanunvericilik prosesi çərçivəsində həll edilməlidir. Turan Abdullazadə Konstitusiyanın 96-cı maddəsini də xatırladaraq, qanunvericilik təşəbbüsü hüququ olan subyektlərin və vətəndaşların müəyyən edilmiş hüquqi mexanizmlərdən istifadə edə biləcəyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı narazılığı olan şəxslər qanunvericiliyin tələblərinə uyğun şəkildə Milli Məclisə müraciət edə bilərlər.

Beləliklə, hicab ətrafında müzakirələr təkcə məktəbli formasının tələbləri ilə məhdudlaşmır, eyni zamanda dünyəvilik, dini etiqad azadlığı və hüquqi tənzimləmə arasındakı münasibətləri də gündəmə gətirir.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi