MEK-də 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanları anılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqəli tədbir keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra MEK tərəfindən hazırlanmış ermənilərin zaman-zaman törətdikləri soyqırımlardan bəhs edən video nümayiş olunub.
Tədbirdə MEK-in direktoru, professor Məmməd Əliyev erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də, eləcə də digər dövrlərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Vurğulanıb ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. “Azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardan olmuşdur” -deyə direktor Məmməd Əliyev qeyd edib.
Direktor vurğulayıb ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla 44 günlük Vətən müharibəsində ermənilərə tarixi dərs verdi və qazanılan həmin Qələbə tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımlarda, dəhşətli qətliamlarda həlak olanların ruhlarını şad etdi.
Tədbirdə MEK-in kitabxana xidməti üzrə direktor müavini, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü çıxış edərək, ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən və bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rolundan danışıblar. Çıxış edənlər, Mərkəzi Elmi Kitabxanada müxtəlif vaxtlarda ermənilər tərəfindən azərbaycanlılara qarşı tərədilən soyqırım fakt və həqiqətlərini özündə ehtiva edən xeyli sayda sənəd və ədəbiyyatların mühafizə olunduğunu və bu faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini bildiriblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr şöbəsi