Manaf Ağayev: “Mən qala-qala müharibəyə başqası niyə getməlidir?”
Müğənni Manaf Ağayev "4 günlük müharibə" ərəfəsində şou-biznes əhlinin cəbhə bölgəsinə axışmasına münasibət bildirib.
Jurnalistlərin suallarını cavablandıran sənətçi həmkarlarını dəstəklədiyini deyib:
"Ramil Səfərov həbsdə olarkən "Ay vətən oğlu" mahnımı ona və Mübariz İbrahimova həsr etdim və klip çəkdirdim. Mən və oğullarım cəbhə bölgəsinə ilk gedənlərdən olmuşuq, yardım da etmişəm. Həmkarlarımın cəbhə bölgəsinə getməsi, klip çəkdirməsi gözəl haldır, insanlara ruh yüksəkliyi yaşadır. Bəziləri sözügedən həmkarlarımı qınadılar. Cəbhə bölgəsinə getsələr, getdiklərinə, getməsələr də, getmədiklərinə görə onları tənqid edəcəklər. Bu addımlara lağ edənlərin cəbhəyə getməyə cəsarəti çatmır. Cəbhəyə gedib vətənpərvərlikdən oxumasalar, müğənniləri tənqid etmək olar. Əlində Azərbaycan bayrağı "Qarabağ şikəstəsi" oxuyanları alqışlayıram, o zaman şəhidlərimizin ruhu şad olur. 2013-cü ildə toyunda oxuduğum dostum şəhid oldu, dəfn mərasiminə getdim. Qardaşı xahiş etdi ki, sevdiyi "Ay vətən oğlu" mahnısını ifa edim. Səhər saatları, hava soyuq olsa da, oxudum. O videonu görəndə hələ də tüklərim biz-biz olur. Bəziləri məni qınadılar ki, "camaat şəhid olur, Manaf oxuyur". Şəhid sənin balan olsun, məni müharibəyə apardılar, getmədim? Cəbhə bölgəsinə gedənlərə təşəkkür edirəm.
Düşünürəm ki, bu dəqiqə klip çəkdirmək yox, cəbhədə əsgərlərin yanında olmaq lazımdır".
Müğənni müharibə olarsa, döyüşə getməyə hazır olduğunu deyib: "Müharibə olarsa, əlbəttə, gedərəm. Mənim qədər vətəndən, Qarabağdan, torpaqdan oxuyan olmayıb. Qarabağlıyam, işğal olunmuş torpaqdanam, mən qala-qala müharibəyə başqası niyə getməlidir? Döyüşə hazıram".