azia.az
azia.az

Gözəl elçilik ənənəsi

29-01-2019, 13:49

Gözəl elçilik ənənəsi
Azia.az xəbər verir ki,Allah-Taala Qurani-Kərimdə buyurur:

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!."[1]

Qadın və kişi bir-biri üçün yaradılmışdır. Nikah bağlamaq və müştərək ailə həyatı qurmaq insanda təbii, fitri bir istək, insani bir duyğu və ehtiyacdır. Kişi və qadının bir-birinə olan ehtiyacı və birgə yaşamaq istəyi Allah-Taalanın insanlara lütf etdiyi böyük neməti və həmçinin, ilahi nişanələrdəndir.

Əziz Peyğəmbərimiz (s) bu böyük nemətdən məhrum, tənha, eşqsiz, məşuqsuz və həyat şəriki olmadan yaşayan insanlar haqqında belə buyurur: "Arvadı olmayan kişi və əri olmayan qadın dövlətli olsalar da belə miskin və çarəsizdirlər."[2]

O Həzrət (s) başqa bir hədisdə belə buyurur: "Allah-Taalanın yanında nikah bağlayıb, ailə həyatı qurmaqdan sevimli və əziz bir iş yoxdur".[3]

Bu müqəddəs işin bünövrəsi elçilik ilə başlayır. Yəni Allah-Taalanın hikmətli tədbiri kişini istək, eşq, aşiqlik, təmənna simvolu, qadını isə camal, gözəllik və məşuqiyyət cilvəsi olaraq yaratmışdır. Əslində, bu hikmətli tədbir təkcə insanlara məxsus deyil, hətta heyvanlara da aiddir. Yəni heyvanlar aləmində də əvvəl erkək cins özünü dişi cinsə meyilli, rəğbətli göstərir və onun ardınca gedib öz istəyini bildirir. Bu vaxt dişi cins özünü "naza" qoyub gözəllik və camalını qarşı tərəfə nümayiş etdirir.

Bəli, bu təbiət və instinktivə əsasən, adətən, elçilik və xahiş-minnət kişi tərəfindən başlayır. Həmişə tarix boyunca kişi qadına eşq elan etmiş və onun elçiliyinə gedib ailə həyatı qurmağa dəvət etmişdir. Bu yolla da qadının həya və iffətinə sayğı və hörmət göstərmişdir.

Qadınlar isə tarix boyu bu işdə önə düşməkdən qorunaraq, kişidən elçilik və nikah bağlamaq üçün xahiş etməmiş və izzətini və hörmətini hifz edərək özünü bayağılıqdan saxlamışdır. Buna görə də elçilikdə əsas qayda budur ki, elçilik və istəmək kişi tərəfindən, qəbul və razılıq isə qadın tərəfindən olsun. Əlbəttə, qeyd etmək lazımdır ki, tarixdə bu adətin əksinə olan hallara da rast gəlmək olur. Misal olaraq bir hədisi sizin diqqətinizə çatdırırıq:

İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: "Bir qadın Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Ey Allahın Rəsulu! Məni ərə ver."

Həzrət Peyğəmbər (s) üzünü səhabələrinə tutub buyurdu ki, bu qadınla evlənməyə kim hazırdır?"

Bir kişi ayağa qalxıb dedi: "Mən...".[4]

Amma daha gözəl, təbii budur ki, kişi qadından elçilik etsin, onu həyat yoldaşı, sevinc və qəmlərinə şərik, ürək dostu olmağa dəvət etsin. Bununla da qadının şəxsiyyət, kəramət, iffət, həya və ülviliyinə qiymət, ehtiram qoymuş olsun.

Buna görə də, elçiliyə gedən tərəf, yəni oğlan adamı, bu mühüm nöqtəyə xüsusi diqqət yetirməlidir. Elçilik adəti əslində qızın hörmət, həya, iffət, abır və ülviliyini hifz etmək üçündür. Məbada elə bir iş görsünlər ki, qızın hörmət, izzət və abrına az da olsa belə zərər dəysin. Bu məsələyə, xüsusilə də elçilik mərasimində, daha çox diqqət yetirmək vacibdir.

Bu mövzu ilə əlaqədar mənə ünvanlanan bir məktubu sizin diqqətinizə çatdırıram ki, burada bəzi elçilərin xoşagəlməyən rəftarlarına işarə olunubdur.

* "Salam... istəyirəm, bir məsələni sizə deyim. Deyəcəyim məsələ təkcə mənim deyil, bəlkə minlərlə qızın ürək sözü, qəm-qüssəsi, giley və şikayətidir. İstəyirəm ki, siz, biz qızların və ailələrimizin tərəfindən bütün ailələrə və oğlanlara çatdırasınız ki, nə üçün əvvəl nəcabət, iman, iffət, namus-qeyrət, eşq və əhdə vəfadan dəm vururlar, amma iş görüb qabağa çıxmaq vaxtı çatanda hər şeyi unudaraq maddiyyatı, pulu, mal-dövləti sərlövhə edib cehiz və buna oxşar məsələləri önə çəkib sövdələşməni pozaraq, aradan çıxmaq üçün bəhanə düzəldirlər?! Nə üçün yalandan bu qədər elçiliyə gedib hörmətli, abırlı ailələri zəhmətə salırlar?!

Görəsən, bu düz işdir? Neçə dəfə yalandan elçilik edərək, bu yolla kimlərəsə zəhmət verib, narahat etmək olar?

Bu dəfə ağsaqqal gətirir, gələn dəfə ağbirçək. Bir dəfə bibiylə gəlir, gələn dəfə xalayla, daha sonra qoca nənəsini gətirir. Bir kitablıq söhbət edib, məhəlləyə hay-həşir salıb, ailəni həyəcan, iztirab və narahatçılıqda qoyub gedirlər. Gün keçir, ay dolanır, qızın ailəsi intizarda qalır, amma elçilərdən bir xəbər yoxdur.

Bunlar bir yana qalsın, hələ çox vaxtlar qıza və ailəsinə yersiz iradlar tutub, üstlərinə marka da vururlar.

Sizdən xahiş edirəm ki, xalqımızla bu barədə söhbət edin və biz qızların bu bildirişini bütün ailələrə və elçilik etmək istəyənlərə çatdırın".

- "Mən bir ruhani olaraq, müsəlman bacı və qardaşları, əziz həmvətənlərimi, həmçinin, əziz və hörmətli ailələri aşağıdakı tövsiyələrə əməl etməyə dəvət edirəm:

1. Əgər siz elçiliyin mənasında diqqət etsəniz, heç vaxt bu cür xoşa gəlməyən, düzgün olmayan və narahatedici hallara rast gəlmərik.

Elçilik, yəni tələb, sevgi və istəyin ən şiddətli, yuxarı və son dərəcəsi.

Elçi, yəni həqiqətən istəyən və tələb edən.

Buna əsasən də, hər hansı ailə əgər hər hansı bir qızın elçiliyinə gedirsə, gərək qızın və onun ailəsinin hörmət, izzət, iffət, abır-həyasına ehtiram edib onların hüzurunda təvazökarlıqla, mehribançılıqla rəftar etsinlər. Bununla da hər bir ailənin və hər bir iffətli, həyalı qızın ülviliyinə, ülvi duyğularına ehtiram göstərsinlər. Lovğalıq edib, minnət qoymasınlar. Həqiqətən oğlanlarını həmin qızla evləndirmək istəyirlərsə, elçiliyə gedib qohum olmaq istədiklərini təvazökarlıqla elan etsinlər.

2. Elçiliyin ədəbi budur ki, elçilər gül dəstəsi ilə öz məhəbbət və xoş duyğularını aşkar etsinlər. Məbada, özləri ilə əzab-əziyyət tikanı, qəm zəhəri hədiyyə aparıb, zəhmət və əziyyət çoxaldıb, iztirab, qorxu, həyəcan yaratsınlar.

Sevimli Peyğəmbərimiz (s) buyurub: "Hər kəs mömin bir bəndəyə əziyyət etsə, onu qəmləndirsə və sonra üzr istəyib özünü bağışlatdırmaq üçün dünyanı belə ona versə, bu bağışlanmaq onun bu xoşagəlməz, bəyənilməmiş və düzgün olmayan işinin üstünü örtməyəcək və o, savab qazanmayacaqdır".[5]

İmam Əli (ə) buyurub: "Bir müsəlmanın başqa bir müsəlmanı qorxu, iztirab və həyəcana salması yaxşı və rəva deyildir".[6]

3. Belə xoşagəlməz halların qarşısını almaq, yəni başqalarını zəhmət, əziyyət, həyəcan və qorxuya salmamaq üçün, rəsmi surətdə elçilik etməmişdən qabaq elçiliyinə gediləcək tərəfin ailəsi haqqında ətraflı axtarış aparıb, yaxınlarınızla məsləhətləşib bir nəticəyə gəldikdən və bəyəndiyinizə əmin olduqdan sonra rəsmi surətdə elçilik etmək lazımdır. Əlbəttə, bu axtarış və yoxlanış mümkün qədər gizli surətdə olmalıdır.

4. Heç vaxt qabaqcadan ünsiyyətdə olmamış, tanışlıq etməmiş, xəbərsiz, həmçinin, inanılmış və ağıllı vasitəçinin hüzuru olmadan bir kimsənin qapısına elçiliyə getməyin.

5. Elçiliyin axırıncı mərhələsində, yəni qızla oğlan həqiqətən evlənmək istədikdə və qohum olmaq istəyən tərəflər razılığa gəldikdən sonra şəriət hökmlərinə əsasən qızla oğlan görüşüb söhbət edə bilərlər ki, bu görüşə aşağıdakı şərtlərlə icazə verilir:

5 -1. Bu görüş və söhbətləşmə zərurət olmadığı halda bir dəfədən artıq olmasın.

5 -2 . Bu görüş yalnız daha çox tanışlıq və tərəflərin bir-birinə öz xüsusiyyət və şərtlərini anlatmaq məqsədi ilə olmalıdır ki, gələcəkdə problemləri olmasın.

5 -3. Bu görüşdə özlərini ehtiraslandırıcı söz və hərəkətlərdən qorumalı, bir- birinə ləzzət və şəhvət gözüylə baxmamalıdırlar.

5 -4. Bu görüş hər hansısa tərəfin qorxu, həyəcan, əziyyət və zəhmətə düşməsinə səbəb olmamalıdır.

5 -5. Bir-birinin xüsusi sirləri haqqında söhbət etməməli və heç bir tərəf bu barədə qarşı tərəfdən soruşmamalıdır.

5 - 6. Tərəflər bir-birinə qarşı qeyri-mümkün və çətin tələblər irəli sürməməlidirlər.

6. Axırıncı sifarış və tövsiyəm budur ki, elçiliyə gedən və elçiliyi olunan tərəflər məsləhət və məşvərətlə bir-birlərinin haqqında axtarışları tamamladıqdan sonra bir-birlərini cavab intizarında qoymasınlar. Özlərinin müsbət, ya mənfi cavablarını ehtiram və hörmətlə qarşı tərəfə bildirsinlər, təhqir və tənqidə yol verməsinlər. Dünya malı, var-dövlət və yoxsulluğa görə bir-birlərini qiymətləndirib nəzər verməkdən çəkinsinlər. Daha yaxşı olar ki, iman, iffət, abır-həya və səxavət kimi insani keyfiyyətləri və səciyyəvi xüsusiyyətləri nəzərə alıb qohum olmaq və ya olmamaq haqqında qərar qəbul etsinlər.

Allahın Rəsulu (s) buyurub: "Hər kəs bir mömini yoxsul və kasıb olduğu üçün qiymətsiz hesab edib, təhqir etsə, Allah-Taala Qiyamət günü onu hamının qarşısında rüsvay və biabır edəcəkdir".[7]

Allah-Taaladan istəyim budur ki, qəlblərimizi iman nuru və ilahi ədəblə işıqlandırıb abır-həya, imanımızı dünya və axirətdə hifz edib həyatda bizlərə dostluq, rəhimlilik, səfa, dinclik, əmin-amanlıq bəxş etsin.[8]

Hazırladı: Mirməhəmməd Bəşir

*** Əxlaq ustadı və ailə məsləhətçisi Höccətul- İslam vəl- müslimin Seyid Əli Əkbər Hüseyninin "Ailədə Əxlaq" kitabından çıxarış.

[1]. "Rum" surəsi, ayə:21

[2]. "Biharul-ənvar", Əllamə Məclisi, 13/222.

[3]. "Əl-Kafi", Şeyx Kuleyni, 5/328 (kitabun-nikah); "Məcməuz-zəvaid", Nurud-din Heysəmi, 4/252.

[4]. "Müstədrəkul-vəsail", Muhəddis Nuri, 14/313.

[5]. "Biharul-ənvar", Əllamə Məclisi, 75/150.

[6]. "Vəsailuş-şiə", Hürr Amuli, 8/592.

[7]. "Vəsailuş-şiə", Hürr Amuli, 8/589.

[8] . Seyid Əli Əkbər Hüseyni, "Ailə əxlaq", s.33.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi