Sosial şəbəkə istifadəçilərinə Hüquqi xəbərdarlıq
"Yazdığınız bir söz sizə təzminata başa gələ bilər, başqa bir söz isə heç bir məsuliyyət yaratmaya bilər. Bəs fərq haradadır, bilirsiniz? Sosial şəbəkələrdən istifadənin artması ilə məhkəmələrdə şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiaların sayı da artıb".
Xəbər verilir ki, bu barədə vəkil Adilə Paşayeva öz sosial media hesabında paylaşımında danışıb.
"Bəs hansı şərhə görə, doğrudan da, məsuliyyət yarana bilər? Gəlin əvvəlcə əsas qaydanı deyim. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu o zaman ləkələnmiş sayılır ki, onun barəsində həqiqətə uyğun olmayan, alçaldıcı məlumatlar, təhqiramiz ifadələr və hərəkətlər yayılsın. İndi isə ən vacib məqam: şərhlərdə yazdığınız hər şey iki hissəyə bölünür. Birincisi, fakt, yəni yoxlanıla bilən iddia. Məsələn, şərhdə yazırsınız: “Bu şirkətlə iş görməyin, onlar dələduzdurlar”. İş məhkəməyə qədər gedərsə, şirkətin həqiqətən də dələduzluqla məşğul olduğunu sübut etmək məhz sizin üzərinizə düşəcək.
İkincisi isə qiymətləndirici mülahizə, yəni sizin rəyinizdir. Onu sübut etmək tələb olunmur. Məsələn, məşhur bir müğənninin yeni mahnısını dinləyirsiniz və şərhdə yazırsınız: “Bu mahnını heç bəyənmədim. Çox qəmgindir və insan onu dinləyəndə sanki yuxusu gəlir”. Burada heç bir təhqir yoxdur, bu, sizin şəxsi qiymətləndirmənizdir.
Amma bir məqama diqqət etmək lazımdır: rəy də sərhədi keçə bilər. Eyni müğənni haqqında “Ondan zəhləm gedir” demək başqa şeydir, “O əxlaqsızdır” demək isə tamam başqa. İkincisi artıq təhqir sayıla bilər. Belə halda sizə qarşı iddia qaldırılarsa, qərar sizin əleyhinizə ola bilər və bir çox faktordan asılı olaraq müəyyən məbləğdə təzminat da ödəyə bilərsiniz. Ona görə də şərh yazarkən sözləri diqqətlə seçin: fakt yazırsınızsa, sübutunuz olsun; rəy yazırsınızsa, sərhədləri keçməyin".
Xədicə BAXIŞLI