Dünyada olan Nəbatət bağlarından fərqli olaraq, Azərbaycanın Nəbatət bağı kommersiya qurumu kimi deyil, elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Paytaxtda yerləşən bu bağ akademik bağdır və ən asas fəaliyyəti tədqiqat işləri aparmaqdır. Burada ekoloji maarifləndirmə istiqamətində də geniş iş aparılır.
Bağa daimi gələnlər üçün abunə sistemi yaradılıb
Nəbatət bağının ərazisi 41 hektardan çoxdur. Bağ 1934-cü ildə yaradılıb. Həmin vaxt bağın 100 hektar ərazidə salınması nəzərdə tutulsa da, sonradan su ilə bağlı problem yarandığından 16 hektar ərazidə yaradılıb. 1950-ci illərdə isə 25 hektardan artıq ərazi də bağa əlavə olunub. Nəbatət bağının sahəsi 20 hektar olan Şamaxı dayaq məntəqəsi də var. Orada isə daha çox badam kolleksiyası saxlanılır. Bağın ərazisində yaşı bir əsrdən çox olan şam ağacları var. Burada daima iş gedir, yeni ağaclar əkilir. Təbii ki, bura həm də mədəni istirahət üçün gözəl guşədir.
Bağın ziyarətçilərə açıq olma müddəti mövsümlə əlaqədardır. Məsələn, yayda gün uzanır deyə bağa giriş üçün müddət çox olur. Qışda isə 09:00-dan 17:00-dək bağı ziyarət edə bilərsiniz. Hazırda isə 09:00-dan 19:00-dək bağ açıqdır. Hava qaralana kimi ziyarətçilər bağı tərk etməlidirlər.
Milli.Az xəbər verir ki, Direktor Vahid Fərzəliyev reportaj zamanı report-un suallarını cavablandırdı, həm də bizə bağın müxtəlif sahələrini görməkdə yardımçı oldu. O deyir ki, bağa giriş haqqı böyüklər üçün 1 manat, kiçiklər üçün 50 qəpikdir. Məktəbəqədər uşaqlar üçün isə pulsuzdur. Bağa daimi gələnlər üçün abunə sistemi yaradılıb, onlar ayda 5 manat ödəyir və bir ay ərzində bağa sərbəst daxil ola bilirlər.
Direktorun sözlərinə görə, bağa gələnlər iki qismə bölünür: daimi ziyarətçilər, təcrübəyə, ekskursiyaya gələnlər. Bağın ziyarətçiləri yazda və payızda daha çox olur. Bağı gündə neçə nəfərin ziyarət etdiyini demək çətindir. Çünki gün ərzində say dəyişir. Hətta elə olur ki, bir gündə 500, 600, 1000 nəfər bağı ziyarətə gəlir. Xüsusilə mayda bitkilərin daha çox çiçək açan dövründə ziyarətçilərin də sayı çoxalır. Amma qış fəslində də bağ ziyarətçisiz qalmır, qışın gözəlliyini sevənlər havanın soyuqluğuna baxmırlar.
Nəbatət bağı xüsusi mühafizə olunan əraziyə daxil olduğundan burada fotosessiya etmək ödənişlidir. Yəni burada fotosessiya etmək istəyirsinizsə, 20 manat pul ödəməlisiniz. Amma bu məbləğ məktəblilərə və tələbələrə aid deyil.
Nəbatət bağının elektron məlumat bazası
Hazırda bağın kolleksiyasına 2500-dən artıq ağac, kol, ot bitkiləri və s. daxildir. Vahid Fərzəliyev deyir ki, hazırda bağın elektron məlumat bazasının yaradılması üstündə işlər gedir. Bağın rəsmi saytında bütün məlumatlar yerləşdiriləcək, bununla da bağda hansı bitkilərin olduğunu bilmək istəyənlər rahat şəkildə məlumat ala biləcəklər. Bu məlumatlarda bitkilərin yerləşmə bazası və koordinatları əks olunacaq. Bitkiləri pasportlaşdıranda həmin bitkinin bağın hansı ərazisində yerləşməsi, bağa nə vaxt və kim tərəfindən gətirilməsi, bağda ümumi sayı, bioloji və ekoloji xüsusiyyətləri də qeyd olunur.
Hazırda bağda ağacların üzərində etiketləndirmə məsələsinə davam etdirilir. Məqsəd gələnləri gördükləri haqqında məlumatlandırmaqdır. Bunun nəticəsində təbiətə sevgi, bitkilərlə tanışlıq yaranır.
Bağbanların ekspedisiyaları
Nəbatət bağının işçiləri yalnız bağda olan işlərlə məşğul olmurlar, onlar həmçinin xarici ölkələrdən, ölkənin digər bölgələrindən bitkilər gətirərək təbiəti zənginləşdirirlər. Direktor deyir ki, ilk növbədə Azərbaycanın təbiətini öyrənirlər. Azərbaycanın müxtəlif ərazilərinə ekspedisiyalar olur və bitkilərlə bağlı vəziyyət öyrənilir. Sonra isə bölgələrə məxsus bitkilər gətirilərək bağda əkilir və çoxaldılır.
Bağa xarici ölkələrdən Azərbaycanın iqliminə uyğun bitkilər gətirilir. Daha çox isə quraqlığa davamlı bitkilərə üstünlük verilir. Çünki belə bitkilərin suya tələbatı az olur.
Nəbatət bağının nadir bitkiləri
Hazırda Nəbatət bağında 130-a yaxın nadir bitki qorunur. Nadir deyəndə yəni təbiətdə sayı azalan, nadir rast gəlinən bitkilər nəzərdə tutulur.
Ziyarətçi turistlər
İlin bütün fəsillərində Nəbatət bağında turistləri görmək olar. Bağda ziyarətçilərə kömək üçün bələdçilər fəaliyyət göstərir. Onlar qrup halında gələn adamlara bağda olan ağac, kol və bitkilər barədə məlumat verirlər.
Direktorun sözlərinə görə, son dövrlərdə, əsasən Novruz bayramı ərəfəsində daha çox iranlı turistlər bağı ziyarət edib. Ümumiliklə Şərq ölkələrindən gələn ziyarətçilər daha çox olur.
Bağın quruluşu
Dünyada olan Nəbatət bağları ya botanik-coğrafi, ya da sistematik prinsiplə qurulur. Yəni bağın müəyyən ərazisində hansısa coğrafi regionun bitkiləri yerləşdirilirsə, bu, botaniki-coğrafi prinsipdir. Sistematik prinsiplə qurular sahələrdə isə yalnız bir bitkiyə aid olan sortlar toplanır. Son dövrlərdə Nəbatət bağında salınan qızılgül və iynəyarpaqlılar bağı sistematik prinsiplə qurulub. Məsələn, qızılgül sahəsində yalnız qızılgül sortları toplanır.
Bağda Azərbaycan, Qafqaz, Talış, Orta Asiya, Şərqi Asiya florasına aid olan ərazilər, şam kolleksiyası, nadir ağac bitkiləri sahəsi var.
İçməli su ilə sulanan bağ
Nəbatət bağı elə ərazidə yerləşir ki, orada texniki su yoxdur, ancaq içməli su var. Təbii ki, içməli su da bahadır, həm də bağın bu su ilə sulanması israfçılıqdır.
V.Fərzəliyev deyir ki, yay aylarında bitkiləri tez-tez sulamaq lazımdır. Amma suyun təzyiqi aşağı düşür, nəticədə bağın müəyyən ərazilərinə su çatdırmaq olmur. Ona görə də müxtəlif qurğulardan istifadə edilir. Məsələn, su hovuzlarından, damcı üsulundan istifadə edilir.
Tikintiyə icazə yoxdur
Direktor deyir ki, bağ xüsusi mühafizə olunan ərazidir, belə ərazilərdə tikintiyə icazə verilmir: "Xüsusi mühafizə olunan ərazilərin bufer zonası olur, həmin ərazilərin sərhədində belə tikinti kimi fəaliyyətlərə məhdudiyyət qoyulur. Çünki hündür binalar günəşin qarşısını alır, havanın hərəkətinə mane olur. Təəssüf ki, bağın ətrafında olan tikintilərə heç bir müdaxilə edə bilmərik. Hazırda bağın ətrafında müxtəlif dövrlərdə tikilmiş binalar var".
Bitki almaq üçün müraciət edənlər
Bağda müəyyən müəssisələrə, məsələn, Akademiyanın institut və təşkilatlarına, məktəblərə, tibb ocaqlarına hansısa bitki lazım olsa, təmənnasız kömək edilir. Direktor deyir ki, bitkilərin satışı fəaliyyətimizə aid deyil: "Amma məhdud çərçivədə bitkiləri almaq üçün bizə müraciət olunur".
Parkinq problemi
Nəbatət bağı Sovet dövründə tikildiyindən parkinq məsələsinə diqqət edilməyib. Hazırda isə parkinq probleminə hər yerdə olduğu kimi, Nəbatət bağında da rast gəlinir. Gələn ziyarətçilər avtomobillərini yolda saxlaya bilmir, bu, ya tıxac yaradır, ya da avtomobili cərimələyə bilərlər. Bağda isə yarana biləcək problem və narahatçılıqlar səbəbindən avtomobil saxlamağa icazə verilmir.
Direktor deyir ki, dünyada Nəbatət bağlarının özlərinin parkinq yerləri olur: "Amma bizim ətrafımızda elə bir yer yoxdur ki, biz həmin ərazini parkinq məqsədi ilə istifadə edə bilək. Amma bu problemin yaxın zamanda həll olunacağına inanırıq. Hansısa ərazini parkinq üçün ayırmağı düşünürük. Hazırda Nəbatət bağının yalnız bir girişi var, gələcəkdə bir neçə girişin olması planlaşdırılır".
Cərimələr
Cərimə məsələsi qanunla tənzimlənir. Bağda il ərzində çox məhdud hallarda cərimələnən olur.
Ziyarətçilər üçün bağda məlumatlandırıcı lövlələr var. Ziyarətçilər, xüsusilə də qrup formasında gələnlər giriş qapısında təlimatlandırılırlar. Bəzən ziyarətçilər bilmədən hansısa zonaya daxil olurlar, o zaman onlara işçilər tərəfindən yenidən qaydalar izah olunur.
Piknik qadağası
Nəbatət bağında piknik də qadağan olunub. Direktor deyir ki, ziyarətçilərin burada piknik etmələrinə qarşıdırlar. Çünki piknik olanda bağı zibilləyirlər. Bura yeyib-içmək yeri deyil, bura mədəni maarifləndirmə ocağıdır. Buranı qorumaq məqsədi ilə bəzi qadağalar qoymağa məcburdurlar.
Amma məktəbli və ya daha kiçik uşaqlar üçün valideynlərin su, yemək götürməsinə qadağa qoyulmur. Elə bağı gəzərkən də bunun şahidi oluruq, bağda hamı gəzir, təmiz hava alır, dincəlir, uşaqlar oynayır. Amma oturub yemək yeyənləri görmədik.
Bağda səhhəti pisləşənlər
Nəbatət bağına gələnlər təmiz hava qəbul etməyə, dincəlməyə gəlirlər. Yəni bura gələnlər səhhətlərinə müsbət təsir olsun deyə bağı ziyarət edirlər. Çox az hallarda bağa təcili yardım çağırılır. Direktorun sözlərinə görə, bağda halı pisləşən çox az olur. Bu da insanların öz məsuliyyətsizlikləri ucbatından baş verir. Məsələn, ürək problemi olan adam çox piyada gəzib, ürəyində problem yaranıb. Amma bağda ölüm halı qeydə alınmayıb.
Onu da qeyd edək ki, bağda ilkin yardım göstərmək üçün şərait var.
Təcrübə sahəsi... Xarı bülbül
Direktor deyir ki, bağda olan nadir nüsxələri çoxaltmaq üçün burada daim iş görülür: "Çünki hər bir canlının müəyyən inkişaf dövrü var. Bu səbəbdən biz çalışırıq ki, bitkilərin ehtiyatını saxlayaq. Kolleksiyada hansı bitkinin sayı azdırsa çoxaldırıq, bəzilərinin çoxaldılma üsullarını öyrənirik. Təcrübə sahələri sınaq üçündür. Bağın təcrübə sahəsində Xarı bülbül də yetişdirilir.
50 ilini Nəbatət bağına həsr edən bağban
Nəbatət bağının 130-a yaxın işçisi var.
Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov 50 ildən çoxdur bu bağda işləyir. Qoca bağban səhər 8-dən axşam 5-dək iş başında olur. O deyir ki, saat 12-dən 1-dək nahar fasiləsidir.
Mütəxəssisin sözlərinə görə, bütün fəsillərdə onların işləri olur: "Təsərrüfatla məşğul olan adam dincəlməməlidir. Hazırda, yəni yaz fəslində işlər daha çox olur. Çünki bitkilərin böyümə və inkişaf vaxtıdır, kolların dibləri açılmalıdır, vaxtlı-vaxtında su verilməlidir".
Qızılgül kolleksiyası sahəsində həm xarici ölkələrin və ölkədə olan qızılgüllərin kolleksiyası toplanıb. Burada xarici ölkələrin 560 qızılgül sortu var.
A.İsgəndərov deyir ki, 2006-cı ildən yeni qızılgül sortları yetişdirirlər. Bağda elm üçün 31 yeni qızılgül sortu alınıb. Mütəxəssis bildirir ki, bir qızılgül sortunu almaq üçün 4-5 il vaxt lazımdır: "Əvvəlcə müxtəlif sortları hibridləşdiririk, alınan toxumları səpirik, onlar cücərir, şitil edirik. 4 ilə yaxın gözləyirik, aldığımız yeni hibrid öz valideynlərindən hansı əlamətlərinə görə fərqləndiyini qiymətləndiririk. Əgər valideynlərindən tamamilə fərqlənirsə, 4-5 ildən sonra onun yeni genotip olduğunu müəyyən edirik, bundan sonra onun haqqında öz qərarımızı veririk".
17 ildir ki, həyatını Nəbatət bağına bağlayan aqronom Rafiq Əliyev deyir ki, bitkilər uşaq kimidir, onlara daim qulluq, diqqət lazımdır: "Fəsil fərqi qoymadan, nə qədər qulluq etsən, o qədər yaxşı məhsul alınacaq. Qızılgül işıq sevən bitkidir, o kölgə olan yerdə keyfiyyətli olmur. Qızılgül əkilərkən işıqlı, açıq sahə olmalıdır. Torpağa, suya, qidalanmağa çox tələbkar bitkidir. Yəni yalnız su verməklə qızılgülü əldə etmək, istədiyin nəticəni almaq çətindir. Bu bitki başqalarından fərqli olaraq qulluq olunmağa çox həssasdır, vaxtında qulluq etməyəndə tez xəstələnir".