Çin hakerləri ABŞ-a hücumlardan vaz keçərək Rusiyadakı hədəflərə yönəliblər
Çinli hakerlər Pekin və Vaşinqton arasında əldə olunan razılaşmadan sonra öz diqqətlərini Rusiya və digər dövlətlərə yönəldiblər.
İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, son 2 il ərzində çinli hakerlərin ABŞ-a qarşı aktivliyi 90% azalıb. İki dövlət arasında bir-birinə qarşı kibercasusluqdan imtinanı nəzərdə tutan razılaşmanın əldə olunmasından sonra haker hücumlarının ciddi şəkildə azaldığı qeydə alınıb. Obama administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ hökuməti hələlik Pekinin razılaşmaya tam əməl etdiyini söyləyə bilməz: “Biz hələ onların fəaliyyətini qiymətləndirməyə davam edirik”.
“FireEye” və kibertəhlükəsizliyin təmin olunması ilə məşğul olan digər şirkətlər isə çinli hakerlər tərəfindən Rusiya, Yaponiya, Cənubi Koreya və Yaxın Şərq ölkələrinə qarşı iqtisadi kibercasusluq fəaliyyətlərinin artdığını qeydə alıblar. “Kasperski Laboratoriyası”nın nümayəndəsi Kurt Baumqartner ötən ilin sonlarından etibarən Rusiya hökumət idarələri və texnoloji şirkətlərinə, eləcə də Hindistan, Yaponiya və Cənubi Koreyadakı hədəflərə qarşı kibercasusluğun gücləndiyini təsdiqləyib.