Musiqi körpələrin nitqini inkişaf etdirir
Vaşınqton Universitetinin (Sietl, ABŞ) alimləri hesab edirlər ki, hər gün musiqi dinləmək uşağın nitq aparatını inkişaf etdirmək baxımından faydalıdır. Onlar sonuncu tədqiqat çərçivəsində müəyyən ediblər ki, musiqi körpələrin koqnitiv qabiliyyətlərinə müsbət təsir göstərir.
Eksperimentdə valideynləri ilə birlikdə 39 nəfər 9 aylıq körpə iştirak edib. Könüllüləri iki qrupa ayırıblar. Birinci qrupda analar öz körpələrini hər gün oyuncaqlarla əyləndiriblər, ikinci qrupun uşaqları isə əsas məşğələlərlə yanaşı, gündə 15 dəqiqə vals ritmində klassik əsərlər dinləyiblər. Valideynləri isə əllərini dizlərinə vuraraq ritm tutublar.
Alimlər 12 seansdan sonra uşaqların beyin fəallığını ölçüblər. Məlum olub ki, müntəzəm musiqi dinləmək baş beynin prefrontal qabığının fəaliyyətini yaxşılaşdırır. Alimlər qeyd edirlər ki, həmin nahiyə nitqin səslənməsinə cavabdehdir. Üstəlik, musiqi duyumu olan uşaqlar musiqi ritminin pozulmasını və ya onun dayanmasını daha tez başa düşürlər.