İlham Əliyev: “Azərbaycanda artıq neftdən sonrakı dövr başlayıb”
90-cı illərin əvvəllərində Azərbaycan üzləşdiyi böhrandan çıxdı, dünya iqtisadiyyatının bir hissəsinə çevrildi.
Xəbərfakt.Az Gün.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IV Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyat yaratdı, ölkəni xarici investorlar üçün açıq elan etdi.
İlham Əliyev bəyan edib ki, hazırda ölkə sabitdir, siyasi və iqtisadi islahatlar davam edir və bunlar paralel şəkildə davam etdirilir.
“Azərbaycanda bütün fundamental azadlıqlar qorunur – ifadə etmək, mətbuat, yığıncaq, dini azadlıq təmin edilir. Bizim azad internetimiz var, heç bir senzura yoxdur, vətəndaşların 70 faizdən çoxu internetdən istifadə edir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir. 2004-cü ildən 2014-cü ilə qədər Azərbaycan iqtisadiyyatı dünyada ən çox inkişaf edən iqtisadiyyat olub”.
İlham Əliyev bəyan edib ki, hazırda Azərbaycan investorları qeyri-neft sektoruna cəlb etmək istəyir.
“Bizim məqsədimiz neft və qazdan asılılığı azaltmaqdır. Neft və qaz gəlirləri bizim ÜDM-in təxminən 30%-ni, büdcə gəlirlərimizin isə təxminən yarısını təşkil edir. Artıq Azərbaycanda neftdən sonrakı dövr başlayıb. Neftin qiymətlərinin 4 dəfə aşağı düşməsindən sonra tamamilə yeni vəziyyət yarandı.
Dünyada heç bir ölkə buna hazır deyildi. Heç kim təsəvvür edə bilməzdi ki, neftin qiyməti bu qədər aşağı düşəcək və bu, cəmi bir il ərzində baş verəcək. Ona görə də biz çox fəal və intensiv şəkildə işləməliydik ki, bu vəziyyəti düzəldək. İndi isə maliyyə vəziyyəti sabitdir”.
Prezident bildirib ki, biz hazırda iqtisadi inkişaf üçün digər sahələri araşdırırıq ki, bunlardan da biri nəqliyyat infrastrukturudur.
“Nəqliyyat şəbəkəsini yaradırıq ki, Azərbaycan gələcəkdə regionda güclü mövqelərə malik olsun. Ümidvarıq ki, bu il biz artıq Azərbaycan-Gürcüstan-Türkiyə arasında dəmiryolunun açılışını edəcəyik. Beləliklə Asiyadan Avropaya ən qısa və ən rahat dəmiryolu olacaq”.
İlham Əliyevin sözlərinə görə, tərəfdaşlarla üzərində iş aparıldığı digər vacib bir marşrut Şimal-Cənub layihəsidir.
“Bunun sayəsində yüklər Pakistan-Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu üzrə hərəkət edəcək. Ümid edirik ki, yaxın zamanlarda bu da işə düşəcək. Bütün bunlar əlavə gəlirlər gətirir ki, bu da bizim dövlətin inkişafına kömək edəcək”.