“Laçın mənim qürur mənbəyimdir” - Hüseyn RƏFİYEV
Azia.az təqdim edir. Onun haqqında çox sözlər deyə bilər,adının qabağına bir çox titulları yazmaq olar- Biznesmen, iş adamı, xeyriyyəçi, Azərbaycan ordusunun ehtiyatda olan zabiti və sair və ilaxır. Ancaq mənə elə gəlir ki, bunların hamısından öndə Hüseynin şəxsiyyəti, insanlığı və 40 il ərzində böyük zəhmət hesabına qazandığı hörməti durur. Lacin.info saytı laçınlı ziyalı, iş adamı “Eldost” inşaat şirkətinin rəhbəri Hüseyn Rəfiyevlə müsahibəni oxuculara təqdim edir.
Qısa arayış: Rəfiyev Hüseyn Oruc oğlu-1979-cu il yanvar ayının 1-də Laçın rayonunun Bozlu kəndində andan olub.Sabunçu rayonunda yerləşən Laçın rayon 3 №-li tam orta məktəbi bitirib. 1996-2000-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. 2000-2004-cü illər ərzində Azərbaycan ordusunda zabit kimi xidmət edib. 2004 -2015-ci illər arası biznes fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən “Eldost” inşaat şirkətinin rəhbəridir. Ailəlidir, 3 övladı var.
“Laçın mənim qürur mənbəyimdir”
-Hüseyn müəllim, xoş gördük! Sizi oxucularımıza yaxından tanıtmaq üçün ilk olaraq özünüz haqqında məlumat verməyinizi istərdik …
-Xoş gördük ! göstərdiyiniz diqqət üçün bir daha təşəkkür edirəm. Əvvəla onu deyim ki, ilk dəfədir ki, mətbuata özüm və işim haqqında bu qədər geniş, bu qədər ətraflı məlumat verirəm. Özümü tanıtmaq üçün bir az uzaqdan başlamaq istəyirəm . Adını daşıdığım rəhmətlik Hüseyn babamadan üzü bəri bizim nəsilimiz Ağdam və Laçında tanınan bir nəsil olub. Mənim ata tərəfim Ağdam rayonundan olublar,ancaq sonradan Laçına köçərək Bozlu kəndində yaşayıblar. 1972-ci ildə dünyasını dəyişən Hüseyn babamın adını mənə veriblər .
“Laçın mənim qürur mənbəyimdir”
“Bu həyatda fəxr edəcəyim yeganə bir şey varsa o da daş ustası Oruc kişinin oğlu olmağımdır”.
-Ailədə 4 qardaş olmuşuq. Atam usta olub, daş ustası.Anam isə evdar qadın . Valdeyinlərimiz bizi zəhmətlə böyütməklə bərabər, həm də zəhmətə alışdırıblar. Elə ona görə də lap uşaqlıqdan biz də çalışmışıq ki, hansısa bir işin qulpundan yapışaraq, ailəmizə dəstək olaq.11-12 yaşımdan zəhmətə qatlaşmışam.Bu günki günümə gəlib çıxmağımda ilk növbədə Allahıma sonra isə atama borcluyam.Həmçinin ailədə atamın verdiyi tərbiyə və üstəgəl böyüdüyüm elin, obanın mənəvi dəyərləri məni bu günə gətirib çıxardıb . Bilirsiz, həytada çox şeyə nail olmaq olar.Çox şeyi qazanmaq, itirmək olar. Amma mənim amalım , mənim məqsədim şəxsiyyətə hörmət üstündə qurulub. Kişi öz şəxsiyyətinə hörmət etməlidir. Mənə görə şəxsiyətin altında o insanın nəsli , kökü, eli-obası və dövləti, dövlətçiliyi durur. Yəni bir kişi öz şəxsiyyətinə hörmət eləmirsə bu saydığım dəyərlərin heç birinə hörmət eləmir.
-Bildiyim qədər bu mərhələyə gəlib çatana qədər çox enişli-yoxuşlu yollar keçmisiniz …
-Bilirsiniz, bu həyatda insanlar nə isə əldə etmək, nə isə qazanmaq üçün müəyyən bir ömür deyim, həyat deyim yaşayırlar.Hər bir insanın taleyində enişli- yoxuşlu yolları var. Fikrimi daha ətraflı çatdırmaq üçün bir az uzaqdan başlayım…
Laçın rayonu işğal olunandan sonra biz Bakıda Sabunçu rayonunda məskunlaşdıq.1992-ci ilin sentyabr ayında 6 –cı sinfə Sabunçu rayonu 155 saylı məktəbə gedəsi oldum. Təsəvvür edin, şəhər mühütinə alışmayan,öyrəşə bilməyən kənd uşağı necə olar ? Eşitmişdim ki, Sabunçuda Laçın məktəbi açılıb, ancaq kimdən soruşdumsa yerini bilən yox idi.Bir gün dedilər ki, Laçın məktəbindən müəllimlər gəliblər və qaçqın uşaqlar ilə görüşmək istəyirlər. İnanın, necə sevinirdim. Bu sevnci təsəvvür edə bilmərsiniz. Günü bu günə qədər elə bir sevinc hissi keçirtməmişəm. Gələnlər Sabunçu rayonunda yerəşən Laçın rayon 3 saylı məktəbdən- Əziz müəllim, Əhməd müəllim və səhv etmirəmsə Osman müəllim idi. Gəlmişdilər ki, öyrənsinlər burada təhsil alan qaçqın uşaqlardan kim Laçın rayon 3 nömrəli məktəbdə oxumaq istəyir.
“Laçın mənim qürur mənbəyimdir”
Baxmayaraq ki, az müddət idi oxuyurdum 155 nömrəli məktəbdə, ancaq , əlaçı idim. Yaxşı oxuyan bir şagird olduğum üçün məktəbin direktoru mənim getməyimə razılıq vermək istəmirdi. Həmin an gözlərim doldu. Əhməd müəllimin qolundan yapışdım ki, məni aparın. İnanın, 155№-li məktəbdə mənə heç kimin maneçiliyi yox idi, ancaq Laçın ruhu məni çəkirdi və bu istəyin arxasınca Laçın rayon 3 nömrəli məktəbə getdim. O məktəb mənim həyatımda böyük rol oynadı. Ələdə elədiyim uğurların bir hissəsini də 3 saylı məktəbin müəllimlərinə borcluyam.
Bir şeyi xüsusi ilə qeyd etmək istəyirəm ki, məktəb illərində nə əldə etmişəmsə onun başında mənim ibtidai sinif müəllimim Hacif müəllim durur. Laçın rayon Bozlu kəndində yeganə sinif bizim sinif oldu ki, Hacif müəllim bu sinfi götürdü və ondan sonra müəllimlik etmədi. Onun öyrətdikləri, qoyduğu bünövrə bizim şagird həyatımızda çox əhəmiyyətli rol oyandı və nəticədə bizim sinfimizdə olan 22 uşaqdan on doqquzu ali məktəbə , iki nəfəri isə texniki peşə məktəbinə qəbul olundu .Bütün bunların hamısı Hacif müəllimin sayəsində idi.Çünki bünövrəni o qoymuşdu.
1990-cı illərdə Sabunçu rayonu çox kriminal bir rayon idi. Hər adam burada baş çıxarda bilmirdi. Ancaq bütün bunlara baxmayaraq bizim atamız bizə çox etibar edirdi. Həmişə qonşular deyəndə ki, Hüseyn, Yalçın, Elçin, Üzeyir ( qardaşların nəzərdə tutur-red.) filan yerdə idilər, fialnkəslə gördük və sair. Rəhmətlik atam deyirdi ki, mən övladlarıma inanıram. Mən onlara o tərbiyəni verməmişəm ki, gedib kiməsə qoşulsunlar. Bax atamın o etibarı, güvənməyi bizə stimul verdi ki, o dövürdə iqtisadi cəhətdən zəif olan bir ölkədə, insanların pul üçün, dolanışıq üçün hər yola əl atdığı bir zamanda biz yolumuzu azmadıq. Allaha şükür ki, aza qane olaraq nəyə gücümüz çatdısa onunla yaşadıq. İşləyə -işləyə 1996-cı ildə Azərbaycan Texniki Universitetinə qəbul olundum və tələbliklə bərabər yenə də işimi davam etdirdim. O vaxt Rusiyadan gələn qatarlar 28 May dəmiryol vağzalında dayanırdı və biz o qatarlardan çay, sabun və başqa mallardan alaraq , aparıb Sabunçu bazarında satardıq. Ali məktəbi başa vurandan sonra 2000-ci ildə zabit kimi hərbi xidmətə başladım. Sərhəd bölgəsində xidmət eləmişəm. Bir nünansı qeyd eləmək istəyirəm ki, ilyarım tamam olduqdan sonra biz tərxis olunmağımız barədə ərizə yazmalıydıq, ancaq laçınlı olmağım və torpağımın hələ də işğal altında qalmağı hissi məni utandırdı. Fikirləşdim ki, hal-hazırki vəziyyətdə mənim ərizə yazıb ordudan getməyim düzgün olmaz və bu utanc hissi məni məcbur elədi ki, 4 il ordumuzda qalıb zabit kimi xidmət edim. 2004-cü nazirin əmri ilə baş leytenant rütbəsində ordudan tərxis olundum. Ondan sonra iş həyatım başladı. Müəyyən sahələrdə özümü sınadıqdan sonra inşaat sahəsi mənə daha maraqlı gəldi və hesab elədim ki, bu işin arxasınca getmək olar. Beləcə 2004-cü idən fiziki şəxs kimi fəaliyyətə başladım. Türkiyədən, Rusiyadan, Çindən inşaat malları alıb, satmaqla məşğul olmağa başladım. Bu proses 2015-ci ilə kimi davam etdi.
Prezidentimizin iş adamlarına dəstəyi və qeyri-neft sektoruna ayırdığı diqqət mənə stimul verdi ki, “Eldost” inşaat şirkətini yaradım. Cənab prezdentin iş adamlarına verdiyi dəstəyin nəticəsini biz vergidə də, gömrükdə də gördük ki, bu da bizim önümüzü açdı. Məhz bunun nəticəsində 1 il ərzində işə 10 işçi qəbul elədim. Onlar rəsmi qaydada əmək haqqı alır, sosial xərcləri ödənilir . Bir sözlə 10 iş yeri aça bildik. Bir daha qeyd edim ki, bu mənim səriştəmin sayəsində olmadı,dövlətimizin, cənab prezidentin dəstəyi nəticəsində baş verdi. Ölkə rəhbəri iş adamlarının qarşısında yaradılan maneləri aradan götürdü.Məhz bunun nəticəsidir ki, mən iki il ərzində on illik fəlaiyyətimdən çox dövlətimizə vergi ödəmişəm. Fürsətdən istifadə edib bir daha cənab prezidentə öz təşəkkürümü bildirirəm,bizim sahədə, bizə dəstək olan hər bir nazirə, hər bir məmura minnətdram ki, biz iş adamlarına belə bir şərait yaradılıb. İnandırım sizi ki, o dəstəyin 5 dəfə artığını biz iş adamları xalqımıza qaytarmağa hazırıq və edirik.
“Laçın mənim qürur mənbəyimdir”
Gördüyüm və elədiyim işlərdən çox danışmaq istəmirəm. Sadəcə bir məsələni vurğulamaq istəyirəm ki, bu həyatda insan üçün qalan onun qoyub getdiyi pul-para deyil, övladına verdiyi təhsil və cəmiyyət üçün yetişdirdiyi əxlaqlı övladlardır. Necə ki, atam məni yetişdirib, mənim də arzum odur ki, 3 övladımı cəmiyyət üçün xeyirli bir insan kimi yetişdirim.Hacı Zeynalabdin Tağyevdən tutumuş bu günə qədər Azərbaycanın iş adamları arasında çox xeyirxah insanlar olub. Bu gün mən də iş adamı kimi, xalqımızın hansısa nümayəndəsinə gücüm çatan qədər yardım etməyi özümə borc bilirəm. Bir şeyi xüsusi ilə vurğulmaq istəyirəm ki,bu həyatda pul yığıb varlanmaq üçün yaşamıram. Bu mənim yaşam tərzim deyil. Bir daha qeyd etmək istəyirəm ki, nə etmişəmsə ilk olaraq Allaha xatir, ikincisi isə dövlətimizə, xalqımıza dəstək üçün etmişəm.
-Hüseyn müəllim, bir az laçınlı günlərə qayıdaq . Necə xatırlayırsınız o günləri?
-Çox yaralı yerimdən sual verdiniz . Bəlkədə yaşımla əlaqədar böyük çıxar sözüm. Çünki Laçını məndən daha çox görənlər olub. Ancaq bir şeyə əminəm 1979-1992-ci illər arasında elə bil Laçında 100 il yaşamışam. Bilirsiz, bu nəyin müqabilində olub? Bir az əvvəl dediyim kimi zəhmətkeş bir ailədə böyüməyimin sayəsində. Doğulduğum kəndin hər tərəfini qarış –qarış gəzmişəm. Bu gün o uşaq hafizəmdə qalanları xatırladıqca böyük bir torpağın oğlu olmağımla fəxr edirəm. Laçın mənim üçün qürur mənbəyidir. Əvvəldə dediyim kimi insanın böyüməsində, formalaşmasında doğulduğu torpağın xüsusi önəmi var elə ona görə də Laçın və Qarabağ mənim qürür mənbəyimdir.
“Laçın mənim qürur mənbəyimdir”
-Görüşümüz sizin 40 yaşınız ərəfsində baş tutdu. Hüseyn Rəfiyev bu qırx il ərzində itirdikləri çoxdur, yoxsa qazandıqları?
-Hüseynin 40 il ərzində qazandıqları çox olub. Bilirsiz ,niyə çoxdur ? Öncə onu deyim ki, bu yerə gəlib çatmaq üçün Hüseyn həmişə öz ayağı üstə durub. İndi sizinlə danışa –danışa arxaya , keçdiyim yola uşaqlığıma, tələbəlik dövrümə , hərbi xidmətimə və indiki vəziyyətimə baxıram. Sadə bir məsələni deyim 15 ildir ki, tərxis olunmuşam ordudan .O vaxtlar mənim tabeçiliymdə xidmət edən əsgərlər bu gün də qarşılaşanda mənə komandir, rəis deyə müraciət edirsə bu Hüseynin qazancıdır. Maddiyatı qoyuram tam kənara. Onu verən Allahdır. Ancaq bəzi dəyərlər var ki, onlar insanın şəxsiyyətindən, həyat tərzindən formalaşır. Bu gün “Eldost” şirkətində işləyən 10 nəfər və onların ailəsində olan 4- 5 nəfər buradan çörək qazanırsa, ailəsini dolandırırsa demək mən 50 nəfərin dolanması üçün vasitəçiyəm və bu mənim qazancımdır. Bir Laçınlı olaraq,daş ustası Oruc kişinin oğlu olaraq bugünkü gün atamın, nəslimin, elimin,obamın başını aşağı eləməmişəmsə bu qazancdır. Dünyanın 11-12 ölkəsini gəzmişəm. Bu ölkələrdə azərbaycanlı olaraq , Azərbaycan dövlətinin vətəndaşı olaraq dövlətimizin atributlarını və millətimizi aşağılaycaq hər hansı bir hərəkət elməmişəmsə bunlar mənim üçün böyük qazancdır. Deyirlər ki, daş düşdüyü yerdə ağır olur. Bəlkə də Laçın yerində olsaydı mən bu elədiklərimdən 10 qat artığını edə bilərdim.İnanıram, mütləq biz Laçına qayıdacağıq və bu gördüyümüz işlərdən 10 dəfə artığını orada görəcəyik.
Siyavuş ƏMİRLİ
P.S. Bu gün Hüseyn Rəfiyevin doğum günüdür. Lacin.info saytının kollektivi adından Hüseyn müəllimi təbrik edir, işlərində müvəffəqiyyət arzulayırıq!